Mənəviyyat

Təlim və tərbiyə işinin insanın ictimai həyatı və sosial rifahı üçün əhəmiyyəti

Tərbiyə məfhum olaraq zənginləşmək mənasını ifadə edir. Tərbiyə şəxsin, ictimai, sosial, mədəni davranışlara, əxlaqi dəyərlərə və elmə sahib olması, düşünmə və təhlil edə bilmə, peşə seçimi və bənzər sahələrdə yüksək davranışa sahib olması deməkdir.

İnsanın maddi və mənəvi olaraq rahat yaşaması, özünü və başqalarını yaxşı tanıya bilməsi, həyatını inkişaf etdirməsi, ətrafı ilə daha yaxşı əlaqələr qura bilməsi baxımından təlim və tərbiyə işlərinin məqsədyönlü şəkildə tətbiq edilməsi işi zəruridir.

Eyni zamanda elmi-texniki tərəqqinin inkişafı, sosial və iqtisadi həyatın hər gün yenilənməsi, siyasi fəallığın və kapitalist sisteminin təsiri baxımından cəmiyyətin inkişaf dinamikası və insan həyatı üçün baş verən psixososial dəyişmələr qarşısında dəyişdirici və yeniləyici rol oynayan təlim və tərbiyə işinin icrası çox böyük əhəmiyyət kəsb etməkdədir.

İnsan həyatı çox mürəkkəbdir. Bu mürəkkəbliyi dərk etmək, var olan problemləri həll etmək və çətinlikləri dəf etmə bacarığı ilə rahat bir həyatı yaşaması üçün insanın həmişə təlim tərbiyə ilə yetişməyə, elm yolu ilə özünü zənginləşdirmə xüsusiyyətlərinə ehtiyacı vardır.

İnsanın sağlam və mədəni bir həyat yaşaması və sosial rifahı üçün elm və təhsilə ehtiyacı vardır.

Təhsil hər yerdə – ailədə, (ibtidai, orta, orta ixtisas, ali) məktəb qurumlarında, ictimai həyatda, sosial məkanlarda, mədəniyyət və incəsənətdə, ictimai ünsiyyət vasitələrində, qurum və təşkilatlarda hər zaman (maariflənmə işini aparan) planlı və proqramlı bir öyrənmə yolu ilə fərdin bilik və qabiliyyətinin inkişaf etməsi, ətraf-mühitə uyğunlaşması üçün rəhbərlik edən ictimai mədəniyyət və bəşəri qaynaqdır.  

Ailədə uşağın sağlam şəxsiyyət olaraq formalaşması, akademik bacarıqlara sahib olması, gələcək peşə həyatı ilə bağlı müsbət addımlar atması və eyni zamanda sosiallaşma səviyyəsinin yüksəlməsi üçün təhsil verən məktəb qurumunun ailə qurumu ilə birgə fəaliyyət göstərməsi də, təlim-tərbiyə işinin ən bariz nümunəsidir.

Ailə mühitində olan təlim və tərbiyə yanaşması uşaqların valideynləri tərəfindən icra olunur. Ailə mühitində tərbiyə ana və atanın övladlarına münasibətdə şəxsiyyət olmaq, dəyərli olmaq, dəyərlərlə yaşamaq, insani münasibətlər, milli və dini dəyərlər, adət-ənənələr, qohumluq əlaqələri, qonşuluq mədəniyyəti kimi sosial və digər məişət məsələlərini aşılamaqla özünü göstərir.

İnsan sosial varlıqdır. Başqaları ilə maddi və mənəvi olaraq sosiallaşan insan həyatını təkbaşına yaşamağa acizdir. Kollektiv bir həyat tərzi insanın daha da xoşbəxt yaşamasına şərait yaradır. İnsan həyatını başqaları ilə birgə və müştərək olaraq yaşamaq məcburiyyətində qalır.

Hər bir insan dünyaya gələrkən müəyyən potensiala sahib olaraq gəlir. Buna görə də hər insanın öz qabiliyyəti vardır. Şübhəsiz, insanın bu qabiliyyəti və bacarıqları ailə böyüklərinin məqsədyönlü yanaşması və əzbərçi, rəqabət yaradıcı anlayışa sahib olmayan bir təhsil sisteminin vasitəsi ilə üzə çıxır. İnsan sahib olduğu qabiliyyət və bacarığı ilə öz həyatı ilə bərabər başqalarının da ehtiyacını təmin etmədə böyük rol oynayır.

