Uca Allah kainatı mötədillik üzərində inşa etmişdir. Əbədiyyətə qədər də Onun qanununda dəyişiklik olmaz. İnanırıq ki, təbiətdə baş verən hadisələr həmin mötədilliyin qorunmasına xidmət edir. İnsan orqanizminin fəaliyyəti də mötədillik prinsipinə tabedir.
Dövrünün müdrik təbiblərindən olan Əbu Əli İbn Sina ruhi faktor, xarakterin müvazinətli olmasının sağlamlıq və xəstəliyin ən əsas şərti olduğunu yazır. Azərbaycanlı alim Nəsirəddin Tusi də qeyd edir ki, xəstəlik mötədilliyin pozulması, müalicə isə onun bərpası deməkdir. Psixi qüvvələrin keyfiyyət və kəmiyyətində əmələ gələn dəyişiklik ya mötədillikdən yuxarı qalxma, ya aşağı enmə nəticəsində olur. Deməli, istər somatik, istərsə də psixoloji problemlər həmin qüvvələrin ya çoxalması, ya azalması, ya da korlanması nəticəsində baş verir. Mötədil vəziyyətdə olan eqomuz və empatiyamız sağlamlıq, inkişaf, sülh və güc qaynağıdırsa, onların azlığı və çoxluğu ağrı, əziyyət, xəstəlik mənbəyidir.
Təsəvvür edin: uzunmüddətli axtarışlar nəticəsində dünyanın bəlası sayılan xərçəng xəstəliyinin çarəsini – dərmanını tapmısınız. Sizin adınızla istehsal olunan bu dərman şəxsinizə dünya şöhrəti və böyük qazanc gətirir. Amma bütün bunların – şan-şöhrətin, var-dövlətin hamısı siz dünyanızı dəyişdikdən sonra mümkünləşir. Buna razı olardınızmı? Deyəcəksiniz ki, öldükdən sonra o adın, o zənginliyin mənə nə faydası? Bax eqo budur.
Zəhər miqdardan doğar. Qədim dövrlərdə çinlilər əsir götürdükləri insanlara çoxlu su içirdərlərmiş. Ona görə yox ki uzun müddət yaşayıb sağ qalsınlar, tam əksinə, dalaqları ağrıdan partlayıb ölsünlər. Şəfa verən su miqdarı dəyişəndə zərər, ölüm verir. Böyük Nizami bunu poetik dillə belə ifadə etmişdir.
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir o da.
Bununla bağlı diqqətinizi bir məsələyə çəkmək istəyirəm. Türk dilində buna “tüp bəbə” deyirlər, yəni tibbi müdaxilə – süni mayalandırma yolu ilə övlad sahibi olmaq. Millət olaraq biz azərbaycanlılar övlad-uşaq yönümlüyük və valideyn olmağın ailə üçün nə qədər böyük əhəmiyyət daşıdığını hər birimiz çox yaxşı bilirik. Gözümüz önündə övladsızlıq ucbatından çoxlu sayda ailə elə gənc ikən dağılır, bədbəxt olur. Bu və ya digər səbəbdən bəzi ailələr övlad sahibi, ata-ana ola bilmədikləri üçün uşaq sonsuzluq mərkəzlərinə müraciət edir, könüllü surətdə külli miqdarda pul xərcləyir, min bir əzab-əziyyətə qatlaşaraq müalicəyə üz tuturlar. Və yalnız bir arzu ilə – ata-ana olmaq, valideynlik hissini yaşamaq üçün. Gözəl istəkdir, Allah arzusunda olanlara nəsib etsin. Amma sizə qəribə gəlsə də, bu məsələ ilə bağlı bir fikrimi bölüşmək istəyirəm. Diqqət edin: bir tərəfdə, evini, mal-mülkünü son qəpiyinə kimi satıb ata-ana olmaq istəyən yetkin insanlar, o biri tərəfdə isə valideynsiz böyüyən minlərlə uşaq. Bir tərəfdə qucağına körpə almaq həsrəti ilə yaşayan cütlüklər, o