Füyuzat 136 Sübhan Talıblı

1918-ci il Neftçala soyqırımı

Çar Rusiyası və bir sıra dövlətlərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında xristianlaşdırma siyasətinə uyğun olaraq məskunlaşdırılan ermənilər ərazilərimizdə zaman-zaman soyğunçuluq, qarət, etnik təmizləmə, kütləvi qırğınlar və soyqırımı törədərək xarici ölkələrin maraqlarına uyğun fəaliyyət göstərmişlər. 1918-ci ildə regional və beynəlxalq güclərin hərtərəfli dəstəyi ilə tarixi Azərbaycan torpaqlarında yaradılan “Ermənistan” onların himayəsi ilə 1905–1907, 1918, 1920, 1948–1953, 1988-ci illərdə, eləcə də I Qarabağ müharibəsi dövründə türk-müsəlman xalqlarına qarşı deportasiya, soyqırımı və etnik təmizləmə siyasəti həyata keçirmişdir. 

Erməni-daşnak quldur dəstələri 1918-ci ilin iyun ayında Bakıdan 2 zirehli, 4 nəqliyyat gəmisi ilə Xəzər dənizi vasitəsilə Kür çayının mənsəbinə gəlib çatmışdılar. Sənədlərdə gəmilərin adları – “Krasnovodsk”, “Yelets”, “İraq”, “Bakinets”, “Salyanets”, “Demosfen” kimi qeyd olunur. Gəmilər Kür çayına keçmiş və erməni-daşnak quldurları çayın ətrafında olan kəndlərə hücum edərək əhalinin mal-mülkünü qarət etmiş, insanları vəhşicəsinə qətlə yetirmişdilər. Erməni-daşnak quldur dəstələri və silahlı birləşmələri Neftçalanın Bankə, Seyidlər, Uzunbabalı, Tatarməhəllə, Xıllı, Abasallı, Qaralı, Qəzvinli, Qarabucaq, Surra, Ərəbbəbirxanlı, Cəngən, Kür Qaraqaşlı kəndlərinə hücum edərək qarət, soyğunçuluq, vəhşicəsinə qətliam və soyqırımı törətmişlər.

“İzvestiya Bakinskoqo Soveta” qəzetinin 2 iyul 1918-ci il tarixli sayında göstərilir ki, Göyçay ətrafında döyüşlər cərəyan etdiyi bir vaxtda Kür çayı boyunca, Salyan yaxınlığında da bolşevik-daşnak qoşunları ilə türk-Azərbaycan qoşun bölmələri arasında döyüş baş vermişdir. Ertəsi gün səhər saat 4-də Surra ilə Qarabucaq kəndləri arasındakı döyüşlər yenidən qızışmış, Kür çayında dayanan hərbi gəmilərin aramsız atəşləri türk-Azərbaycan qoşunlarını yenidən öz mövqelərini tərk etməyə məcbur etmişdir. Onlar geri çəkilərkən Ərəb­qardaşbəyli kəndi yaxınlığında yeni mövqelər tutaraq bolşevik dəstəsinin qarşısını kəsməyə cəhd göstərmiş, lakin bu cəhd də bir nəticə verməmişdir.

Burada döyüşən bolşevik dəstəsinin tərkibində 2 mindən çox piyada, 12 pulemyot, 6 ədəd top var idi, eyni zamanda Kür çayında üzən iki hərb gəmisi və bir nəqliyyat gəmisi tərəfindən müşayiət olunurdu. Dəstənin tərkibindəkilərin 200 rus, 300 iranlı, qalanlarının isə erməni olması güman edilirdi. Ancaq Muğaran bolşevik komissarı bu qədər qüvvə ilə də kifayətlənmir, bölgənin rus əhalisi arasında səfərbərlik keçirərək qüvvələrin sayını 6 minə çatdırmağı planlaşdırırdı. Bu qədər qüvvənin silahlandırılması üçün zəruri olan silah və sursatı isə komissar Bakıdan istəyirdi. Surra–Qarabucaq kəndləri ətrafında baş verən döyüşün uğursuz nəticəsi barədə xəbər alınan kimi Cavad dəstəsinin komandiri bolşevik qüvvələrinə qarşı bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topundan ibarət qrup göndərdi. Bu qrup Salyan ətrafında döyüşən türk-Azərbaycan bölmələri ilə birləşərək bolşevik qüv­vələrinə qarşı döyüşə başladı. İyul ayının 2-də bolşevik qüvvələri türk-Azərbaycan qoşun bölmələrinin hücumunu dəf edə bilməyərək Bakıya doğru geri çəkildilər. Türk mənbələrinə görə, bu döyüşdə bolşevik qüvvələri 600 nəfərədək itki verdi (bax: “Birinci Dünya Harbinde Türk Harbi Kafkas Cebhesi 3. Ordu Harekatı” II cilt, Ankara, 1993, s.564; Yüceer N.

Davamı…