İnsan ömrü azdır. Arzu və düşüncələri isə yaşadığı həyatdan olduqca çoxdur. İnsan sahib olduğu düşüncə və arzularına müəyyən qədər də olsa çata bilməsi üçün sahib olduğu bacarıq və qabiliyyətlərini icra etmək məcburiyyətində qalır.

İnsan həyatı bütün elmləri öyrənmək üçün, çox təəssüf ki, kifayət qədər uzun deyil. Buna görə də həyatı boyu sadəcə bir işə nail ola bilir və bir peşəyə sahib olur. Elə bu səbəbə görə də insan sadəcə qabiliyyət və bacarıqlarına, eyni zamanda peşəsinə uyğun olan elmi sahələri öyrənə bilir.

Kainatda var olan bütün varlıqlar müəyyən bir sistem və ahəng içində var olur. Bu qanunlardan biri də varlıqların bir-birini tamamlama xüsusiyyətinə sahib olmasıdır. Sağ-sol, kişi-qadın, gecə-gündüz və s. amillər bir-biri üçün tamdır.

İnsanlar da bacarıq və qabiliyyətləri, sahib olduğu elm və fəziləti ilə bir- birini tamamlayan varlıqlardır. Bir insanın bilmədiyi bir şeyi o biri insan bilə bilər. Bu da insanın həyatı boyu bir peşəyə ustalıqla yanaşması, onu icra edə bilməsi və kollektiv bir həyat tərzinə malik olduğunun bir daha isbatını ortaya qoyur.

İnsan öz iradəsi qədərilə yaradıcı bir varlıqdır. İnsan qurucu bir varlıqdır. İnsanın qayəsi bir şeyləri yaşaması, yaratmasıdır. İnsan yaşadığı mühiti həmişə yaxşı etmək və abad etməklə məşğul olur.

İnsanın bu həyatda ən başlıca vəzifəsi və qayəsi cahanda ədaləti haqq və hüququ təsis edərək yaşamaqdır. Buna görə də insan dünya həyatında yaşadığı cahanı nizam içində inşa (ihya) etməlidir. Elmə sarılmalı və kəşfedici bir yol tutmalı və İlahi həqiqət uğurunda həmişə şərə qarşı mübarizə aparmalıdır.

Bu müqəddəs amal üçün insan əvvəlcə ağlın yolunu tutmalı, birlik və bərabərlik içində olmalıdır. Bilmədiklərini bilən insanlardan öyrənməli və bildiyini də bilməyən insanlara öyrətməlidir. Haqqın tərəfində olmalı, az və çoxun bərabər bölgüsü üçün mütləq anlayış olan ədaləti yaşamalı və yaşatmalı.

Vicdanlı, əxlaqlı və fəzilətli olmalıdır. Sevgi və mərhəmət hissinə sahib olmalı. Yaradanına qul olma borcunu tamamlamalı və Həbibinin yolu ilə getməli, göstərişlərinə riayət etməlidir.

Buna görə insan ilk əvvəl özündən başlamalı, kim olduğunu bilməli və elmli, irfanlı, fəzilətli olmalıdır. Bütün bunlar isə sağlam bir təlim və tərbiyə ilə mümkün olur. Təlim və tərbiyə öyrənmədir. Öyrənmə insanın həqiqətə çatma bacarığıdır.

Öyrənmə ana bətnindən başlayır. Öyrənmənin yaşı olmaz. Yalnız “Nəyi?”, “Nə vaxt?”, “Harada?” və “Necə?” öyrənmənin şərtləri vardır.

Bir insan nə qədər elmli və müdrik olsa da, yenə də digər insanlar qədər yetərsizdir. Öz yerini, həddini bilməyən insan isə özü olmayan və ya özü olmağı bacarmamış, cəhalət içində həyatını çox çətinliklə yaşayan insandır. Yaşadığı müddət ərzində ətrafına fərqində olmadan ziyan verən zavallı məxluqdan başqa bir şey deyildir.

T.Hobbes “İnsan insanın qurdudur” demişdir.

Bu gün insanlar bir -birinin canına qəsd edir, malına mülkünə əl qoyur, zəbt edir. İnsan insan əməyini istismar edir. Xoşu gəlmədiyi, özündən zəif və gücsüz olan insanlara əziyyət edir, namus, şərəf və ləyaqətini alçaldır.

