Azərbaycan ədəbi xəzinəsinin bir parçası olan mühacirət ədəbiyyatının, onun yaradıcılarının həyat və fəaliyyətinin müasir tələblər səviyyəsində tədqiqi, elmi-nəzəri baxımdan dəyərləndirilməsi müstəqillik dövrü ədəbiyyatşünaslığının təqdirəlayiq və əlamətdar hadisəsidir. 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirət ədəbiyyatı şöbəsi yaradıldıqdan sonra mühacirət ədəbiyyatının tədqiqi yeni mərhələyə qədəm qoydu. İnstitut 2016-cı ildən “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının nəşrinə başladı, mühacirət irsi ilə bağlı ölkə və beynəlxalq miqyaslı simpozium, mədəni-kütləvi tədbirlər təşkil olundu. Bu seriyada “Məhəmməd Əmin Rəsulzadə. Mühacirət dövrü ədəbi-elmi irsindən seçmələr” (2016), “Ceyhun Hacıbəyli. Seçilmiş əsərləri” (2018), “Səlim Rəfiq Rəfioğlu. Füzuli” (2019) və “Teymur Atəşli. Seçilmiş əsərləri” (2020) kitabları nəşr edilmişdir. Bu günlərdə isə “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” kitablar seriyasının növbəti cildi – “Alazan Baycan. Əsərləri” (Bakı: “Elm və təhsil”, 2021, 268 səh.) işıq üzü görmüşdür. Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndəsi Alazan Baycanın şeirləri, poemaları, alman poeziyasından tərcümələri və məktublarından örnəklərin toplandığı kitabın tərtibçisi filologiya elmləri doktoru Nikpur Cabbarlı əsərə sanballı ön söz və “Qeydlər” yazmışdır.
Alazan Baycan (Hacı Həsənzadə – 12 may 1913, Qazax – 9 noyabr 1989, Frayburq, Almaniya) Qazaxda ibtidai məktəbi, 1929-cu ildə isə Müəllimlər Seminariyasını bitirdikdən sonra Balakəndə bir il müəllimlik edir. 1931-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinə daxil olur. Tələbələr arasında “antisovet, millətçi ünsür” kimi tanınmağa başlayan H.Həsənzadənin ölkəni tərk etməkdən başqa çarəsi qalmır və o, 1933-cü ildə təhsilini yarımçıq qoyub İrana, oradan da Türkiyəyə keçir. İstanbul Universitetinin tibb fakültəsində ali təhsilə yiyələnən (1934–39) A.Baycan əvvəlcə Gülhanə Tətbiqi Məktəb və Klinikasında, daha sonra Gəmlik Hərbi Xəstəxanasında çalışır. 1942-ci ildə dostu, Azərbaycan Cümhuriyyəti dövründə maliyyə naziri işləmiş, qatı antisovet düşüncələri ilə tanınan, istiqlal mücahidi Fuad Əbdüləli oğlu Əmircanla (1911, Şəki – 1995, Bonn, Almaniya) birgə Almaniyaya gedir, Frayburq şəhərində məskunlaşır və ömrünün sonuna qədər həkim kimi fəaliyyət göstərir.
N.Cabbarlı kitabın ön sözündə A.Baycanın uşaq vaxtlarından şeir yazmağa başladığını, altmış ildən artıq müddətdə poeziya sahəsində qələmini sınadığını, ömrünün son illərində iki şeir kitabını – “Könül sazından” (1983), “Dağ çiçəkləri” (1987) Ankarada Azərbaycan Kültür Dərnəyi Yayınları seriyasında nəşr etdirdiyini vurğulayır və haqlı olaraq yazır: “Bu kitablarda toplanan şeirlərin say etibarilə şairin poetik irsinin hansı qismini təşkil etdiyini hələ ki söyləyə bilmirik, fəqət bu şeirlər A.Baycan poeziyasının leytmotivi barədə aydın və dolğun təsəvvür yaradır. Hər bir mühacir azərbaycanlı şair kimi A.Baycan poeziyasının da ana mövzusu Azərbaycandır, vətən məhəbbəti, yurd həsrətidir”. Doğrudan da, Alazan Baycanın şeirləri mövzu, məzmun baxımından nə qədər rəngarəng və çoxşaxəli olsa da, onun yaradıcılığının aparıcı mövzusu vətənlə bağlıdır. Şairin qələmində vətən mücərrəd anlayış deyil, adı, ünvanı, soydaşları, dağı, dərəsi, çayı, bulağı, tarixi, mədəniyyəti, mənəviyyatı olan müqəddəs məkandır. Düşmən işğalında inləyən vətənin dərdi ilə baş-başa qalan, odlanan, yanan şair hər kəsdən şikayətlidir, heç kim onun dərdinə şərik olmur, dərdini “Söyləsəm daha yaxşı dağlardakı daşa mən” deyərək fəryad qoparır. A.Baycan vətənə laqeyd dostları, onu yüngül əyləncəyə dəyişənləri tənbeh, tənqid edir, qınayır:
Kimi asdı türklüyü bir gözəlin telindən,
Kimi içdi şərabı düşmən qədəhlərindən,
Kimi vurdu qəlbimi sağalmayan yerindən,
Baxmaq istəməm daha nə gözə, nə qaşa mən.
