1983-cü il avqustun 31-dən sentyabrın 1-nə keçən gecə SSRİ-nin Kamçatka yarımadasına, az sonra isə Saxalinin hava ərazisinə icazəsiz daxil olan naməlum təyyarə aşkarlandı. Onu yerə endirmək üçün havaya sovet qırıcıları qaldırıldı və yad təyyarəyə ən yaxın aeroportda enmək əmri verildi. Bəlli oldu ki, radar ekranlarında ABŞ-ın “RC-135” kəşfiyyat təyyarəsi kimi görünən bu obyekt, əslində, “Boinq-747” markalı adi sərnişin təyyarəsi imiş…
Qırıcılardan verilən təkidli enmək əmrinə baxmayaraq, “Boinq” SSRİ ərazisi üzərində qanunsuz uçuşunu davam etdirirdi. Ekipacı yerə endirmək üçün bütün üsullar nəticəsiz qaldıqda yad təyyarə havada vuruldu. Nəticədə Cənubi Koreyaya məxsus olan, Nyu-York–Seul reysi ilə uçan bu sərnişin təyyarəsində 269 günahsız insan həlak oldu…
Artıq ertəsi gün bütün dünya ictimaiyyəti ayağa qalxdı, yolunu azaraq marşrutdan yayınmış sərnişin təyyarəsinin vurulmasına etiraz dalğaları Yer üzünü bürüdü. ABŞ prezidenti Ronald Reyqan SSRİ-ni “şər imperiyası” adlandıraraq konqres qarşısında hərbi xərclərin artırılması tələbini qoydu və buna da nail oldu…
Bu olayda qaranlıq məqamlar çox idi. Görəsən, hadisə əslində necə baş vermişdi? Necə olmuşdu ki, iri, ən müasir naviqasiya qurğularıyla təchiz olunmuş, təcrübəli pilotların idarə etdiyi təyyarə yolunu azmışdı?..
Sıra nömrəsi 007 olan bu reys havaya Nyu-York aeroportundan qalxmış, Alyaskadakı Ankoric hava limanına da qrafik üzrə enmişdi. Orada təyyarəyə texniki baxış keçirilmişdi. Bu layner hələ təmirədək uçmalı olduğu məsafəni yarılamamışdı deyə “cavan” sayılırdı və cəmi üç həftə öncə ona qrafik üzrə tam texniki xidmət göstərilmişdi.
Təyyarə bu dəfə də bütün yoxlamalardan normal çıxdı. Onun bir-birindən asılı olmadan fəaliyyət göstərən dörd naviqasiya sistemi mükəmməl çalışırdı. Kompaslarından birində əhəmiyyətsiz bir yayınma müşahidə olunsa da, ikinci cihaz tam dəqiq işləyirdi…
Ankoric limanında təyyarənin uçuş heyəti dəyişdi. Sənədlərə əsasən, 18 nəfərdən ibarət heyət təyyarədən endi, əvəzinə isə 29 nəfər mindi. Bu əlavə insanlar kimlər idi, onların təyyarədə nə işi vardı? Bunu aydınlaşdırmaq isə mümkün olmadı. Amma bəlli olan bu idi ki, həmin reysdə həmişəki kimi 350 nəfər yerinə 240 sərnişin uçurdu…
Daha bir maraqlı ştrix: Seula uçan bu təyyarənin ekipajı həmişəki kimi sığorta olunmuşdu. Amma bu dəfə sığortanın məbləği adətən olduğundan qat-qat artıq idi. Sonradan mətbuata çıxan bu fakt bir çox mətləblərdən xəbər verəcəkdi…
Yeni ekipajın komandiri Jənubi Koreya hərbi hava qüvvələrinin ehtiyatda olan polkovniki, ölkənin ən təcrübəli pilotlarından sayılan Çun Bun Sun idi. O, Ankoric–Seul xəttində yeni deyildi, düz 5 il idi bu marşrutla uçurdu, təyyarəni, necə deyərlər, lap “gözüyumulu” da mənzilbaşına çatdıra bilərdi. Komandir naviqasiya avadanlığını o dərəcədə yaxşı bilirdi ki, onun adını iş yoldaşları “kompüter-adam” qoymuşdular. Hərbi paradlardakı nümayiş uçuşlarında daim iştirak edən Çun Bun Sunun 10 min saat uçuş balansı vardı.
