Mənəviyyat Muxtar Cəfərli

Məna gülüstanında açan bir gül: İbrahim Gülşəni Bərdəyi

Əsrlər öncə yaşamış elə böyük insanlar vardır ki, onlar səsləri, sözləri, düçüncələri ilə qəlblərimizdə və zehinlərimizdə bu gün də yaşayırlar. Belə böyük insanlardan biri də İbrahim Şəhabəddin Bərdəyi Gülşənidir. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İbrahim Gülşəni hicri tarixi ilə 830-cu ildə (1426–1427) Azərbaycanımızın gözəl guşələrindən biri olan Bərdədə dünyaya göz açır. O hələ iki yaşında ikən atası Haqqın rəhmətinə qovuşur. Əmisi Seyid Əli onu öz himayəsinə götürür. Onun elmli, əxlaqlı, ədəbli və vicdanlı bir insan olması üçün əlindən gələni edir. Seyid Əli kamil bir insan olduğu üçün uzaqgörənliklə onun haqqında belə deyirdi:

– Bu fidanı əkdim, böyüyüb boy atması üçün var gücümlə çalışacağam, inşallah, gələcəkdə qollu-budaqlı böyük bir ağaca çevriləcək. Elm meyvələrindən bəşəriyyət nəsibini alacaq və hikmətinin kölgəsində xeyli insan rahatlıq tapacaq.

Seyid Əlinin həqiqəti əks etdirən bu düşüncəsi gözlədiyindən də artıq və tez nəticəsini verdi. Çünki İbrahim elm, irfan və hikmətdə qibtə ediləcək bir dərəcəyə yüksəldi.

İbrahim o dövrün üsuluna görə təhsilini tamamlayır. Hətta yoldaşlarından üstün, barmaqla göstərilən bir hikmət xəzinəsinə çevrilir.

İbrahim daha da yüksək zirvələrə çıxmaq üçün zamanının elm və mədəniyyət mərkəzi olan Səmərqəndə yola düşür Təbrizə çatanda Uzun Həsənin qazıəsgəri Molla Həsənlə görüşür. Bu görüşdən sonra Molla Həsən İbrahimin elm-irfanına, hikmətli söhbətinə heyran olur və tez bir zamanda onun sevgisi Şeyx Həsənin qəlbində özünə yer tapır.

Molla Həsən ona “əgər Təbrizdə qalsanız, sizə hər cür maddi və mənəvi dəstək göstərərik, sizə xidmət etməklə şərəflənərik” deyir. İbrahim bu təklifi qəbul etdikdə isə Molla Həsən bu görüş haqqında Uzun Həsənə məlumat verir. Beləcə, Uzun Həsən Molla Həsənin tövsiyəsi ilə divani-humayunda ona vəzifə verir.

Lakin İbrahim qəlbinə axan İlahi nurlara və ruhuna çatan sübhani məhəbbətə görə dayanmadan uçan bir quş kimi maddə aləminin səhrasından məna aləminin gülüstanına uçmaq arzusunu davamlı olaraq içində hiss edirdi. Nəhayət, bir müddətdən sonra məqamını və səltənət sarayını tərk edərək xəlvəti təriqətinin şeyxi Seyid Yəhya Şirvaninin xəlifəsi olan Dədə Ömər Rövşəninin tələbəsi olur.

Qısa müddət ərzində ustadı Dədə Ömər Rövşəninin yanında mənəvi və batini elmlərdə gözəl şəkildə yetişir. Dili, qələmi və halı ilə elə böyük xidmətlər göstərir ki, insanlar üçün gözəl örnəklərdən biri və Allaha gedən yolda əmin rəhbərlərdən birinə çevrilir. Mələkut və məna aləminin gülzarında ən gözəl və ən təsirli ötən bülbüllərindən biri olur. Həllac Mənsur “ənəl-həqq” (mən haqqam) dediyi halda, İbrahim Gülşəni də “ənəl-eşq” deyir:

Mənsurə dönüb mehr ilə derəm, ənəl-eşq,

Çün qeyrət ilən asmaq üçün darumi buldum.

İnsanlar arılar kimi onun hikmət balından dadmaq və mənəvi həzz almaq üçün onun söhbətlərinə qatılırdılar.

Müəllimi Ömər Rövşəni onu “Gülşəni” təxəllüsü ilə çağırdığına görə o özünün “Heybəti” təxəllüsünü “Gülşəni” təxəllüsü ilə əvəz edir və müəllimi vəfat edəndən sonra onun yerinə keçir.

