Füyuzat 129 Həşim Səhrablı Təhlil

Çin–Tayvan münaqişəsi. Tarix, bu gün və sabah…

Çin və Tayvan arasındakı gərginlik Çinin bölgəyə ərazi iddialarından irəli gəlir. Belə ki, Çin dövləti bu adanı nə özü müstəqil dövlət kimi tanıyır, nə də özünün güc və təsirindən istifadə edərək Tayvanın dünya dövlətləri tərəfindən müstəqilliyinin tanınmasına icazə verir. “Vahid Çin” siyasətindən yola çıxan rəsmi Pekinin adaya ərazi iddialarının tarixi kökləri var.

Tayvanın əsas etnik tərkibinin indiki Cənubi Çindən gələn avstroneziya tayfalarının olduğu iddia edilir. Bəzi mənbələrə görə, ada eramızın 239-cu ilində, Çin imperatorunun ərazini araşdırmaq üçün oraya ekspedisiya göndərməsi nəticəsində kəşf edilib. Bunlar rəsmi Pekinin ərazini öz tərkibinə qatmaq üçün səbəb göstərdiyi əsas faktlardır.

“BBC News Türkçe”də yer alan araşdırmaya əsasən, 1624-cü ildən 1661-ci ilə qədər Tayvan Hollandiyanın müstəmləkəsi olub. 1683-cü ildən 1895-ci ilədək isə Çinin Qinq sülaləsinin nəzarəti altına keçib. Həmin əsrdə insanların bir çoxu Çindəki iğtişaşlar və yoxsulluq ucbatından Tayvana qaçıb. Əksəriyyəti Fujian əyalətindən olan hoklo xalqının, yaxud Quanqdonqdan olan hakkaların nümayəndələri olub. Hazırda adada ən böyük demoqrafik qrup onların nəsilləridir.

Birinci Çin–Yaponiya müharibəsindən sonra (1894–1895) Qinq sülaləsi Tayvanı Yaponiyaya vermək məcburiyyətində qalıb. II Dünya savaşının nəticələrinə görə Yaponiya bu ərazidən imtina edib. Müharibənin qalib dövlətlərindən biri olan Çin Respublikası müttəfiqləri – ABŞ və İngiltərənin razılığı ilə Tayvanı yenidən idarə edib. Lakin Çan Kayşekin rəhbərlik etdiyi Quomintanq Partiyası hökuməti ilə Mao Tszedunun Çin Kommunist Partiyası arasında Çində iqtidar uğrunda vətəndaş müharibəsi başlayıb və Quomintanq qüvvələri məğlub olub. 1949-cu ildə Çan Kayşek tərəfdarları (təxminən 1,5 milyon nəfər) ilə Tayvana qaçıb. Orada sürgündə hökumət qurub, nəzarətində olan əraziyə Çin Respublikası adını verib və 25 il bu ölkəni idarə edib.

1971-ci ilə kimi Tayvan Çini dövlət olaraq BMT Təhlükəsizlik Şurasında təmsil edib. Həmin ildən isə bu hüquq kommunistlərin idarəsində olan Pekinə qaytarılıb. Hazırda ada özünü de-fakto müstəqil idarə edir. Dünyada ən böyük 21-ci iqtisadiyyata malik olan Tayvanın müstəqilliyini de-yure 13 dövlət tanıyır: Mərkəzi Amerika ölkələri Qvatemala, Honduras, Beliz; Cənubi Amerika ölkəsi Paraqvay; Karib hövzəsi ölkələri Haiti, Sent-Vinsent və Qrenadin, Sent-Kits və Nevis, Sent-Lüsiya; Sakit okean ölkələri Tuvalu, Nauru, Palau, Marşal adaları və Afrika ölkəsi Esvatini.

 Çin–Tayvan münasibətləri bu gün

Bu gün dünyanın ən riskli problemlərindən birinə çevrilmiş və hər an hərbi toqquşma ehtimalı olan Çin–Tayvan gərginliyinin bir sıra səbəbləri vardır. Əvvəla, qeyd etdiyimiz kimi, iki ölkə arasında münasibətlər tarixi əhəmiyyət daşıyır və tərəflər biri digərindən onun iqtidarına tabe olmasını istəyir. Əslində, Tayvan dövlətinin ortaya çıxması vətəndaş müharibəsinin və iki rejimin siyasi mübarizəsinin nəticəsidir. Kommunistlərə qarşı mübarizə aparan milliyyətçi ideologiya sahibləri məğlubiyyətlə barışmır, onlar Tayvana çəkilərək burada mübarizələrinə davam edirlər. Quomintanq milliyyətçi qüvvələrin əsas məqsədi Çini kommunistlərdən təmizləyənə qədər adada müvəqqəti idarəetmə orqanı formalaşdırmaqdır.

Xülasə, həm kommunistlər, həm də milliyyətçilər Çin dövlətini təmsil etmiş, ancaq iki fərqli ideologiya ölkənin inkişafını fərqli aspektlərdən mümkün hesab etmiş, nəticədə iki rejimli “Vahid Çin” ortaya çıxmışdır. Bu isə bir müddət sonra iki dövlətli “Vahid Çin”ə çevrilmişdir.

Bu mübarizə günümüzdə də davam edir. Milliyyətçilər demokratiyaya keçid edərək müstəqil Tayvan dövlətinin inkişafını və beynəlxalq səviyyədə tanınmasını tələb etsə də, kommunistlər liberal dəyərləri özlərinin iqtisadi maraqları çərçivəsində həyata keçirməklə öz ideologiyalarında qalmaqda davam edirlər.

Davamı…