Təyyarənin ikinci pilotu Son Dön Vin də yüksək səviyyəli mütəxəssis kimi qiymətləndirilirdi. Bu ikisindən savayı, həmin “Boinq”in daha bir “pilotu” da vardı – MNS (məlumat naviqasiya sistemi).
Bu sistem XX əsrin elektronika sahəsindəki ən yüksək nailiyyətlərindən sayılırdı. Sistemə bir-birini yoxlayan üç kompüter daxil idi. Onların ikisindən biri sıradan çıxsaydı, təyyarənin idarə olunmasını üçüncü kompüter öz üzərinə götürəcəkdi. Bu avtomatik idarəetmə sisteminin maksimal yanlışlığı 5000 mil məsafədə 1 mildən artıq deyildi. Ağıllı kompüterlərin fəaliyyətində insan amilini minimuma endirmək üçün bütün naviqasiya proqramları operator komandasıyla deyil, hazır disketlər vasitəsilə çalışırdı. Baş pilot uçuşdan qabaq əsas kompüterdəki proqram diskini işə salır, köməkçilər isə onun verdiyi göstəriciləri digər iki kompüterdə tutuşdururdular.
Ankoricdə də bu prosedur icra edildi, amma onun müddəti nədənsə həmişəkindən 40 dəqiqə artıq sürərək həm ekipajı, həm dispetçerləri, həm də sərnişinləri nigaran qoydu…
Bu sadalananlardan savayı, daha bir qeyri-adi, izahı mümkün olmayan hadisə baş vermişdi. Bu isə təyyarəyə yanacaq doldurulmasıyla əlaqədar idi. Adətən, uçuş üçün zəruri yanacağın həcmini kompüterlər hesablayır. Bu hesablama zamanı ağırlıq, sürət, çəki, küləyin səmti və gücü, havanın temperaturu nəzərə alınır və həmin rəqəmin üzərinə ekstremal vəziyyətlər üçün ehtiyat faiz gəlir. Hesablama printerdən çıxarılaraq uçuş planına əlavə edilir. Pilotlar isə bu hesablamalara heç vaxt müdaxilə etmirlər. Lakin həmin gün Çun Bun Sun gözlənilmədən kompüterin hesablaması üzərindən xətt çəkərək yanacağın düz 5 ton artıq tökülməsini tələb edir və xidmət personalı da bu tapşırığı yerinə yetirir… Beləliklə, Ankoricdən havaya qalxanadək müşahidə olunan qəribəliklərə əsasən, təxmin etmək mümkün idi ki, bu reys həmişəkilərdən fərqli olacaq
Şübhə doğuran amilləri bir də qısaca nəzərdən keçirək: ekipaj üzvlərinin sayca çoxluğu; sərnişinlərin həmişəkindən az olması; ekipajın həmişəkindən daha yüksək məbləğə sığortalanması; uçuşun proqramlaşdırılması işinin 40 dəqiqə uzun sürməsi və nəhayət, təyyarəyə 5 ton artıq yanacaq vurulması…
Burada daha bir detalı da qeyd edək ki, 007 nömrəli reyslə uçan təyyarə Ankoric limanından qalxdıqdan 7 dəqiqə sonra oradan 015 nömrəli reyslə Seula uçan daha bir təyyarə havaya qalxdı və bu iki təyyarə yolları ayrılanadək marşrutun çox hissəsini yanaşı keçdi.
