Ədəbiyyat Seyid Ramin

100 ilin tənha yazıçısı – Qabriel Qarsia Markes

“Mən cəsarətsizliyim üzündən yazıçı olmuşam. Halbuki anadan sehrbaz doğulmuşdum, lakin fokus göstərərkən özümü elə itirirdim ki, axırda ədəbiyyat aləmində gizlənməyə məcbur oldum. Hər iki peşə məni çoxdankı arzuma çatdırır – məni dostlarıma daha çox sevdirir. Yazıçılıq mənim üçün əziyyətli işdir. Mən səkkiz saat ərzində güc-bəla ilə yarımca səhifə yazıram. Yazdığım hər bir sözlə döyüşürəm, lakin, təəssüf ki, bu döyüşlərdən çox vaxt SÖZ qalib çıxır”.

Bu sözləri kolumbiyalı yazıçı, jurnalist, ictimai xadim və ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Qabriel Qarsia Markes keçdiyi yaradıcılıq yolu haqqında danışarkən deyir. Yazıçı onu da qeyd edir ki: “Mən heç vaxt ədəbiyyat barədə fikir yürütmürəm, çünki onun nə olduğunu bilmirəm və əminəm ki, ədəbiyyat ümumiyyətlə olmasaydı belə, dünya zərrə qədər də dəyişməzdi. Amma polis olmasaydı, dünya tamam başqa cür olardı…”

Qabonun tənha keçən uşaqlığı

Qabriel Qarsia Markes 1927-ci il martın 6-da Kolumbiyanın Arakataka şəhərində teleqrafçı ailəsində dünyaya göz açmışdır.

Ailədə 16 uşaqdan ən böyüyü olan Qabriel (Qabo) hələ balaca ikən valideynləri Arakataka şəhərini tərk edərək başqa şəhərə köçmüş, yazıçını da babası polkovnik Nikolas Rikardo Markes Mexia İquaranın himayəsində qoymuşlar. Markesin 1899–1903-cü illərdə vətəndaş müharibəsində iştirak etmiş babası bu zaman artıq təqaüdçü idi. Markes özü o vaxtları belə xatırlayır:

“Babam – polkovnik Nikolas Rikardo Markes Mexia çox gözəl insan idi. Mən onun evində böyümüşəm. Mənə iştirakçısı olduğu vətəndaş qarşıdurmasından danışar, hər şeyi izah edərdi. Mən də bir-birinin ardınca ona suallar yağdırardım. Polkovnik Markes məni anlayan yeganə yaxınım idi. Uşaqlıq və yeniyetməlik illərində xeyli fantaziya qurar, hadisələr uydurar və tez-tez özümü xəstəliyə vurardım. Bunları etməkdə yalnız bir məqsədim vardı: həyatı daha maraqlı etmək və ona çalar qatmaq. Əvəzində məni məzəmmət edib “gopçusan” deyirdilər. Təkcə babam bu fantaziyalara görə məni heç vaxt məzəmmət etməzdi. Görünür, balaca “gopçu”da gələcəyin yazıçısına xas əlamətlər sezibmiş. O vəfat edəndə səkkiz yaşım vardı. Nə qədər qəribə görünsə də, sizə bir məsələni açmaq istəyirəm: indiyədək yazdığım bütün əsərlər həmin vaxt məndə və məni əhatə edən dünyada nə baş verdiyini təsvir etməkdən başqa bir şey deyildir”.

1940-cı ildə Arakataka şəhərini tərk edərək təhsil almaq üçün Sapakiri şəhərinə gedən 12 yaşlı Qabo ilk dəfə yazmağa da elə bu şəhərdə olarkən başlayır. 1940–42-ci illərdə Barrankiledə San-Xose adlanan məktəbdə təhsilini davam etdirən yazıçı məktəb qəzeti üçün yazılar yazmağa başlayır. O, 1943-cü ildə təhsilini yenidən Sapakiridəki kollecdə davam etdirir. Poeziyaya olan marağı onu o vaxt Sapakiridə təşkil edilən “Daş və səma” adlanan ədəbi qrupa gətirir.

1946-cı ildə Markes kolleci bitirərək Boqotada yerləşən Kolumbiya Milli Universitetinin hüquq fakültəsinə daxil olur.

Markesin “Üçüncü sadəlik” əsəri

Markesin qələmə aldığı ilk nəsr əsəri 1947-ci ildə “El-Espektador” qəzetində dərc edilir. Bəzi ədəbiyyat tənqidçilərinin fikrincə, Markes “Üçüncü sadəlik” adlanan bu əsəri yazıçı Frans Kafkanın təsiri ilə yazmışdır.