biri tərəfdə isti ata-ana qucağına həsrət qalanlar. Nədənsə bu iki tərəf heç də bir araya gələ bilmir. Bəlkə, bu da bir eqodur. Əcəba, biz valideyn olmağı yalnız bioloji olaraq dünyaya uşaq gətirmək olaraqmı görürük? Hesab edirəm ki, bu məsələ ilə bağlı əhalimizn baxış bucağında müəyyən dəyişikliklərin olmasına ehtiyac var. Çünki hazırda gənc ailələr arasında boşanmanı törədən səbəblərdə övladın olmaması birinci yerdə dayanır. Kütləvi informasiya vasitələri də bir yandan öz biznes maraqlarına uyğun olaraq uşaq sonsuzluq mərkəzlərini təbliğ edir. Bu cür düşüncə tərzi həm də ailələrin maddi vəziyyətinin pisləşməsinə səbəb olur, ailədaxili, ailələrarası qarşılıqlı münasibətləri gərginləşdirir. Bunlar gündəlik həyatımızda üzləşməli olduğumuz gerçəklikdir.
Bütün bunlardan sonra eqoya yaxından baxaq. Əslində, eqo olmazsa, olmazdır. Bu hamıda var və həyatda sağ və salamat qalmağımızı, bizi təhlükədən qorumağı, artıb-çoxalmağımızı təmin edən, yaşadığımız çevrədə özümüzü təqdim etməyimiz, hörmət və nüfuza olan tələbatımızı ödəyən, bir sözlə, hər cür təbii və mədəni, sosial və mənəvi, emosional tələbatlarımızı yerinə yetirmək üçün bizi ayaqda tutan bir qüvvədir eqo. Bunların hamısı çox normaldır, amma həlledici sual belədir:
Eqo nə qədər olmalıdır? Fikrimizcə, eqonun bədən temperaturu qədər olması normaldır; nə çox isti, nə də çox soyuq. Hər ikisi zərərlidir. Əgər eqomuz temperaturumuz kimi yüksəlirsə, buna şişman eqo sindromu deyirlər. Bu cür eqodan həm özümüz, həm də çevrəmiz əziyyət çəkəcəkdir. Belə olduqda adam elə həmişə MƏN, MƏN, MƏN deyir. Özünü hamıdan, hər şeydən üstün görmək və yüksək tutmaqla bağlı olan xəstəlik vəziyyəti kimi insanın düşüncə, hiss və hərəkətinə hakim kəsilir. Bu, lovğalıq, narsizm, həmişə “doğrusunu mən bilirəm” düşüncəsi ilə yaşamaq deməkdir; qazanmaq üçün hər bir yolu mümkün saymaq, haqq-hüquq bilməmək və tanımamaqdır. Özünü üstün hiss etməyəndə, qazana bilməyəndə əsəbiləşmək və hədəqədən çıxmaq, hər hansı tənqidə qapalı olmaq, qəzəbli davranmaqdır. Şübhəsiz ki, qorxu və güc mədəniyyətinin geniş yayıldığı bir əhatədə yaşadığımız üçün belə vəziyyət sizin hər birinizə tanış gəlir. Diqqət etsəniz, şişman eqo təkcə bir insanı xəstə edən vəziyyət deyil. Bu, içində yaşadığımız həyatı zəhərləyən, hamıya acı çəkdirən və insanlığı öldürən bir vəziyyətdir. Şişman eqo belə olur. Bunun əksi də xəstəlikdir, yəni çox kiçik eqo. Bir anlıq bədən temperaturunun düşdüyü vəziyyəti düşünün. İnsan öldüyü zaman temperatur enir və bədən soyuyur. Demək, eqonun çox kiçilməsi də sağlam vəziyyət deyil. Yəni həmişə SƏN, SƏN, SƏN demək özünü heçə saymaq, özünə dəyər verməmək, həvəs, motivasiya əskikliyi, özünəhörmət hissinin olmamasıdır. “Siz bilən məsləhətdir, siz necə deyərsiniz elə də edərik”, “Mən kiməm ki?!”, “Mən nə edə bilərəm ki?” düşüncəsiylə yaşamaqdır.