Onu da vurğulayaq ki, həmin “Boinq” elektron idarəetmə sistemindən savayı, digər naviqasiya vasitələriylə, o cümlədən yerüstü radiomayaklara köklənən naviqasiya qurğuları ilə də təchiz olunmuşdu. Belə radiomayaklardan biri də Ankoricin cənub-qərbindəki Betel qəsəbəsindəydi…
ABŞ-ın əlaqədar orqanları hadisədən sonra 007 reysi ilə bağlı sənədlərlə SSRİ nümayəndələrinin tanışlığına imkan yaratmadılar. Amma bəzi mətləblər lap üzdə idi və onları gizlətmək mümkün deyildi; məsələn, müəyyən edildi ki, layner Ankoricdən havaya qalxan kimi kursdan yayınmağa başlayıb. Startdan 50 dəqiqə sonra 007 məruzə elədi ki, Betel qəsəbəsi üzərindən keçir. Amma, əslində, təyyarə marşrut xəttinə nisbətən 18 km şimaldan keçmişdi. Belə düşünmək olar ki, bu qədər böyük məsafə üçün 18 km yanlışlıq əhəmiyyətsiz məsələdir. Amma nəzərə alsaq ki marşrutdan cəmi 10 kilometr yayınmaqla layner SSRİ səmasına daxil olacaq, onda vəziyyət dəyişir.
“Boinq”in uçduğu zona naviqasiya xəritələrində qalın xətlə göstərilən yasaq ərazilərə düşürdü. Xəritələrdə həmin xətt boyunca mütləq belə bir xəbərdarlıq olur: “Diqqət! Təyyarə xəbərdarlıqsız atəş açıla bilən zonaya yaxınlaşır”.
Əgər təyyarə kompüterlərin hesabladığı kursdan yayınmasaydı, Betel qəsəbəsinin 100 metrliyindən keçməliydi. Avtopilotun da həmin məsafədə maksimal yanlışlığı 100 metrdən artıq ola bilməzdi. Nəticədə istər-istəməz belə bir versiya meydana çıxır: pilot radionaviqasiya vasitələrini bilərəkdən söndürərək təyyarəni özü idarə edibmiş! Təyyarə Alyaska yarımadasının hava məkanını tərk edərkən radarlar çıxış nöqtəsinin tamam fərqli olduğunu da göstərib və ekipajın bunu görməməsi heç cür mümkün deyil.
Bütün bu sadalanan faktlardan belə bir məntiqi nəticə çıxır ki, uçuş üçün bilgisayar proqramlarına dəyişiklik edilibmiş. Şübhəsiz, bundan ekipaj rəhbərliyinin mütləq xəbəri olmuşdur. Hüquq diliylə desək, pilotların hərəkətində cinayətkar məsuliyyətsizlik, ehtiyatsızlıq, diqqətsizlik yox, cinayətkar qərəz və məqsəd vardı. Bunu sübut edən digər məqam da Betelin üzərindən keçdikdən sonra yerüstü xidmət postlarına bilərəkdən verilən yalan məlumatlar idi. Bu yalanlar o müəmmalı uçuşun son dəqiqələrinədək davam etdi…
Qeyd etdiyimiz kimi, yolun böyük hissəsini 007 və 015 təyyarələri yanaşı uçurdu. Amma nədənsə 007 özü də eyni təchizatlara malik olmasına baxmayaraq, məlumatlarını yerə 015-in radiotəchizatından retranslyator kimi istifadə etməklə çatdırırdı. Pilotlar koordinatları səhv söyləməklə yanaşı, küləyin sürətini də artıq göstərirdilər, halbuki onlardan 1 dəqiqəlik məsafədə uçan 015 obyektiv məlumatlar verirdi…
015-dən 007-nin yeri haqda xidmət postlarına növbəti məlumat daxil olduqda “Boinq” faktik olaraq 240 kilometr şimalda idi və Kamçatkaya çatmasına cəmi 180 kilometr qalmışdı, belə olduqda sahil xətti radar ekranında mütləq görünməli idi…
Elə həmin an bu cinayətkar oyuna ABŞ-ın “RJ-135” markalı kəşfiyyat təyyarəsi də qoşuldu. Onun 007 ilə görüşü Komandor adalarından şimalda baş tutdu. Ora çatmaq üçünsə 007-nin kapitanı Çun elektron idarəetmə sisteminin komandalarına məhəl qoymadan kursu bir də dəyişməli idi…
Sovet hava hücumundan müdafiə hissələrinin radarlarında 007-nin siqnalı saat 15:51-də göründü və 10 dəqiqədən sonra “RJ-135”in siqnalıyla birləşdi. Təyyarələr 10 dəqiqə yanaşı uçaraq lokatorun ekranında bir nöqtə kimi göründü. Sonra təyyarələrdən biri dönərək ekrandan çıxdı, digəri isə Kamçatka istiqamətində yoluna davam etdi. Ekrandan SSRİ-yə tərəf məhz hansı təyyarənin uçduğunu müəyyən etmək isə mümkün deyildi…
Sovet hərbi bazasında birincidərəcəli döyüş hazırlığı elan olundu və təyyarə 16:30-da Kamçatka ərazisinə girdikdən 2 dəqiqə sonra qırıcılar havaya qaldırıldı. Bəs niyə yad təyyarənin Kamçatka üzərində uçuşuna elə həmin dəqiqə son qoyulmadı? Bu haqda isə yalnız fərziyyələr mövcuddur. Bu səbəbdən biz onların müzakirəsinə vaxt ayırmadan daha obyektiv olan faktlara müraciət edək.