1948-ci ildə Kolumbiyada vətəndaş müharibəsi başlayan vaxt Markes Boqotadan Kartaxena de las-İndias şəhərinə gedir. O buradakı yerli universitetlərin birində təhsilini davam etdirir və eyni zamanda “Universal” adlanan qəzetdə jurnalistlik fəaliyyətinə də başlayır.

1950-ci ildə Markes Kartaxena de las-İndias şəhərindən Barrankiloya köçür və buradakı “El-Eraldo” qəzetində çalışmağa başlayır. Bununla yanaşı, o, “Xronika” adlı həftəlik qəzetlə də əməkdaşlıq edir. Bu müddət ərzində Markes tamamilə hüquq fakültəsini tərk edir və beləliklə, curnalistika sahəsi üzrə fəaliyyət gös­tərməyə başlayır. O, 1954-cü ildə Boqotaya qayıdaraq yenidən “El-Espektador” qəzetində işləməyə başlayır. Bu qəzetdə o, “Mənim macəralarım haqqında həqiqətlər” adlı silsilə yazılar yazır. Yazıçı bu silsilə yazılarında Kolumbiyanın ovaxtki hərbi gəmisində xilas olunmuş ekipaj üzvlərindən, habelə hərb gəmilərində olan qaçaqçılıq haqqındakı hadisələrdən söhbət açır.

Avropa səfərləri

“El-Espektador” qəzetində silsilə yazılar yazdıqdan sonra Markes Avropaya səfər etməyi qərara alır. İlk olaraq İtaliyaya gedən yazıçı Roma şəhərində müvəqqəti məskunlaşaraq həm qəzetlərdə işləyir, həm də Eksperimental Kinematoqrafiya Mərkəzində rejissorluq kurslarında iştirak edir.

Az keçməmiş Markes Romadan Parisə gedir və məhz burada “Polkovnikə məktub yoxdur” povestini yazmağa başlayır. 1955-ci ildə Markesin “Düşmüş yarpaq” adlı ilk kitabı çap edilir. Bu povestdə ilk dəfə Makondo şəhəri haqqında danışılır. Yazıçı bu kitabda tənhalıq motivli mətnlərə də yer verir.

Bir müddət Parisdə yaşayan Markes bu illər ərzində bir neçə qəzetlə əməkdaşlıq edir, eyni zamanda öz yaradıcılığı ilə də məşğul olur. 1957-ci ildə yazıçı uzun müddət üzərində ciddi şəkildə işlədiyi “Polkovnikə məktub yoxdur” povestini yazıb tamamlayır. Bu ərəfədə Markes Parisdən də ayrılaraq Venesuelanın paytaxtı Karakasa gedir. Burada o, Karakasın “Momento” adlı jurnalında fəaliyyət göstərməyə başlayır.

1958-ci ildə Meksikanın “Mito” jurnalında yazıçının Parisdə yaşayarkən qələmə aldığı “Polkovnikə məktub yoxdur” povesti dərc olunur. Povestin qəhrəmanı polkovnik gənc yaşlarında böyük qəhrəmanlıq göstərərək sülh sazişi imzalanacaq yerə üsyançıların qızıl xəzinəsini çatdırır. Bu hadisənin üstündən 50 il ötməsinə baxmayaraq o, igidliyinin müqabilində hələ də üsyançılardan cavab gözləyir. Hər bir çətinliyə səbirlə sinə gərib intizarla xəbər gözləyən polkovnikin möhkəm inamı və bu yolda dözdüyü məşəqqətlər onun gəncliyində göstərdiyi rəşadətdən daha böyük bir qəhrəmanlığa çevrilir.

Müsahibələrinin əksəriyyətində bu povestin ən sevimli əsəri olduğunu vurğulayan yazıçı əsər haqqında bunları deyir: “Polkovnikə məktub yoxdur” povestini yazarkən gözümün qarşısına gətirdiyim şəxsə bir neçə il bundan öncə Parisin balıq bazarında rast gəlmişdim. O, həsrətlə limandakı gəmilərə tamaşa edirdi. Bir neçə ildən sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən o zaman onun nələr düşündüyünü dərk elədim. “Polkovnikə məktub yoxdur”, şübhəsiz, mənim ən yaxşı əsərimdir. Hətta sizə bir şeyi də deyim: “Yüz ilin tənhalığı”nı o səbəbdən yazmağı lazım bildim ki, insanlar “Polkovnikə məktub yoxdur” povestini oxusun…”

Mersedeslə davam edən ömür

Markes 1958-ci ildə Barrankile şəhərində hələ universitetdə oxuyarkən tanış olduğu Mersedes Barça Pardo ilə ailə qurmağa qərar verir. Mersedes Markesin həyat yoldaşı olmaqla bərabər, yaradıcılıq yolunda da yaxın dostu və ilk oxucusu olur. Cütlüyün bu evlilikdən Rodriqo və Qonzalo adlı iki övladı olur.

