Köşə Yazıları

15. Dərgi Günlərində “Füyuzat” işığı

Bir əsrdən çox yaşı olan Azərbaycan dərgiçiliyi bu günümüzə sıxıntılı, keşməkeşli yollardan keçib gəlmişdir. İstər istilacı çar Rusiyası, istərsə də sovet dövründə azad düşüncəyə yönələn senzura baltası bu illər ərzində nəşr edilən və xalqın maariflənməsində öncül rolu olan milli təfəkkürlü çoxsaylı mətbu orqanları hakim ideologiyaya xidmət etməməsi bəhanəsi ilə damğalamış, fəaliyyətinə son qoymuşdur.

Düşüncə tariximizin ən önəmli istiqamətverici nəşrlərindən olan “Füyuzat” da bu taleyi yaşayan mətbu orqanlardan idi. Cəmi bir il fəaliyyət göstərməsinə baxmayaraq, “Füyuzat” bir ideoloji ocaq oldu. Bu ocağı söndürməyə çalışanlar unutdu ki, xalq ona səmimi xidmət edənləri heç vaxt yaddan çıxarmır. Həmin ocağın üzərini küllər örtsə də, közü heç vaxt sönmədi. Bu közərtilər bir əsr sonra – Azərbaycanın müstəqillik qazanması ilə yenidən alovlanmağa başladı. 32-ci sayı ilə “Pərdə eniyor” deyib müqəddəratını xalqın ixtiyarına buraxan “Füyuzat”ın davamçıları həmin ocağı yenidən alovlandırdılar. “Amalımız vətənə və millətə faydalı olmaqdır” şüarı ilə yola çıxan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu 2007-ci ilin yanvar ayından “Füyuzat”a yenidən nəfəs olaraq közərən ocağı atəşləndirdi.

Varislik missiyasını öhdəsinə götürərək 33-cü sayından nəfis tərtibatla oxucuları ilə görüşən “Füyuzat” ötən 17 il ərzində 107 dəfə işıq üzü görmüşdür. Bu illər ərzində “Füyuzat” mündəricə zənginliyi ilə ədəbi cameəyə neçə-neçə gənc yazar qazandırmışdır. Təsadüfi deyil ki, ənənə halını almış “Füyuzat”dan kitablar” seriyasında yazarlarımızın məqalələrindən toplanan 10-a yaxın kitab işıq üzü görmüşdür.

O təkcə dərgi kimi deyil, eyni zamanda “fuyuzat.az” saytı, “FUYUZAT tv” internet televiziyası və 5 ildir tələbələrin ixtiyarına verilən “Füyuzat Media Mərkəzi” ilə daim oxucularla ünsiyyətdədir. Təqdirəlayiqdir ki, “Füyuzat Media Mərkəzi” bu illər ərzində Bakı Dövlət Universiteti tələbələrinin fikir ocağına çevrilməyi bacarmışdır.

“Füyuzat” keçmişə dayanan kökləri ilə günü-gündən müasirləşən yeni dünyada dərgiçilik ruhunu yaşatmaq kimi çətin missiyanı öz çiyinlərində daşıyır.  Dərgimiz istər paytaxt Bakıda və bölgələrdə, istərsə də uluslararası sərgi günlərində örnək iştirak sərgiləməklə əhatə dairəsini daha da genişləndirir. Bunun nəticəsi olaraq dərgidə yerli ədəbiyyatla yanaşı, dönəm-dönəm qardaş Türkiyədən də bir çox araşdırma və bədii əsərlər Türk birliyinə töhfə olaraq orijinal dil və üslubu qorunmaqla oxuculara təqdim edilir.

Artıq ikinci ildir, dərgimiz Türkiyənin İstanbul şəhərində təşkil olunan Uluslararası Dərgi Günlərində iştirak edir. Bu il də dekabr ayının 13-dən 17-dək Taksim Kültür və Sənət Mərkəzində təşkil olunan 15. Dərgi Günlərində “Füyuzat” dərgisi tariximizin ilk qadın mətbuatı “İŞIQ”la bərabər Vətəni təmsil etdi.

Sərgi günlərində dərgilərimizə olan maraq olduqca diqqətəlayiq idi. “Füyuzat” dərgisinin baş redaktoru Mübariz Yunusun təqdimatında həyata keçirilən  “Füyuzatın işığında” seminarı türk aydınlarını ortaq dəyərlərimizin, kültürəl bənzərliyimizin və ən önəmlisi, türk-islam məfkurəsinin birliyinə səslədi. Sərgi əsnasında “Füyuzat” işığına verilən böyük dəyərin sonucu olaraq Azərbaycanın bu köklü ədəbi dərgisi Borsa İstanbul Zeytinburnu Anadolu liseyinə dəvət edildi. Görüşdə şagirdlərə Türk birliyi və Türk dünyasından, Azərbaycan–Türkiyə qardaşlığından və bu qardaşlığın daha da inkişaf etməsində dərgilərin rolundan bəhs edildi. 

Dərgi Günlərində məsləkdaşlarımızın, yerli yazarların, sərgi iştirakçılarının “Füyuzat”a olan ilgisi qürurverici idi. Fürsətdən istifadə edərək 15. Dərgi Günlərinin təşkilatçılarına, sərgi boyunca bizi tək qoymayan həmvətənlərimizə, oxucularımıza, xüsusən Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilirə ziyarətləri və mənəvi dəstəklərindən dolayı təşəkkür edirik.

Samir Ramizoğlu,
“Füyuzat” dərgisinin məsul redaktoru