Eqomuza nəzarət etmənin ən asan yolu empatiyadır. Bu iki qüvvə tarazlaşdıqda, bərabərləşdikdə, sözün gerçək anlamında, dinclik, ədalət, bacarıq, hörmət, inkişaf və sülh olduğu üçün insanlıq rahat nəfəs alır.
Şişman eqo empatiyanın düşmənidir. Şişman eqodan danışanda ilk olaraq ağlıma II Dünya müharibəsi və faşist Almaniyasının kansleri Adolf Hitler gəlir. Əslində, II Dünya müharibəsi tez başa çata bilərdi, amma onun da uzun sürmə səbəbi elə eqodur. Yəni Hitlerin şişmiş vəziyyətdə olan eqosu. Faşist ordusunun komandirləri Hitlerə deyirlər ki, gəlin təslim olaq, çünki uşaqlar, qadınlar, qocalar ölür, müharibəni davam etdirməyə gücümüz yoxdur. Hitlerinsə cavabı belə olur: “Madam ki bizi seçdilər, madam ki bizə səs verdilər, madam ki bizə üstünlük verdilər və bizi sevdilər, o zaman, əlbəttə ki, öləcəklər!”
Tarixdə bunun tam əksi olan nümunə də var. XIV əsrdə Şirvanşah İbrahim ölkəsini və xalqını Əmir Teymur istilasından xilas etmək üçün ona xərac verir. Hər payın 7 sayda, qulun isə 6 olduğunu görən Əmir Teymur İbrahimdən: “Bəs qul niyə 6?” – deyə soruşur. Cavabında Şirvanşah İbrahim: “7-ci mənəm”, – deyir və xalqını böyük bir qırğından qurtarır. Bu da bir empatiya nümunəsi. Sağlam empatiya, hökmdarın xalqına olan sağlam empatiyası. Biri XIV əsrdə Şərqdə yaşamış hökmdar, digəri isə Avropanın tam göbəyində olan müasirimiz.
Şişman eqonun başqa bir nümunəsini 2020-ci ildə Vətənimizin dilbər guşəsi olan Qarabağ torpaqlarını erməni işğalından azad edərkən Ermənistan hərbi-siyasi hakimiyyətinin davranışında gördük. Belə ki, Ermənistan qoşunlarının darmadağın edildiyi bir vaxtda ordumuzun tam üstünlük şəraitində olmasına baxmayaraq Ali Baş Komandan İlham Əliyev yenə də humanizmi əsas götürərək Ermənistanın hərbi-siyasi rəhbərliyinə müharibəni dayandırmağı, eləcə də atəşkəs elan edərək məsələni danışıqlar stolu arxasında həll etməyi təklif etsə də, qarşı tərəfin, yəni Ermənistanın xəstə eqosu elə Ermənistanın özünə real düşünmə imkanı vermədi və öz ordusunu şərəfsiz ölümə məhkum etdi.
Empatiya ilə əlaqədar olaraq ən çox göstərilən karikatura 69 karikaturasıdır. Bu çox sadə, həm də çox düşündürücüdür. Özünü yaxşı tanımayan heç vaxt başqasına empatiya duya bilməz.
Yaradan hər bir canlını fərqli yaratmış və ona haqq vermişdir. Lakin Allah öz dərgahında heç bir varlığı insandan üstün olaraq yaratmamışdır. Doğrudur, insan üstün hesab olunur. Amma müqayisə etdikdə onun da digər varlıqlardan zəif olduğunu görə bilərik, məsələn, qartal insandan daha uzaq yerləri görə bilir, it qoxunu insandan daha yaxşı hiss edir.