İnsanlarla elə şirin, xoş, mülayim davranardı ki, dost-düşmən, hamı onu təqdir edərdi. Müsəlmanlar onun hüzuruna gəldikləri kimi, kafirlər də İbrahim Gülşəninin hüzuruna gələr, onun təvazökarlığını görüb müsəlman olardılar.

Uzun Həsən də İbrahim Gülşənini çox sevib hörmət edərdi. O, bir gecə yuxusunda qara bir zəncinin onu öldürmək məqsədi ilə üzərinə hücum etdiyini görür. Ölüm qorxusu içində ikən birdən İbrahim Gülşəni öz tələbələri ilə birlikdə gəlib imdadına yetişir və tələbələrinin hər birinə bir qılınc verir, onlar da bu qara şəxsi qılıncları ilə vurub parça-parça edirlər.

Ertəsi gün Uzun Həsən İbrahim Gülşənini sarayına dəvət edir. O, İbrahim Gülşənini böyük ehtiram və izzətlə qarşılayır. Ancaq yuxusunu danışmağa fürsət tapmamış İbrahim Gülşəni onun yuxusunu yozur. “Sədəqə bəlanı dəf edir, ömrü uzadır”, – deyə buyurur. Bu vəziyyəti görən Uzun Həsənin İbrahim Gülşəniyə etimadı və bağlılığı daha da artır.

Uzun Həsən oğlu Xəlili gözəl bir idarəçi kimi yetişməsi üçün fars vilayətinə vali təyin edir. Xəlil isə getdiyi vilayətin insanlarına zülm etməyə başlayır. Onun zülmündən bezən xalq vəziyyəti Uzun Həsənə bildirir. Uzun Həsən bu vəziyyətə çox kədərlənir və İbrahim Gülşəni ilə Qazi Həsəni yanına çağırıb deyir:

– Oğlum Xəlil zülmə başlayıb. İndi yazdıracağım əmri aparıb insanların içində oxuyun.

Uzun Həsənin xanımı vəziyyəti tez oğluna bildirir. Xəbər Xəlilə çatan kimi yollara adamlar qoyur: “Gələnləri tutub dərhal hüzuruma gətirin”, – deyə əmr verir.

İbrahim Gülşəni ilə Qazi Həsən həmin yerə yaxınlışdıqları zaman Xəlilin adamları onları tutub valinin hüzuruna gətirirlər. Xəlil dərhal özünü İbrahim Gülşəniyə hörmət edirmiş kimi göstərərək:

“Ey şeyx! Təbrizdən neçə gündür çıxmısınız?” – deyə soruşur. İbrahim Gülşəni də “on yeddi gündür” söylədikdə isə Xəlil istehza ilə gülərək: “Təbrizdən buraya bir aya ancaq gəlmək olar. Üstəlik, bu qış mövsümündə yollar qarlı və buzludur. Daha uzun müddətə gəlməli deyildinizmi?” – deyib inanmır.

İbrahim Gülşəni də: “Biz həyatımızda heç yalan söyləmədik. Yalan söyləyənləri də sevmərik. Bunu yaxşı bil ki, Allahın sevdiyi qullarının himməti dağları belə əridər. Bizim bir aylıq yolu on yeddi günə gəlməyimiz təəccüblü bir şey deyildir ki… inanmırsınızsa, bu məktub, bu da üzərindəki tarix”, – deyə buyurur. Bu vəziyyət qarşısında çaş-baş qalan Xəlil: “Bu sizin kəramətinizdən başqa bir şey deyildir”, – deyir.

Həmin əsnada vali Xəlil “Sabah İbrahim Gülşənini qətl etdirərəm” – deyə düşünür. Həmin gecə yuxusunda İbrahim Gülşəninin onun boğazını sıxaraq: “Ey zalım! Etdiyin zülmlər bəs deyil ki, Allahın xalis qullarına da pislik etmək istəyirsən?!” – deyir. Xəlil qan-tər içində yuxudan oyanıb əllərini qaldıraraq tövbə edir və “Bundan sonra heç kəsə zülm etməyəcəyəm” deyir.

Atası Uzun Həsənin və qardaşı Xəlilin ölümündən sonra taxta çıxan Sultan Yaqub da İbrahim Gülşəniyə böyük izzət və hörmət göstərir. Onun üçün bir dərgah inşa etdirir. İbrahim Gülşəni bir müddət orada insanlara nəsihət verir və elm öyrədir.

Lakin çox keçmir, Təbrizdə fitnə qaynayır. O bu fitnədən qurtulmaq üçün hicrət etməyə qərar verir. Macəralı bir səfərdən sonra oğlu Əhməd Xəyali ilə birgə Diyarbəkirə, oradan da Misirə çatırlar.