Kamçatka səmasında “Boinq” 38 dəqiqə qaldıqdan sonra Oxot dənizi üzərinə çıxaraq Saxalin istiqamətində uçur. Bu vaxt artıq Uzaq Şərqin bütün sovet bazalarında döyüş həyəcanı elan olunmuşdu. 007 Saxalinə yaxınlaşdıqda havadakı sovet qırıcıları onunla beynəlxalq qəza tezliyində radio əlaqəsi saxlamağa çalışır, amma kapitan Çun buna heç bir məhəl qoymur. Nəticədə gərginlik artaraq kulminasiya nöqtəsinə çatır…
Daha bir neçə dəqiqə belə keçsəydi, SSRİ sərhədini pozan təyyarə ölkənin hava məkanını “cəzasız” tərk edəcəkdi. Təyyarəni ya enişə məcbur etmək, ya da vurmaq lazım idi. Lakin görünür, yad təyyarənin vurulması haqqında hələ ki əmr verilməmişdi. Çünki belə bir əmr verilmiş olsaydı, qırıcılardakı pilotlar tərəddüd etmədən yad təyyarəni vuracaqdılar…
Hadisədən bir müddət sonra sovet təyyarəçilərindən biri televiziyaya verdiyi müsahibədə həmin ağır dəqiqələri belə xatırlayırdı: “O düz bizim bazanın üstündən keçirdi. Mən yaxınlaşıb ona qırıcımın yan işıqlarını göstərdim. Təbii ki, təyyarədəkilər bu işıqları görməliydilər. Sonra pulemyotdan “Boinq”in düz qarşısına trasserlə (uçarkən trayektoriyası alovundan bəlli olan xüsusi güllələr – red.) bir neçə qısa atəş silsiləsi yağdırdım. Bu güllələrin alovu bir neçə kilometrdən görünürdü. Mən həm də enmək işarəsi vermək üçün mütəmadi olaraq təyyarəmin qanadlarını yelləyirdim. Onlar bütün bunları mütləq görməliydilər…”
Lakin “Boinq”in lap yaxında yerə enməsi üçün müasir təyyarə meydanı olmasına, qırıcıların ekipaja dəfələrlə “En!” əmri verməsinə baxmayaraq, kapitan Çun tabe olmadı. Əksinə, o, anlaşılmaz manevrlər etməyə başladı. Belə ki, “Boinq” sürətlə enməyə başlasa da, sonra qəflətən göyə qalxdı. Bu zaman qırıcı təyyarə də sərhəd pozucusunun hərəkətlərinə təxirə salmadan reaksiya verdi…
Saat 18:22:20-də komanda mərkəzinə məlumat verildi: “Raketlər buraxıldı”.
Bundan 2 saniyə sonra isə efirdə daha bir məlumat səsləndi: “Hədəf məhv edildi”.
