Füyuzat 137

Azərbaycanın ilk millət vəkillərinin vəzifələri haqqında

XX əsrin əvvəllərində Azərbaycanın ilk millət vəkillərinin şəxsiyyətləri və vəzifələri haqqında yazılmış “Bakı vilayəti məbusları” məqaləsinin müəllifi Əli bəy Hüseynzadə seçimlə bağlı yaşanmış gərginliyi təsvir etmişdir. Məqalədəki maraqlı problemlər məni xəyalən həmin keşməkeşli illərə çəkib apardı. Dövrün siyasi-ictimai və sosial-mənəvi çətinliklərini təsvir edən yazıya müasir problemlərin baxış bucağından münasibət bildirmək istədim…

1906-cı ildə çap edilmiş bu maraqlı yazıya istinadən məqalə yazmaqda əsas məqsədim keçən əsrdə Rusiya imperiyasının nəzarəti altında yaşamış azərbaycanlıların haqq və hüquqlarının müdafiəçisi olaraq Bakı quberniyası və digər bölgələrdən seçilmiş millət vəkillərinin xalqın xeyrinə gördükləri məşəqqətli işlərin mənzərəsini yaratmaqdır. Dövrünün seçilən ziyalısı və aktiv jurnalisti Əli bəy Hüseynzadə adətinə sadiq qalaraq yeni seçilmiş millət vəkilləri haqqında mövqeyini xalqla bölüşmək üçün gecikmədən mətbuatda çıxış etmişdi. O, seçimlə bağlı yazdığı məqaləsində soydaşlarını birinci sınaqdan uğurla keçmələri və doğru seçim etmələri münasibətilə təbrik etmişdir. Müəllif Bakı quberniyasından seçilmiş vəkillərin öhdələrinə düşən vəzifələrin haqqı ilə öhdəsindən gələcəklərinə əminlik ifadə edərək yazmışdır:

“Axır ki, biz də imtahanımızı verdik. Qovğa meydanından müzəffərən çıxa bildik!.. Bir müddətdən bəri halımız tamamilə məktəblərdə imtahana müntəzir olan şagirdlərin, yaxud müharibə zamanı cəngə hazırlanan əsgərlərin halına bənziyordu. Əcaba, imtahandan müvəffəq olub sinfi keçə biləcəkmiyiz? Əcəba, fərda düşmənə qalib gələcəkmiyiz?! – kimi suallarla cəmaətimiz bir-iki həftədən bəri bihüzur idi”.

Seçmədəki cümlələrdən bəlli olur ki, Azərbaycan xalqının I Dumaya vəkil seçimi məsələsi siyasi-ideoloji proses olaraq çox çətin mərhələ olduğundan seçicilər bu qədər gərgin günlər yaşamışdılar. Bu yaddaqalan hadisə Azərbaycan xalqının öz milli müqəddəratını həll etməsi uğrunda apardığı ideo­loji mübarizədə ilk önəmli uğurlardan biri idi.

Millətin mənafeyi­nə xid­mət edən, onların hü­qu­qlarını qorumağı bacaran etibarlı millət vəkillərinin seçilməsi dövr üçün adi məsələ deyildi. Birinci sınaqdan millət uğurla keçmişdi və seçicilər etibarlı namizədlərə səs vermişdilər. Məsələnin narahatlıq yaradan tərəfi onda idi ki, yaşanan seçim prosesi gözlənilən nəticəni verməyə də bilərdi!.. Çünki həmin illərdə Azərbaycan ziyalıları arasında siyasi­ideoloji məsələlərdə fikir ayrılıqları müşahidə edilirdi. Ona görə də Bakı və ətraf ərazilərdə yaşayan seçicilərin doğru qərar vermələrinin qayğısını yaşayan uzaqgörən ziyalıların narahatlığı əbəs deyildi…

Xalqın iradəsi ilə seçilmiş vəkillər onların sözünü çatdırmağı, haqqını tələb etməyi bacarmalı idilər!.. Seçkiqabağı yaşanan narahatlığın mahiyyətini izah edən Əli bəy Hüseynzadə seçimlə bağlı yazdığı məqaləsində: “Şayəd Dövlət Dumasına heç ləyaqəti olmayan acizin biri seçilsə idi, halımız necə olardı?!” – sualı ilə yaranmış gərginliyin tam mənzərəsini təsvir etmişdi…

1905–1906-cı illərdə Rusiya imperiyasının sərhədləri daxilində yaşayan müsəlmanların hüquqlarının müdafiəsinə qalxmış mütərəqqi fikirli ziyalıların imperiyanın qarşısında qoyduğu tələblər getdikcə daha ciddi şəkil almışdı. 1904-cü ildə rusların yaponlarla apardığı mövqe müharibəsində zəiflik göstərməsindən ümidlənən türklərin və digər müsəlman toplumların azadlıq arzuları və bərabərlik tələbləri daha da artmışdı. 1905-ci ildə Azərbaycan və Şimali Qafqaz türklərinin aktiv ziyalılarının təşəbbüsü ilə Acarıstanın mərkəzi Teymurxanşurada (sovet dövründə şəhər Buynaksk adlanırdı) Rusiya müsəlmanlarının birinci qurultayının keçirilməsi başlanmış siyasi-ideoloji prosesin məcrasını doğru səmtə yönəltmişdi. Həmin qurultayda masaya qoyulmuş problemlərin həlli yollarını göstərən dayanıqlı bir tələbnamə hazırlanmışdı ki, bu sənədin işlənib redaktə edilməsində Əli bəy Hüseynzadənin də xüsusi əməyi var idi. Bakıda rus dilində çıxan “Kaspi” qəzetinin mətbəəsində çap edilmiş tələbnamənin Peterburqda çarın dəftərxanasına təqdim edilməsində də Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov və digər ziyalılar iştirak etmişdilər. Sənəddə ana dilində məktəb, mətbuat və digər millətlərə verilmiş muxtariyyət qədər müsəlmanlara da imtiyazların verilməsi və dumada iştirak edəcək vəkillərimizin olması tələbi əsas yerdə dayanırdı. Çarın qarşısında qoyulmuş yazılı tələbnamənin cavabı olaraq artıq bəzi məsələlərdə irəliləyişlər diqqəti cəlb edirdi. 1905-ci ildə Bakıda ana dilində “Həyat” qəzetinin nəşrə başlaması və növbəti ildə Azərbaycan xalqının içindən rus dövlətinin ali qanunvericilik orqanına vəkillərin seçilməsinə icazə verilməsi millətin qabaqcıl ziyalılarının siyasi-ideoloji cəhətdən qazandıqları ilk əsas uğurlardan sayılırdı. Yaranmış hüquqi imkanlardan səmərəli istifadə edilməli idi ki, millətin sosial-iqtisadi və ictimai-mədəni imkanları genişlənsin. Bu mənada xalq öz vəkillərini seçərkən daha diqqətli olmalı, münasib olmayan namizədləri seçməməli idi. Odur ki seçki ərəfəsində xalqın mədəni-mənəvi və sosial-iqtisadi inkişafının qeydinə qalan mütərəqqi fikirli ziyalıların narahatlığı əsassız deyildi…

Davamı…

Məsməxanım Qubadova
Sənətşünaslıq üzrə fəlsəfə doktoru