Füyuzat 137 Muxtar Cəfərli

Ruhun tənəzzülü özünə yadlaşmaq

Müasir çağın ən böyük mənəvi xəstəliklərindən biri insanın “öz”ünə, öz dəyərlərinə yadlaşmasıdır. Bu yadlaşma insanla “öz”ünün arasında yaranan məsafədən ibarətdir. Təbii ki, buradakı məsafə məkan anlayışından daha çox, insanın özünü görməsinə mane olan hər cür sosial, mədəni, psixoloji, iqtisadi və s. səbəblərdir. İnsanın “öz”ünə bağlı qalmasının önündəki bütün maneələr onu öz dəyərlərinə yadlaşdırır. İnsan bu dəyərlərlə bütünləşə bilmədiyi üçün onların yerini başqa ünsürlər tutmağa başlayır. Zaman keçdikcə də “öz”ünə və dəyərlərinə yadlaşan və başqalaşan bir varlığa çevrilir.

Bu xəstəliyə tutulan biri rahatlıqla ondan qurtula bilməz. Yəni insan yadlaşmağa doğru kiçik bir addım atsa, sonradan onun qarşısını almağa gücü yetməz. Getdikcə öz fitrətinə, inancına, dilinə, mənəviyyatına, mədəniyyətinə və adət-ənənələrinə xor baxmağa başlayar. Milli və mənəvi dəyərlərə laqeydlik isə qarşısıalınmaz problemlərə gətirib çıxarar. Belə hala düşən bir adamın getdikcə əvvəlki şüur və düşüncəsi itər, mənəvi dəyərlərinə güvənsizliyi yaranar, bununla da öz həqiqi kimliyindən qopar. Bir vaxtlar mühüm saydığı dəyərlər artıq onun üçün heç bir əhəmiyyət kəsb etməz. Bir müddət sonra özünü də, çevrəsini də anlamaqda ciddi çətinlik çəkər. Ünsiyyət qurduğu yaxınları ilə eyni duyğuları paylaşmaqdan, eyni düşüncələri bölüşməkdən, eyni cəmiyyətdə yaşamaqdan mənən uzaqlaşar. İfadəli desək, həqiqət çeşməsini qoyub saxta və aldadıcı sərabda su axtarmağa başlayar. Cəmiyyətlə bağlarını qoparıb tənhalıq girdabına düşər. Doğru istiqamətini itirib yoxluğa, heçliyə sürüklənər.

İnsanı öz dəyərlərinə yadlaşmağa sövq edən səbəblər müxtəlifdir. O, bəzən şan-şöhrət, bəzən məqam-mövqe, bəzən uzun-uzadı arzu və xülyalar, bəzən də rahatlıq və dünyəvi həzlər üçün öz dəyərlərinə yadlaşır. Dünyanın saxta cazibəsinə qapılıb həqiqət aləmini unudur. Yaxşı ilə pisin, gözəl ilə çirkinin arasındakı incə xətti görə bilmir. Bu dəyişmə yavaş-yavaş baş verdiyi üçün insan aramla sahildən aralanan gəmi kimi həqiqətlərdən nə qədər uzaqlaşdığının fərqinə varmır. Sərbəstlik və azadlıq düşüncəsi adı altında özünün qurduğu yalanlarına aldanır. Əslində isə, öz “mən”inə sitayiş edir və eqosunun əsirinə çevrilir. Saxta iltifatlara aldanaraq özünü olduğundan böyük görməyə başlayır, dünyanın onun ətrafında fırlandığını zənn edir. Həqiqətdə isə belə bir insan ya uçurumun kənarında dayanmış, ya da artıq oradan yuvarlanmağa başlamışdır.

İnsan öz dəyərlərindən uzaqlaşmağa başladıqdan sonra təxmin edə bilməyəcəyi dəyişikliklər yaşayır. Maddi imkanı zəif olduğu vaxtlar dəyərlərinə sahib çıxan, onları qorumağa çalışan insan əlinə güc-fürsət düşən kimi bunlardan öz rahatlıq və mənfəəti üçün istifadə etməyə başlayır. Belə ifadə etmək olarsa, yola Musa və Harun kimi çıxsa da, sonda özü də bilmədən fironlaşır. Axırda elə bir hala düşür ki, əvvəlki halından əsər-əlamət belə qalmır.

Davamı…