Siz fərqliliyi təhdidmi bilirsiniz, yoxsa zənginlikmi? Əgər fərqliliyi özünüz üçün təhdid, qorxu, təhlükə hesab etsəniz, onda onu yox etməyə, yox, əgər əksinə, fərqliliyi zənginlik kimi qiymətləndirsəniz, onu qorumağa, inkişaf etdirməyə çalışacaqsınız.
Yaxın keçmişdə ağdərili “mədəni” avropalılar zənciləri qul kimi alıb-satmağı özlərinə bir haqq bildilər və illərlə qul alveri etdilər, pul qazandılar. Şimali Amerikada yerli hindulara qarşı etnosid siyasəti yürüdərək köklərini kəsməyə çalışdılar. Xristianlar yəhudiləri, xristianlar xristianları, xristianlar və yəhudilər müsəlmanları qətl etdilər, sonra birləşərək müsəlmanları bir-birinə qırdırdılar. Hamısı da ədalət, insan haqqı, müstəqillik, sülh, təhlükəsizlik, din və Allah adına. Gözümüzün qarşısında İraq, Liviya, Suriya, Əfqanıstan kimi ölkələrin iqtisadiyyatını, şəhərlərini dağıtdılar, diktator, terror şəbəkəsi bəhanəsi ilə minlərlə günahsız insanı qətlə yetirdilər.
Hazırda dünyada milyonlarla uşaq və yaşlı piylənmədən, artıq çəkidən əziyyət çəkir, müalicə alır. Dünyanın digər hissəsində isə uşaqlar, yaşlılar bir tikə quru çörək tapa bilmədikləri üçün acından ölürlər. Bu, görəsən, qida qıtlığıdır, yoxsa empatiya qıtlığı? Nə zaman ki eqomuz empatiya ilə tarazlaşıb bərabərləşəcək, onda dünya yaşanıla biləcək bir məkana çevriləcək. İnsan varlığının gücləndirmə qaynağı empatiyadır. Özümüzü ifadə etməyimiz eqodan gəlirsə, təsirli, səmərəli ünsiyyət və əlaqə saxlamağın əsas yolu empatiyadır.
Empatiya qulağa nə qədər xoş gəlir-gəlsin, sərhədsiz olarsa, o da xəstəlikdir və şəxsiyyətin özünü sıfırlamasıdır. Lakin insanlıq, bəşəriyyət, şəxsiyyətlərarası qarşılıqlı münasibətlər empatiyadan yox, şişman eqodan əziyyət çəkir və zərər görür.
Empatiya, sadə dildə ifadə etsək, başqasının gözü ilə baxmaq, ya da halından anlamaq deməkdir. İnsanın özünə güvənməsi onun eqosu ilə əlaqəlidirsə, güvənilə bilən bir insan olma halına gələ bilməsinin qaynağı empatiyadır. Eqo şəxsin özünüifadəetmə qaynağıdırsa, empatiya kommunikativ keyfiyyət kimi təsirli və səmərəli əlaqə qurma bacarığıdır.
Eqo insana mövcudluğunu, varlığını, həyatını davam edə bilmək üçün yanacaq, atəşdirsə, empatiya bu varlığı gücləndirmə qaynağıdır. Əgər bu iki tərəfi, gücü bir araya gətirib bərabər tutarıqsa, onda biz sülh, ədalət, dinclik içində yaşamış olarıq. Özümüzü ifadəetmə tələbatımız eqodan güc alırsa, təsirli və səmərəli əlaqə, ünsiyyət qurma empatiyanın səlahiyyətində olan bir cavabdehlikdir.
Odur ki qoy eqonuz nəzarətli, empatiyanız güclü olsun!