Markes 1959-cu ildə “Düşmüş yarpaq” povestini qələmə alır, eyni zamanda üzərində işlədiyi “Arzuolunmaz saat” romanını da bitirir. Həmin ildə o, Kuba İnformasiya Agentliyi ilə əməkdaşlıq etməyə başlayır. Bu əməkdaşlıq yazıçının bir jurnalist kimi Şimali və Cənubi Amerikada kifayət qədər tanınmasına səbəb olur. 1961-ci ildə isə Markes nədənsə jurnalistikanı tərk etməyi planlaşdırır və Meksikanın Mexiko şəhərinə gedir. 1962-ci ildə “Arzuolunmaz saat” romanı İspaniyada “Esso” mükafatına layiq görülür. Elə həmin il yazıçının 1955-ci ildən bəri üzərində işlədiyi “Böyük ananın dəfni” adlı kitabı işıq üzü görür.

1962–65-ci illərdə Markes Mexikoda müxtəlif işlərlə məşğul olaraq dolanışığını təmin edir. Sonralar həyatının bu dövrünü yazıçı belə xatırlayır: “Karlos Fuenteslə birlikdə Xuan Rulfonun hekayəsi əsasında “Qızıl xoruz”un ssenarisini yazmış və “Pedro Paramo”nun son versiyası üzərində işləmişdik. “Sezilən ölüm xronikası”nın, həmçinin Luis Alkorizayla birlikdə “Əlamət”in ssenarisini qələmə almışdıq. Boş vaxtlarımda isə reklam işləri ilə məşğul olur, reklam mətnləri və mahnı sözləri yazırdım. Bu işlərlə dolanmağa çalışırdım, amma hekayə və roman yazmağa vaxtım qalmırdı”.

“Yüz ilin tənhalığı”

1967-ci ildə Markesin magik realizm üslubunda yazdığı “Yüz ilin tənhalığı” romanı çap edilir. Bu romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhv olmasından bəhs edilir. Bu nəslin tarixi hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir. Tənhalıq, ailə üzvlərinin bir-birindən ayrı düşməsi, onların bir-birini anlaya bilməmələri romanda, həqiqətən, mifik xarakter daşıyır.

Roman bir müddət keçdikdən sonra oxucuların rəğbətinə səbəb olur. Bir çox tənqidçi və oxucular müasir ədəbiyyatın şah əsərlərindən biri olan “Yüz ilin tənhalığı” romanını böyük maraqla qarşılayır. Roman sanki Latın Amerikasında partlayış yaradır və ədəbiyyat dünyası Markesi magik realizmin banisi hesab etməyə başlayır. “Yüz ilin tənhalığı” romanı, demək olar, dünyanın bütün dillərinə çevrilir.

Yazıçı özü isə sözügedən romanı haqqında bunları deyir: “Əslində, bu mənim ilk kitabım olmalı idi. Mən onu on səkkiz yaşında yazmağa başlamışdım. Lakin tezliklə başa düşdüm ki, belə əsəri yazmaq üçün mənim lazımi təcrübəm, texnika və iş vərdişim yoxdur. Mən hələ də Latın Amerikası ədəbiyyatının ənənələri ilə buxovlanmışdım. Bu ədəbiyyata xas olan akademizm, ritorika və sözçülükdən yaxa qurtarmaq üçün ilk növbədə sadə yazmağı öyrənmək lazım idi. Mən bu istəyə yalnız beşinci cəhddə nail ola bildim”.

Bir müddətdən sonra Markes İspaniyanın Barselona şəhərinə köçür. Həmin vaxt ona Nyu-Yorkda Kolumbiya Universitetinin fəxri doktoru adı verilir.

1972-ci ildə Markesin “Sadəqəlbli Erendiranın inanılmaz kədərli tarixi və onun qəlbsiz nənəsi” kitabı işıq üzü görür.

Bundan sonra Markes “Romulo Qaleqosa” beynəlxalq mükafatına layiq görülür. 1974-cü ildə Markes Boqota şəhərində “Alternariv” adlı qəzeti təsis edir.

