“Ağlayın, su yüksəlsin! Bəlkə, qurtular gəmi…”
İnsan bu dünyaya göz açdığı andan etibarən ağlamağa başlar. Bu ağlayış təkcə həmin anla bitməz, zaman-zaman həyatın müxtəlif mərhələlərində də davam edər. Bəlkə də, yükləndiyi məsuliyyətin ağırlığını sezdiyi və həyatda başına gələcəkləri hiss etdiyi üçün öncədən ağlayar.
Yaranışın başlanğıcına xəyalən səyahət etsək, ilk göz yaşının elə ilk insanla başladığını görərik. Bəli, insanlardan ilk ağlayan bir peyğəmbər olmuş, şeytanın hiyləsinə uyduğuna görə ömrünün yarısını peşmanlıqla ağlamış, Rəbbinin qarşısında həyasından göz yaşı tökərək ömrünü keçirmişdir.
Əslində, peyğəmbərlərin ömür yoluna nəzər saldığımızda hər birində göz yaşı görərik. Göz yaşı tökmək peyğəmbərlərin ən önəmli vəsflərindəndir. Qurani-Kərim onların ortaq xüsusiyyətlərini vəsf edərkən “Onlara Rəhmanın ayələri oxunduğu zaman səcdəyə qapanıb ağlayardılar” (“Məryəm”, 58) buyurur. Tufan peyğəmbəri Həzrət Nuh gözlərindən axıtdığı qətrələrlə dünyanı sel-suya qərq etmişdi. Həzrət İbrahim göz yaşları ilə atəşi bərdü-səlama – sərinliyə çevirmişdi. Yunus peyğəmbərin qövmü göz yaşı ilə bəla və müsibətdən qurtulmuş, Həzrət Yaqub göz yaşının sonunda Yusifinə qovuşmuşdu. Peyğəmbərlərin baştacı Həzrət Muhəmmədin (s) mübarək gözlərindən rəhmət damlaları gecələri sübhə kimi əskik olmazdı. Və bu göz yaşlarının səbəbilə bir gün Həzrət Cəbrail Rəbbindən belə bir müjdə gətirmişdi: “İzzət və cəlalıma and olsun ki, Məndən qorxduğu üçün bir qulum göz yaşı tökərsə, Mən Cənnətdə onu çox sevindirəcəyəm”.
Göz yaşı insanın Rəbbinə ən zərif təşəkkürü, qəlbdəki hisslərin ən gözəl tərcümanı, ilahi rəhmətin damla halında təzahürüdür. Bu baxımdan bir damlası belə Rəbbimizin qatında cənnət bulaqlarından daha dəyərlidir.
Göz yaşı kəlmələrin daşıya bilməyəcəyi mənaları özündə ehtiva edən, dil insanın halını ifadə etməyə aciz qaldığında gözdən axan inci dənəsidir.
Səmimi göz yaşı hicranla yanan bir ruhun iç sızıltısı, həsrət dolu bir qəlbin hüzn selidir.
Zahirdə bir neçə damla şəffaf sudan ibarət olsa da, yerinə görə fərqli mənalar daşıyır göz yaşı. Allaha sevgi səbəbilə gözdən yaş axarsa, adı eşq olar. Günaha görə axarsa, adı qəlbi kirdən təmizləyən tövbə olar. Qəlb yanğısından doğan fəryada görə axarsa, özü su olsa belə, adı atəş olar.
Göz yaşı cəhənnəmin alovlarını söndürəcək bir cövhərdir. Kainatın fəxri Həzrət Muhəmməd (s) ümmətinə: “Allah qorxusuyla ağlayan və Allah yolunda keşik çəkərək yuxusuz qalan gözə cəhənnəm atəşi toxunmaz”, – deyə göz yaşlarının ilahi əzabdan aman olacağının müjdəsini verir. Bu müjdənin qarşılığında isə “bildiyimi bilsəydiniz, az gülər, çox ağlardınız” deyə ümmətinə ciddi xəbərdarlıq da edir.
Göz yaşı ən səssiz, ən səmimi duadır. Ən tez qəbul olan dua elə iç sızıltısı və göz yaşıyla edilən yalvarışdır. Ona görə də “Allahım, ürpərməyən qəlbdən, ağlamayan gözdən sənə sığınıram” duası heç vaxt Allah Rəsulunun (s) dilindən düşməzdi.
Böyük İslam mütəfəkkiri Muhəmməd Qəzali “ağlamayan aldanmışdır” deyir. Allah insanlara zəif və aciz qul olduqlarının əlaməti olaraq göz yaşı nemətini vermişdir. Bu vasitənin sirrinə varmayanlar – göz yaşlarının arxasındakı sərinliyi, ruhun dinlənməsini, qəlbin həzzini yaşamayanlar, əlbəttə, aldanmış sayılırlar. Bu ağlama mal-mülkə, dünyada əldə edə bilmədiklərimizə və ya itirdiklərimizə görə deyil. Bu göz yaşı Allaha yaxınlıqdan, Ona məhəbbətdən, bəzən də Onun rəhmət və sevgisindən uzaq düşmək qorxusundan axan ixlas və vəfa rəmzidir. Bu göz yaşları ilahi eşqin səssiz fəryadıdır. İçində sevgi və hərarət daşıyanın gözündə də yaş olar. Əks təqdirdə gözləri səhratək qupquru olanların içlərində də həyat nişanəsi olmaz. Göz yaşının qulluqdakı ucaltma sirrini anlamayanlar bu həqiqəti idrak edə bilməzlər. Anlamamaqda israr etməkdən də böyük bəla yoxdur. Necə ki Həzrət İsadan “Ölünü diriltməkdən daha çətini nədir?” – deyə soruşduqda “anlamayana anlatmaqdır” cavabını vermişdi.