Beləcə, 007 reysi “başa çatdı”. Təyyarə Moneron adası yaxınlığındakı ərazidə suya düşdü…
Təbii ki, həmin təyyarədə olan günahsız insanların həlak olması hamını kədərləndirdi. Çünki onlar kiminsə bilərəkdən atdığı məkrli bir addımın, qərəzlə həyata keçirilən kəşfiyyat əməliyyatının qurbanı olmuşdular…
Bu uçuşun məhz kəşfiyyat məqsədilə həyata keçirildiyi isə SSRİ kəşfiyyatı tərəfindən ortaya qoyulan danılmaz faktlardan sonra kimsədə şübhə doğurmadı. Bu faktlardan yalnız birini diqqətinizə yetirmək istərdik.
Bəlli olmuşdu ki, 007 reysiylə uçan sərnişin təyyarəsi SSRİ üzərində olanda amerikalıların “Ferret-D” adlı casus peyki Yer ətrafında “Boinq”in real uçuş marşrutu ilə üst-üstə düşən 3 dövrə vurmuş və təyyarədən ötürülən kəşfiyyat məlumatlarını qəbul etmişdi. Peykin həmin dəqiqələrdə məhz Çukotka, Kamçatka, Saxalin üzərindən keçməsini bütün lokatorlar göstərmişdi.
Mən bu kəşfiyyat məlumatı ilə hadisə vaxtı sovet ordusunda zabit qismində həqiqi hərbi xidmət keçdiyim üçün tanış oldum. Bizim hərbi hissə də kəşfiyyatla məşğul olduğundan belə xidməti məlumatları müntəzəm alırdı. Elə onda öyrəndim ki, amerikalılar son dərəcə təhlükəli bu əməliyyat vasitəsilə bizim radiolokasiya sistemlərinin vəziyyətini, hərbi aviasiyamızın döyüş hazırlığını yoxlayırmışlar…
Bu məlumatı oxuyarkən keçirdiyim hisslər yaxşı yadımdadır. Sarsılmışdım… Çünki siyasətçilərin və hərbçilərin öz məqsədlərinə çatmaq üçün hansı yollara əl atdığını anlamışdım…
ABŞ təyyarənin vurulacağına yüz faiz əmin idi və hadisənin bu məcraya düşməsini, bəlkə də, səbrsizliklə gözləyirdi, çünki elə ertəsi gün spontan yox, məhz mütəşəkkil antisovet kampaniyası başlandı, “soyuq müharibə”nin artıq başa çatmalı olduğu ərəfədə Reyqan administrasiyası konqresdən yeni nəsil kimyəvi və bakterioloji silahların, uzaqmənzilli raketlərin istehsalı üçün əlavə vəsait aldı…
Bu acınacaqlı olayla bağlı bəzi sualların cavabı bu gün də qaranlıq olaraq qalmaqdadır. Lakin hadisədən az sonra mətbuata çıxmış bir informasiya şəxsən mənim üçün bütün sualların cavabı idi:
“Koreya sərnişin təyyarəsinin məhv edilməsiylə bağlı həqiqətlərin açıqlanması cəmiyyəti”nin keçirdiyi mətbuat konfransında Yaponiyanın hərbi jurnalisti Akio Yamakava xəbər verdi: “Prezident Reyqan özünün insidentlə bağlı ilk bəyanatında “RJ-135” kəşfiyyat təyyarəsinin yalnız uçuşun lap əvvəlində 007 reysiylə yanaşı hərəkət etdiyini söyləmişdi. Amma amerikalıların Yaponiya müdafiə qüvvələrinin qərargahına təqdim etdiyi materiallarda “RJ-135” təyyarəsinin hadisədən cəmi 8 dəqiqə əvvəl “Boinq”in yanından çəkildiyi bəlli olur…”
Həmin materiallar sonradan çoxaldılaraq Birləşmiş Millətlər Təşkilatında təmsil olunan bütün ölkələrin nümayəndə heyətlərinə göndərilmişdi. Əsl həqiqətin əsas konturları da məhz ABŞ prezidentinin söylədiyi həmin “kiçik” yalandan sonra hamıya aydın oldu…
Turan