“Patriarxın payızı”

Markes 1975-ci ildə oxuculara “Patriarxın payızı” adlı siyasi romanını təqdim edir. Qayda-qanunların mövcudluğu və ABŞ diktaturasının obrazı əks etdirilən bu romanda despotizm əsas problemlərdən biri kimi qabardılır.

“Patriarxın payızı” romanı zorakılıq və despotizm faktları ilə kifayət qədər zəngin olan bəşər tarixinin qrotesk ümumiləşdirilməsidir. Əsərin mərkəzində konkret cizgilərdən azad, maksimum tipikləşdirilmiş, bütün gerçək diktatorların xüsusiyyətlərini özündə cəmləyən, ölməkdə olan, amma heç cür ölmək bilməyən, həyatda qalmaq üçün əcaib cinayətlər işləyib nahaq qanlar tökən bir diktatorun həyat hekayəsindən söhbət açılır. Romanın qarmaqarışıq əhvalatı isə sözügedən ölkədəki həyatın qarışıqlığı ilə üst-üstə düşür.

Patriarx – hakimiyyət ideyasının insan şüuruna təsirinin təcəssümüdür. Roman oxucuya hökmdar haqda mifi nəql etsə də, bu, mifin özü kimi yox, mifyaratma prosesi kimi üzə çıxır. Bu hekayət mifin yaranması, rasional dərketməyə və təhlilə xalqın mif forması verə bilməsi haqqındadır. Ancaq mif nəinki yaranır və yaşayır, hətta diktatorun son, qəti ölümüylə sona çatır. Hekayətçinin diktator haqda nəql etdiyi bu roman təkcə mifin yaranması hadisəsi deyil, həm də elə mifin dağıldığı vaxt onun dərk edilməsi və ona münasibətdən ibarətdir.

1975–81-ci illərdə Çili diktatoru Pinoçetin dövründə Markes əsasən daha çox siyasi baxışları sərgiləyən yazılara yer verir.

“Gözlənilən bir qətlin tarixçəsi”

Markesin 1981-ci ildə “Gözlənilən bir qətlin tarixçəsi” adlı romanı çap edilir. Adından da bəlli olduğu kimi, bu roman baş qəhrəmanın qətli ilə bağlılıq təşkil edir. Əsərin əsas qəhrəmanı olan Santyaqo Nasarın öldürüləcəyini əvvəlcədən bilən bütün şəhər əhli qətlin baş verdiyi ana qədər bunu ciddi qəbul eləmir. Elə Santyaqo özü də hər şeyi bilə-bilə sakitcə onu gözləyən ölümə doğru gedir.

Məzmunca mistik və realist olan bu povest oxucunu heyrətamiz şəkildə gözlənilən faciənin havasına kökləyir. Hamı bir nəfər kimi Santyaqo Nasarın qurtulmasını istədiyi halda, heç kim bu labüd qətlin qarşısını ala bilmir…

Bu roman çap ediləndən az müddət sonra Markes Fransanın “Fəxri legion” ordeni ilə mükafatlandırılır.

Nobel mükafatına aparan yol

1982-ci ildə Markes “Fantaziya və reallığı eyni zamanda bir yerə sığışdıraraq bütov bir qitənin həyat və mübarizələrini əks etdirən roman və hekayələrinə görə” İsveç Akademiyasının qərarı ilə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülür. Bu mükafat yazıçının dünyada şöhrətinin artmasına daha da təsir edir. Markesin əsərləri sürətlə bir çox dillərə çevrilərək yüksək tiracla çap olunur.

Nobel mükafatından sonra yazıçı bir sıra əsərlər yazaraq çap etdirsə də, bu kitablar əvvəlki əsərlər kimi Markesə uğur gətirmir. “Taun xəstəliyi zamanı sevgi” (1985), “Öz labirintində olan general” (1989), “İyirmi səyyahın hekayəti” (1992), “Eşq və başqa cinlər” (1994), “Qaçırılma haqqında məlumat” (1996) kitabları yazıçının bu tip əsərlərindən hesab edilir.

“Həyatı anlada bilmək üçün yaşamaq”

Markes 1999-cu ildə Kolumbiyanın həftəlik mətbu orqanı olan “Kambio” jurnalını alır və onun sahibinə çevrilir. 1999–2000-ci illərdə isə yazıçının səhhətində ciddi problemlər yaranmağa başlayır və o, ABŞ və Meksikada xərçəng xəstəliyindən müalicə olunur.