(“Dostlara”)
Alazan Baycanın ictimai-siyasi lirikasının əsas tənqid hədəfi rus işğalı, ruslaşdırma siyasəti, fars şovinizmi, eyni zamanda onlara köləlik edən milli satqınlardır. “Könül sazından”, “Ana dili”, “Dilican yollarında”, “Vallis dağlarında”, “Ruslaşma”, “Bilməcə” adlı şeirlərində, “Azərbaycan satqınlarına”, “Bitdili iman”, “Qızıl şeytan” poemalarında rus və fars rejimlərinin xalqımıza, onun milli, mənəvi dəyərlərinə, dilinə düşmən münasibəti də şairin tənqid hədəfinə çevrilir. A.Baycan “Azərbaycan satqınlarına” poemasında xalqın əsirlikdən xilas olacağına ümid edir:
Milyonlarla türk, azəri,
Rusun, farsın əsirləri,
Qıracaqdır zəncirləri,
Nə mutludur azadlıqdan
Ümid duyan haqlı insan.
O həmçinin amansız bir qəzəblə milli satqınlara xitab edir: “Sən vətəni satanda sevindin, zülmə, haqsızlığa etiraz etmədin, dirəniş göstərənlərə qarşı çıxdın, indi çıx məzardan və sümürülən Azərbaycanın halına bax!” Şair boş vədlərə inananları və xəyallara dalanları, xainləri, yaltaqları, “düşmənə inanıb quzeydən işıq arayan”ları, “yadlara ümid bağlayanlar”ı, Vətənin mənafeyini farsa, rusa satanları layiq olduqları sözlərlə lənətləyir, soydaşlarını mübarizəyə, müqavimət göstərməyə, onları fars, rus təsirindən xilas olmağa səsləyir:
Satılmışlar dersə, hər şeyə “bəli”,
Əlifbanı dəyişdir, “yox” de, “olmaz” de,
Nədən dəyişmədi gürcü, erməni?
“Uydurma əlifba bizə uymaz” de.
A.Baycan da mühacir yazarlar kimi Azərbaycanın istiqlala qovuşacağına inanır, ümid edir və buna görə poemanı nikbin notlarla bitirir:
Ümid bağla özgürlüyə,
Sömürgənlik bitər, bəklə!
Ey türk yurdu Azərbaycan,
Qurtulursun bir gün, inan!
Mahiyyət etibarilə xalqımızın milli-mənəvi dəyərlərinə rus işğalı və ruslaşdırma qədər zərərli, ondan heç də geri qalmayan fars şovinizmi istiqlal sevdalı şairin kövrək qəlbini yaralayır, onu hiddətləndirir. O, “Dilin qurusun” adlı şeirində yad dildə danışanları
Satma qardaşını yada!
O beyinsiz farslara!
– deyə ana dilinə doğma münasibət bəsləməyə səsləyir.
İstər klassik, istərsə də çağdaş ədiblərimizin yaradıclığında ana dili problemi həmişə həssas mövzulardan olmuşdur. Mühacir şair A.Baycanın poeziyasında da doğma dilə tükənməz məhəbbət dərhal gözə çarpır. O, bəzən müdrik filosof kimi “Heç olurmu dilsiz vətən?” deyə dərin düşüncələrə dalır, bəzən el ağsaqqalıtək “Satma öz dilini yada!”, “Balaların dil açanda dili yad dili olmasın!” deyə soydaşlarına nəsihət verir, bəzən ana dilini şirin sözlərlə vəsf edir: “Tatlı dildir türkün dili, Qulaqlara o sevimli”, “Dilin, dodaqların şirin”, bəzən də qəlbinin sızıltısını misralara çevirir: “Yad əlindən dərdim çox, Dilim bağlı, səsim yox”, “Bağrımı dağladılar, Dilimi bağladılar”. 76 illik həyatının 50 ilini qürbətdə keçirən A.Baycan doğma dilə məhəbbətini aşağıdakı misralarla gözəl izhar edir:
Ana dilin türk dilidir,
Ərdəmlidir, sevimlidir.