Mövlana Cəlaləddin Rumi “Məsnəvi”də göz yaşını can səhrasını yaşıllaşdıran və qəlblərə dirilik bəxş edən yağışa bənzədir: “Harada bir axar su varsa, orada yaşıllıq vardır. Harada axan göz yaşı varsa, oraya rəhmət yağar. Torpağı yaşıllaşdıran yağış və günəşdirsə, insanı kamala yetirən də göz yaşıdır…”
Qəlbi atəşlə dolu gözüyaşlı aşiq, eşq və iztirab şairi Məhəmməd Füzuli “eşq dənizinə qərq olan aşiqin gözlərindən tökülən yaşlar sanki bir inci kimidir, çünki onun müştərisi Allahdır” deyərək ağlayanlara Haqqın lütfünün yetişəcəyini söyləyir:
Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm,
Leyk bir gövhər ki, lütfi-Həqq onadır müştəri.
İnsanlıq üçün çox vaxt hər kəsdən gizlin göz yaşı tökən siddiqlər – sadiqlər vardır. Onlara “bəkkaun” (çox ağlayanlar) deyilir. Onlar elə dərdli insanlardır ki, onların bircə “ah”ından, bir damla göz yaşından dəryalar meydana gələr. Sonra o göz yaşı dəryası buxarlaşıb bulud halında Rəhmanın ərşinə çatar. O göz yaşlarından Ərş lərzəyə gələr. Daha sonra yağış halında Yer üzünə enərək kin, həsəd və nifrət kimi günah alovlarını söndürər. Vilayət səmasının batmayan günəşi imam Cəfər Sadiq (ə) göz yaşının əhəmiyyətini belə vurğulayır: “Göz yaşı xaricində hər şeyin ölçüsü və çəkisi vardır. Bir damla göz yaşı alov dəryasını söndürər. Ağlayan gözə zillət tozu bulaşmaz. Allah ağlayıb yaş tökən gözə cəhənnəm odunu haram edər. Əgər bir ümmət arasında ağlayan biri varsa, o ümmətə rəhm olunar”.
İnsan, ümumiyyətlə, sevinc, kədər, ayrılıq və vüslət kimi səbəblərdən göz yaşı tökər. Lakin Uca Allaha dost olanları daha çox “Allah qorxusu” və “Allah sevgisi” ağladar. Yanağından süzülən göz yaşları onun könlünə ilham verən həqiqi bir mürşid olar. Qəlbi sevgi və qorxu ilə dolan bir insan bütün ümidlərin kəsildiyi zaman rəhmət qapısının eşiyində ümidlə göz yaşı tökər. Rəbbindən gələcək ilhamları gözləyər. Yunus Əmrənin diliylə desək, “Dəryada mahi ilə, səhrada ahu ilə” hər yerdə Ondan bir iz və əlamət axtarar, hər yerdə Onun xəbərini soruşar, bir damla göz yaşına böyük ümmanları sığdırar. O qədər ağlayar ki, göz yaşları Rəbbini unutduran kölgə hökmündəki dünyasını sulara qərq edər. Bu hal onun ruhunda dərinləşdikcə qarşısıalınmaz eşq və iştiyaqa çevrilər. Qəlbi riqqətə gəlib tərifəgəlməz hisslər, hallar yaşayar.
Göz yaşı üsyan dənizinə düşənlərin qurtuluş vasitəsidir. İnsan günahlarına görə bəzən çox qarışıq, böhranlı hallar yaşayar, qəlbini narahatlıq bürüyər. Bunun arxasınca peşman olub ağlayarsa, onun göz yaşları başqa aləmlərə körpü olar. Ümumiyyətlə, insan öz göz yaşlarının mənəvi mahiyyətinə baxmağı bacararsa, onda nə qədər ülvi aləmləri müşahidə edər. Oxuya bilmədiyi hikmətləri onunla oxuyar, görə bilmədiyi işarə və müjdələri onunla görər. Eyni zamanda səmimi göz yaşı sayəsində Allahdan başqa dərdinə dərman olmadığını bilər. Onun heç bir göz yaşını zay etməyəcəyini, göz yaşı tökən qulunu cavabsız qoymayacağını dərk edər.
Yağış yer üzünü yuduğu kimi, göz yaşı da günahları silər süpürər. Mövlananın ifadəsi ilə desək: “İçdəki kiri su deyil, ancaq göz yaşı təmizləyər”. Çünki göz yaşının vəzifəsi arxasınca gələn təbəssüm üçün şərait hazırlamaqdır. Bir atalar sözündə deyildiyi kimi: “Dünya iki göz yaşı arasındakı təbəssümdən ibarətdir”.
İnsanın Allaha yaxınlaşa bilməsi üçün yeganə sığınacaq göz yaşıdır. Gecənin səssizliyində, halına, niyyətinə riya qarışmadan Rəbbi ilə həmdəm olmaq, səccadəsinə inci kimi göz yaşı saçmaq insanın qəlbini maddi aləmdən uzaqlaşdırıb ülviyyətə bağlayar. Beləcə, insan təkcə öz qurtuluşunu deyil, bütün insanlığın qurtuluş dərdini çəkməyə başlar. Şair Nəcib Fazil Qısakürəyin ifadəsi ilə desək, qəlbi hüşyar, gözü yaşlı halda “Ağlayın, su yüksəlsin! Bəlkə, qurtular gəmi”. Əslində, hıçqırıqlarla ağlaya bilmək və suyun yüksəlməsində bir neçə damla ilə də olsa, payı olmaq Rəbbinə vəfanın təzahürü və böyük səadətin başlanğıcıdır.