Markesin 2002-ci ildə yazdığı memuar “Həyatı anlada bilmək üçün yaşamaq” adı altında çap edilir. Oxucuların marağına səbəb olan bu kitab üslub cəhətdən heç də yazıçının digər romanlarından fərqlənmir. XX əsr ədəbiyyatına öz möhürünü vuran yazıçı bu əsərdə həyatının müxtəlif məqamlarına işıq salaraq oxucuları ilə baş-başa qalır. Yazıçı “Həyatı anlada bilmək üçün yaşamaq” əsərində deyir: “Həyat – insanın yaşadığı deyil, əslində, xatırladığı və danışmaq üçün necə xatırladığıdır”. Oxucular bu əsərdə yalnız yazıçının həyat hekayəsini deyil, bütün əsərlərinin izlərini də tapa bilərlər.

Markes öz “yazıçılıq mətbəxi” haqqında danışarkən gənc yazıçılara önəmli məsləhətlər verir, öz yazı tərzindən bəhs edərək təcrübələrini onlarla bölüşür: “Əgər hekayə yazıramsa, gündə bir sətirlə kifayətlənirəm, roman yazıramsa, bunu bir səhifəyə çatdırmağa çalışıram. Yazı prosesində sürət də artır, ən çətini başlamaqdır. Elə buna görə də roman yazmağı xoşlayıram, çünki romanı bircə dəfə başlayırsan. Hər yeni hekayəni başlamaq bütöv bir romanı başlamaq qədər çətindir. Mən “Yüz ilin tənhalığı” romanını on səkkiz aya yazdım, bu vaxt ərzində gecə və gündüz bir an belə başqa şeylər düşünə bilmirdim. Mən hər hansı əsəri yazmağa başlayanda ailəmlə, dost-tanışlarımla yalnız bu barədə söhbət edirəm, əsəri hissə-hissə onlara danışıram, amma əlyazmadan bircə sətir belə oxumağa icazə vermirəm, qorxuram ki, işim nəhs gətirər”.

2004-cü ildə Markesin ən son əsəri olan “Hüznlü gözəlçələrim” romanı çap edilir. Memuar janrında yazılmış bu melanxolik roman insanı ömrün sonunda haqlayan, onun dünyaya, həyata, insanlara, özünə olan, az qala yüz­illik münasibətini bircə anda dəyişməyə qadir sevgi hekayətindən bəhs edir.

Amma bu romanın çap edilməsi uğursuzluqla nəticələnir. Çünki kitabın orijinal tirajından əvvəl qanunsuz nüsxələri yayılmağa başlayır. Yazıçı isə məcbur olub piratları aldatmaq üçün romanın son qəhrəmanı üzərində bir neçə dəyişiklik edərək əsəri yenidən çap etdirir.

“Hüznlü gözəlçələrim” romanından sonra heç bir kitab çap etdirməyən yazıçının son vaxtlar dediyi “ümumiyyətlə, romanlar məni tamam bezdirib. Son illər məni yalnız dəniz səyahətlərinin xronikaları maraqlandırır” fikri də xeyli marağa səbəb olub.

Müsahibələrinin birində “80 yaşından sonra özünüzü necə hiss edirsiniz?” sualına yazıçı belə cavab verib: “80 yaşlı qoca kimi. Kim sizə desə ki, adamın səksən yaşı olanda da “cavan” ola bilər, inanmayın, yalandır. İndi mən necə deyim ki, “hər şeyi yenidən başlamağa hazıram”? Necə deyim ki, “gəncliyimdə olduğum kimiyəm”? Belə şeyləri Fidel Kastro yaxşı bacarırdı, indi bir az naxoşlayıb. Əslində, sizə bir şey demək istəyirəm: mən elə əvvəldən, lap cavan vaxtlarımdan qocalığa hazır idim, özümü uşaqlıqdan elə 90 yaşlı kişi kimi aparmışam. Gənclik illərimdə bəzən mənə elə gəlirdi ki, lap babam kimi danışıram. Amma uzun müddət ədəbiyyata gəlməkdən çəkinmişəm. Düzdür, mən mahir gopçu idim, amma düşünəndə ki budəfəki gopu babama, valideynlərimə deyil, yüzlərcə, minlərcə insana sırımalıyam, qələmi bir tərəfə atmağım gəlirdi. Lakin həyat bizim diktəmizlə davam etmir. Əsl Markes “Həyatı anlada bilmək üçün yaşamaq” adlı əsərimdəki Markesdir”.

Qeyd edək ki, yazıçının bir sıra hekayələri ilə yanaşı, “Gözlənilən bir qətlin tarixçəsi”, “Polkovnikə məktub yoxdur”, “Patriarxın payızı”, “Yüz ilin tənhalığı”, “Eşq və başqa cinlər” və “Hüznlü gözəlçələrim” kitabları Azərbaycan dilində çap edilmişdir.