Aktual Elçin Bilaloğlu Füyuzat 129

Cənubi Qafqazda Qərb–Rusiya mübarizəsi

Avropa İttifaqına üzv ölkələrin XİN rəhbərləri yanvarın 23-də Ermənistana 2 il müddətinə mülki missiyanın göndərilməsi barədə qərar qəbul etdi. 44 günlük Vətən müharibəsi başa çatandan 27 ay sonra bu missiya Ermənistanda öz işinə başladı. Mülki missiyanın tərkibinə 100 nəfər ekspert və avropalı müşahidəçi daxildir. Məqsəd “Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, yerlərdə etimadı möhkəmləndirmək, eləcə də Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması üzrə səylər üçün əlverişli şərtləri təmin etməkdir” və bu, Azərbaycanın istəklərinə cavab verir. Ötən 27 ayda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasına əngəl törədənlər yenə öz ampluasındadır.

Bundan əlavə, fevralın 15-də baş tutan Münhen Təhlükəsizlik Konfransından sonra Cənubi Qafqazda geopolitik proseslərin istiqamətlərində müəyyən dəyişikliklərin ola biləcəyi istisna deyil. Konfrans sübut etdi ki, Rusiya Cənubi Qafqazda şəriksiz “hakim” funksiyasını yerinə yetirə bilməyəcək. Son vaxtlara qədər daha çox Avropa İttifaqı və Fransa Rusiyanın “regional hakim” statusuna şərik çıxmağa çalışırdı. İndi isə ABŞ-ın da regional proseslərdə birbaşa iştirak etmək üçün əlavə geopolitik mexanizmlər qazandığı müşahidə olunur. Belə ki, ABŞ dövlət katibi Entoni Blinkenin uzun müddətdən bəri dalana dirənmiş sülh danışıqları prosesini yenidən fəal fazaya qaytarmağa cəhd göstərməsi və buna nail olması böyük əhəmiyyət daşıyır. Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti yüksəksəviyyəli görüşün baş tutması ABŞ-ın Cənubi Qafqazda geopolitik təşəbbüsü Rusiyanın əlindən almağa yaxın olduğunun göstəricisidir.

Belə görünür ki, hazırda regional proseslər Rusiyanın maraqlarına uyğun cərəyan etmir. Onun öz hərbi müttəfiqi və ənənəvi regional forpostu – Ermənistandan aldığı zərbələr Kremli daha çevik və radikal qərarlar qəbul etməyə məcbur edir. Kremlin bu prosesə müqavimət resurslarının təsir dairəsi Rusiyanın Qafqazda gələcək taleyini müəyyənləşdirəcək. Hadisələrin inkişaf istiqaməti isə daha çox Rusiyanın bu prosesə göstərəcəyi reaksiyadan asılı ola bilər.

Təbii ki, Azərbaycan iqtidarı da ölkəsinin maraqlarını təmin etmək üçün geopolitik manevrlərini davam etdirməkdədir. Bu baxımdan Münhen konfransı çərçivəsində baş tutan görüşün ilkin nəticələrini rəsmi Bakının önəmli diplomatik uğuru hesab etmək olar. Prezident İlham Əliyevin üçtərəfli görüş zamanı Zəngəzur dəhlizində və Laçın yolunda sərhəd-keçid və nəzarət-buraxılış məntəqələrinin yaradılması ilə bağlı irəli sürdüyü təklifi xüsusi önəm daşıyır. Qənaətimiz belədir ki, bundan sonra geopolitik və regional sülh prosesləri Azərbaycan Prezidentinin həmin təklifinin təsiri altında qalacaq.

2020-ci ilin 10 noyabr anlaşmasından ötən müddət ərzində rəsmi Bakı israrla Zəngəzur dəhlizinin açılmasına çalışır və bu istiqamətdə üzərinə düşən bütün işləri reallaşdırır. Anlaşmaya görə, Zəngəzur dəhlizinə Rusiya qoşunlarının nəzarət etməsi nəzərdə tutulurdu. Yəni həmin dəhlizin açılması və ona nəzarət Rusiyanın maraqlarına tamamilə cavab verir. Ancaq çox qəribədir ki, bu mövzuda əsasən susmağa üstünlük verən Rusiya rəsmiləri bəzi hallarda nəqliyyat-kommunikasiya xətlərinin keçdiyi ölkələrin qanunvericiliyi əsasında fəaliyyət göstərməli olduğunu vurğulayırlar. Görünür, Rusiya Zəngəzur dəhlizinin açılmasında nə qədər maraqlı olsa da, hədəfinə Azərbaycanın təzyiqləri hesabına çatmasına ümid edirdi. Amma İlham Əliyevin təklifi Rusiya rəsmilərinin xəyallarını boşa çıxardı. Çünki rəsmi Bakı artıq dəhlizin hər iki tərəfində nəzarət-buraxılış məntəqələrinin qurulmasını təklif edir; buna paralel olaraq eyni prinsiplərin Laçın yolu bölgəsi üzrə Azərbaycan–Ermənistan sərhədində də tətbiqini reallaşdıracaqdır. Yəni Rusiya 10 noyabr üçtərəfli anlaşmasına uyğun olaraq Zəngəzur dəhlizinə nəzarət etmək istəyirsə, Kreml bunu birbaşa Ermənistanla həll etməlidir.

Davamı…