Oğuz dilli Azərbaycan,
Dilin gözəl rusdan, farsdan.
(“Ana dili”)
Yaxud:
Ad arasan, çoxdur, yad adı alma,
“Ov”lar, “yev”lər gülünc, onlar bizə yad.
Ana dilin gözəl, ondan ayrılma,
Balaş, Gülüş, Yaşar – nə gözəl bir ad.
(“Ruslaşma”)
A.Baycan poeziyası başdan-başa vətənə məhəbbətlə süslənmişdir. O, Almaniyada çaylara baxır, Kürü, Arazı görür, dağlara, dərələrə tamaşa edir, gözünün önünə Dilican gəlir, gölləri seyr edir, Göygölü görür. “Qara ormanlarda” şeiri yazın gəlişinin, təbiətin oyanışının təsviri ilə başlayır. Ormanlarda quşlar cəh-cəh vurur, çaylar şırıltı ilə axır, çiçəklər göz oxşayır. Şairsə kədərlidir, vətənin acı taleyi onun qəlbini göynədir, yad ellərdə “bir dərd bilən axtarsa da, tapmır, “neyləyim, nə deyim yad ellərinə” deyib köks ötürür. Tamaşa etdiyi göl ona doğma yurdu xatırlatsa da, ürəyi açılmır, çünki “Orda göz yaşı var, burda əyləncə”. Şair şeirini göz yaşlı misralarla bitirir:
Ən böyük qayğı
Doğma torpağı
Özgür görmədən
Ayrılmaq acı.
“İsveçrədə Göygöl”, “Vallis dağlarında”, “Şinkar çayı”, “Könül sazından”, “Yurd özləmi”, “Aşığın dərdi” və digər şeirlərində də şair eyni hissi, duyğunu bölüşür.
Mühacir şairin dostlarına ithaf etdiyi, yaxud Azərbaycanın ünlü xadimlərinə həsr etdiyi şeirlər də onun vətənə, onun övladlarına qırılmaz tellərlə bağlı olduğunu göstərir. Məhəmməd Əmin Rəsulzadəyə (“Məhəmməd Əmin Rəsulzadənin əziz ruhuna”), Mirzə Ələkbər Sabirə (“Mirzə Ələkbər Sabiri anarkən”), Səməd Vurğuna (“Səməd Vurğunun eşqi”), Əhməd Cavada (“Göygöl”), Mirvarid Dilbaziyə (“Könül sazından” – III), Qulu Xəlilova (“Atam və mən”), Abbas Zamanova (“Könül sazından” – V), Nəbi Xəzriyə (“Könül sazından” – IV), Fuad Əmircana (“Gəl” – 1941, oktyabr, İstanbul, Taksim) ithaf, yaxud həsr etdiyi şeirlər A.Baycanın əqidə və dünyagörüşü barədə də zəngin təəssürat yaradır.
Mühacirət ədəbi irsində erməni xisləti, tarixi cinayətləri ilə bağlı çox sayda publisistik nümunələr var. Bu mövzuları poeziyada A.Baycan demək olar ki, təkbaşına öz öhdəsinə götürmüşdür. Şairin vətənə olan məhəbbəti ona uzanan xain əli və dili sanki qılınc kimi kəsir. Mənfur erməni portreti onun misralarında “dönük, işğalçı”, “türkü, müsəlmanı kəsən”, “çarın Qafqaza uzanmış əli”, “Qafqazın qorxunc kurnazı”, “alış-verişdə şeytan”, “Moskvanın çirkin uşağı”, “qıyıcı, türk qanı tökən”, “qanlar axıdan”, “rusların azğın uşağı”, “kommunist çətəsi”, “odlu yurdun ünlü cəlladı” kimi bənzətmələrlə cızılır. Ermənilərin himayədarı Rusiyanın Qafqazda yeritdiyi antiazərbaycan siyasətini ifşa edən şair Allaha üz tutur:
Sürgünə göndərir azəriləri,
Onların yerinə gəlir erməni.
Onlar Qarabağda, hər yerdə şimdi,
Ey Mövla, bizlərə Sən yardım eylə!
(“Köylülər Bitdilidə”) “A.Baycan. Əsərləri” kitabına şairin Hötedən, Nitsşedən tərcümə etdiyi əsərlər, eyni zamanda professor Abbas Zamanovla yazışmaları da daxil edilmişdir. Şairin vətənində nəşr edilən ilk kitabı ədəbi-elmi ictimaiyyətdə, geniş oxucu kütləsində də böyük maraq doğuracaq, A.Baycan yaradıcılığının, bütövlükdə Azərbaycan mühacirət ədəbiyyatı problemlərinin daha əhatəli tədqiqinə yardım edəcəkdir.