İbrahim Gülşəninin müəllimi Ömər Rövşəninin tələbələrindən Teymurtaş ilə Şahin də daha əvvəl Misirə gəlmişdilər. Misirlilər də onlara böyük ehtiram göstərirdilər. İbrahim Gülşəninin Misirə gəlməsini xalq böyük sevinclə qarşılayır və Misirdə “Qübbətül-Mustafa” adlanan yerdə məskunlaşıb elə orada da insanlar üçün söhbət və nəsihətlər edir.

Sultan Səlim də Misiri işğal etdiyi zaman bu Haqq dostuna çox hörmət edir. Dəfələrlə onun söhbətlərində iştirak edir.

Misirdə İbrahim Gülşəninin tələbələri və sevənləri günü-gündən artmağa başlayır. Adı zəmanənin sultanı Qanuni Sultan Süleymana qədər gedib çatır. Sultan Süleyman onu İstanbula dəvet edir. İstanbula gələn İbrahim Gülşəni artıq 104 yaşında idi. Gözlərində narahatlıq hiss edirdi. Gözləri çox zəifləmişdi. Bundan xəbər tutan Süleyman ona lazımi yardım göstərilməsini əmr edir. Nəhayət, Allahın izni ilə qısa bir zamanda onun gözləri yenidən açılır. İbrahim Gülşəninin gözləri açıldıqdan sonra Ətiq İbrahim Paşa məscidində xalq üçün yenidən söhbət və nəsihətlər etməyə başlayır.

Bir müddət İstanbulda qalan İbrahim Gülşəni padşahdan izin alaraq yenidən Misirə qayıdır.

İbrahim Gülşəni 1534-cü ildə (hicri 940-cı ildə) şəvval ayının 9-cu günü dünyasını dəyişir.

İbrahim Gülşəni vəfat etdiyi gün Müntəci Muhəmmədin evinin qarşısındakı bir sərv ağacı aşır. Müntəci Muhəmməd “Bu xeyir əlaməti deyil” deyib İbrahim Gülşəninin evinə tərəf yönəlir. Ora çatdığı zaman İbrahim Gülşəninin vəfat etdiyini öyrənir. Evinin qarşısında bir sərv ağacının aşdığını Gülşəninin oğlu Əhməd Xəyaliyə danışır. Orada olanlar çox təəccüblənirlər. Çünki yaxınları tabut düzəltmək üçün adamları sərv ağacı axtarmağa göndərmişdilər. Sən demə, sərv ağacının aşması İbrahim Gülşəninin tabutu üçün imiş. Həmin sərv ağacından tabut düzəldərək onu dəfn etməyə aparırlar.

İbrahim Gülşəni məşhur xəlvətiyyə sufi təriqətinin gülşəniyyə qolunun qurucusu – şeyxi idi. O, Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”si tərzində qırx gün müddətində qırx min beytlik farsca bir məsnəvi yazmışdır. “Mənəvi” adını verdiyi bu kitabı çox dəyərlidir. Tələbələrinə də tez-tez “Məsnəvi”ni və “Mənəvi”ni oxutdurardı.Gülşəni dərvişi güldür, qönçədir Mövləvi,Bülbüli-şeyda oxur gah “Məsnəvi”, gah “Mənəvi”. Bəzi mənbələrə görə, İbrahim Gülşənidən təxminən 250 il əvvəl yaşamış Cəlaləddin Rumi İbrahim Gülşəninin gələcəyindən xəbər vermişdir.

Bundan əlavə, onun ərəbcə, farsca və türkcə divanları, “Ruznamə” və “Kənzul-Cəvahir” adlı əsərləri də vardır.

Onun məqsədi kamil insan, yəni vətəninə, millətinə, insanlığa xidmət edən, qəlb qırmayan, bütün millətləri bir gözlə görməyi bacaran, insanlara insan olduğu üçün dəyər verən, elm və irfan sahibi olan insanlar yetişdirmək idi.

İbrahim Gülşəninin 10-dan artıq əsəri bu günədək əlyazma şəklində qalmaqdadır. Xarici ölkələrdə, xüsusilə də Türkiyədə onun haqqında xeyli əsər yazılmışdır. Ölkəmizdə isə inidyədək onun türkcə divanı Vatikan, Sankt-Peterburq, Ankara əlyazmaları əsasında hazırlanaraq nəşr etdirilmişdir. Bundan əlavə, Gülşəninin bir neçə şeiri 20 cildlik “Azərbaycan klassik ədəbiyyatı kitabxanası”nın III cildində nəşr olunub.