Ata oğlu, oğul ataya haqsız davranır, dünya malına görə bir-birinə yaxın olan insanlar arasında qan tökülür. Ata oğlunu, oğul atasını, ana övladını, övlad anasını maddiyyat üçün tərk edir, ailəsini aldadır, xəyanət edir. Yaşlı insanlara dəyər verilmir. Uşaq və qadın adam yerinə qoyulmur.

İnsanlar arasında dedi-qodu, qeybət halları baş alır gedir. İnsan insana sevgi ilə deyil hiylə ilə yanaşır. Pul adlı kapital ünsürü insanı insana düşmən və ya müvəqqəti “dost” edir. Münafiq olanlar isə həqiqəti yalan kimi göstərərək milyonların haqqını qəsb edir.

Dünya malı insanı xəyanətə sövq edir. Aclıq, yoxsuluq isə ağır bir həyat və əziyyətli bir ölümlə nəticələnir. Günahsız insanların qanı su kimi axır, yurdundan yuvasından çıxardılır.

Dünyanın bir tərəfində insanlar aclıqdan həyatını itirərkən, bir başqa tərəfdə insanlar nemətləri zərurət olmadan çox, bir həzz və əyləncə olaraq israf edirlər. Dünyanın bir tərəfində insanlar qadın, uşaq, gənc, yaşlı demədən qətl edilərkən, digər tərəfdən də hər il minlərcə insan, qurum və ya şəxs ilin sülhsevər, xeyriyyəçi və təlim-tərbiyəçisi seçilərək “Nobel” mükafatı alır.  

İnsan insana dəyər vermir. İnsanın sadəcə bədəni, malı, mülkü, pulu və əməyi bir vasitə kimi istifadə edilir.

İnsan özünü Allahın onun üçün yaratdığı əşyadan da aşağı səviyyəyə salır. Bu insanın acizliyi, çarəsiz olması deməkdir. Aciz və çarəsiz olan insan reallığı həqiqət zənn edərək yaşayandır. Heç bir reallıq həqiqət deyildir. Çünki insan gücü maddi olanlarla ölçür, halbuki o dəyişkəndir. İnsan xoşbəxtliyi yeyib içməkdə, geyinib keçinməkdə, əşyalarla zənginləşmək olaraq görür, halbuki o sadəcə müvəqqəti olan bir həzdən başqa bir şey deyildir.

Xoşbəxtlik həyatın mənasını bilməkdir. İmtahan üçün verilən fürsəti bir nemət bilərək əbədi cahana üzüağ, alnıaçıq köç etməkdir. Bütün bunlar da təlim və tərbiyə ilə bərqərar olur. Ona görə də bütün bəşəriyyətin və hər bir insanın ilk vəzifəsi dünyaya gələn insan övladını öyrətməkdir.

Ailədaxili münaqişə və boşanma halları

Ailədaxili münaqişələr hər bir ailədə müşahidə edilir. Əlbəttə, ailə zəmnində baş verən münaqişə halları müxtəlif səbəblərlə özünü göstərir. Lakin ailədaxili münaqişələr ən çox evli cütlüklər arasında baş verir. Nəticə olaraq, münaqişələr daha da şiddətli hal alaraq boşanmalarla nəticələnir.

Şübhəsiz, boşanma hallarından ən çox mənfi yöndə təsirlənən uşaq və yeniyetmələrdir. Bu kimi hallar onların gələcək ailə və sosial həyatına da öz mənfi təsirini göstərir.

Televiziya proqramları maarifləndirici mövqeyə sahib olmalıdır. Proqramlar ictimai reallıqları əks etdirməli və həqiqəti olduğu kimi göstərməlidir. Reytinq qazanmaq məqsədi ilə insanda məyusluq və müəyyən ikrah hisslərini yaradacaq, şiddət və dalaşqanlıq davranışlarına təşviq edəcək proqramları göstərərək psixoloji yöndən insanda əsəb və gərginlik yarada biləcək təsirə malik olmalı deyil.

Efirdə olan proqramlar milli dəyərləri və insan psixologiyasını nəzərə alaraq nümayiş etdirilməlidir. Eyni zamanda ictimai münasibətlər, təlim və tərbiyə strukturları, əxlaq kriteriyaları və keyfiyyət baxımından nəzarətetmə mexanizması tədbiq edilməlidir.

Nəticə olaraq, standartlardan kənar və həddi aşan proqramların efirdə olmamasına diqqət yetirilməli və bu kimi proqramların insanların ictimai və sosial həyat tərzinə öz təsirini göstərməklə bərabər, eyni zamanda uşaq və yeniyetmələrin də şəxsiyyət olaraq formalaşmasına əngəl olduğu unudulmamalıdır.

İntihar təşəbbüsü

Çox təəssüf ki, hər yaş qrupunda intihar halları müşahidə edilir. Bu kimi halların var olması ümumi inkişaf dinamikası və sosial rifah cizgisinə öz mənfi təsirini bağışlayır. Baş verən intihar hallarının müəyyən sosial və psixoloji amillərlə bağlı olduğu izah olunur.

Həyatında hər cür çətinliklərə dözən və mübarizə apara bilən insan az-çox bəsirəti olan insanlardır. Buna görə də ən başlıca məsələ – insan həyatı üçün vacib sayılan təhsil strukturunun əhəmiyyətini unutmaq olmaz. Təhsilin (təlim və tərbiyə) insan və cəmiyyət həyatındakı rolu əvəzsizdir.

Dini qurumlar

Camaat qrupları arasındakı məzhəb fərqliliyi üzündən ciddi bir qarşıdurma və fərqli problemlərin olmaması ilə bağlı münbit şəraitin yaranması və insanların daha yaxşı bir şəxsiyyət olaraq əqidəsi ilə bağlı nöqsansız ibadətlərinin icrası üçün dini qurumların daha da mütəşəkkil fəaliyyət göstərməsi baxımından təlim və tərbiyə işinin zəruriliyi vacib sayılır.

İnsanlar arasında fikri  parçalanma insan səmimiyyətləri arasında bir özgələşmə formasıdır. Heç bir əşya və dünya malı insanlar arasında uçuruma yaradacaq gücə malik olmalı deyil, çünki insan fitrətində var olan ədəb və fəzilət hər şeydən üstündür.

İnsan məzhəbə deyil, dinə bağlı olmalıdır. İnsan əşyaya deyil, əşrəfliyinə dəyər verməlidir. İnsanı insan edən istifadə etdiyi əşya, mal-mülk deyil, yaşamış olduğu həyatıdır.

Ailə heç bir müdaxilə edilməyən dəyərlərlə dolu və “biz” anlayışı ilə yaşayan və gözəl bir cəmiyyətin əsasını təşkil edən sosial bir qurum olmalıdır.

İnsan və cəmiyyət bir amal uğrunda yaşamalı, təsirə məruz qalaraq məğlub olmalı deyil. İnsanlar birlik və bərabərlik içində olmalı, hər fərd bir millət kimi güclü və əqidə sahibi olmalıdır.

İnsanın dünya həyatında var olma səbəbi budur. Həyatın mənası da bu həqiqətlərlə öz əksini tapmaqdadır.

İnsan öyrənmə fitrətinə sahib olan bir varlıqdır. İnsanın dünya həyatını yaşamaq üçün öyrənməyə ehtiyacı var. Əsl məktəb ailədən başlayır. Çünki fərdin dünyaya göz açdığı, maddi ehtiyaclarının təmənnasız olaraq təmin edildiyi, mənəvi olaraq sevgi ilə böyüdüyü, kim olduğunu bilən və ilk sosiallaşdığı məkan ailədir.

Təlim və tərbiyənin birinci qaydası sevgidir. İnsan övladının sevgi ilə böyüməyə möhtacdır. Dünyaya gəldikdən altı saat sonra uşaq bir canlı olaraq gizli yaddaşı ilə iki şeyin fərqində olmağa başlar. “Təhlükəsiz bir yerdəyəm” və “Olduğum kimi qəbul edilərəm?”

Fərd və cəmiyyət olma prosesinin ilkin şərti təlim və tərbiyə işinin ailədə mütəşəkkil şəkildə var olmasıdır.

Təlim və tərbiyə strukturunun eyni ilə imarətin təməl daşı kimi çox böyük əhəmiyyətə malik olduğunu bilməmək və ya ciddiyə almamaq ərdəm və əxlaqa tərs düşmək, cəhalət içində yaşamağa məhkum olmaq ədalət və həqiqətdən uzaq olmaq deməkdir.

                                                                           Psixoloq Bəhram Məmmədəliyev