Elçin Bilaloğlu Füyuzat 131 Təhlil

Türk birliyi üçün açar – Zəngəzur dəhlizi

Avropanın enerji xəritəsini dəyişən Azərbaycan eyni zamanda Yer kürəsinin ən böyük materiki olan Avrasiyanın da yeni, daha müasir və səmərəli nəqliyyat trayektoriyasını formalaşdırır. Azərbaycan elə bir coğrafi mövqedə yerləşir ki, Şərqlə Qərb arasında təbii körpü funksiyasını yerinə yetirir. Müstəqillik illərində, ələlxüsus da son 20 ildə hakimiyyətin qətiyyətli siyasi iradəsi əsasında yaradılan yol-nəqliyyat infrastrukturu isə ölkəmizin üstünlüklərini daha da artırıb və Azərbaycanı Avrasiyanın mühüm tranzit hablarından birinə çevirib. Hər il ölkə üzrə təxminən min kilometr uzunluğunda avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Bəhs olunan dövrdə respublikamızda yüzlərlə körpü, keçid inşa olunub. 2020-ci ildə II Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm qələbə ölkəmizin qarşısında yeni üfüqlər açdı.

2020-ci ilin 10 noyabr bəyanatının sonuncu maddəsində regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi nəzərdə tutulur. Təbii ki, həmin bəndə əsaslanan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zaman-zaman deyir: “Şərqi Zəngəzuru Qərbi Zəngəzurla birləşdirib Naxçıvana dəmir yolu, həmçinin avtomobil yolu açacağıq”. Yeni yaranacaq Zəngəzur nəqliyyat dəhlizi beynəlxalq status qazanmaqla Asiya, Sakit okean hövzəsi və Avropa ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcəkdir. Məhz Zəngəzur dəhlizinin reallaşması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Xüsusi olaraq qeyd etməliyik ki, Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir.

Qısa tarixi arayış:

 Zəngəzur 56 il inzibati ərazi vahidi kimi mövcud olmuşdur. Onun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərara əsasən həll olunur. Qərara görə, Zəngəzur bölgəsi 2 yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzura bölünür. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR-in tərkibində qalır, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verilir. Bununla da Azərbaycan ilə onun bir hissəsi olan Naxçıvan arasında quru əlaqəsi kəsilir. Üstəlik, 1929-cu il fevral ayının 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının 9 kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, az sonra isə Kilit kəndinin torpaqlarının bir hissəsinin əkin sahələri ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul edir. Bununla da Azərbaycanın əraziləri arasında məsafə daha da artır.

Zəngəzur dəhlizinin yaradılması regional əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək, Cənubi Qafqazdan keçən marşrut sistemini daha da dirçəldəcək. Dəhliz həmçinin Azərbaycan və Cənubi Azərbaycan Culfası arasında dəmiryol xəttinin açılmasına və İranın dəmir yollarına çıxış əldə etməsinə imkan yaradacaq. 44 günlük müharibədə Azərbaycanın qazandığı qələbənin nəticəsi olaraq regionda yeni əməkdaşlıq konfiqurasiyasının yaranması və onun funksionallığının təmin edilməsi Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin mühüm şərtlərindən biridir. O cümlədən yeni nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması bölgədə etimad mühitinin yaranmasında mühüm rol oynayacaq. Zəngəzur dəhlizinin həyata keçirilməsi Cənubi Qafqazda iqtisadi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq. Zəngəzur dəhlizinin fəaliyyət göstərməsi ilə orta dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma qabiliyyəti artacaq. Bu da öz növbəsində Pekindən Londona Şərq–Qərb ticarətinin artmasına töhfələr verəcək. Orta dəhlizdə səmərəliliyin artması Xəzər dənizində Azərbaycanla birgə işlənə biləcək layihələrin, o cümlədən Rusiya ilə əməkdaşlıq sahəsində ölkəmizin regiondakı strateji mövqeyinin əhəmiyyətini artıracaq.

Nəqliyyat sektorunun diversifikasiya olunması həm də hər bir ölkə iqtisadiyyatının və nəqliyyat infrastrukturunun inkişafına xidmət edir. Zəngəzur dəhlizi isə təkcə dəmir yolları deyil, həm də paralel olaraq avtomobil yollarını özündə ehtiva edəcək. Deməli, bu dəhlizin işə salınması həm də avtomobil əlaqəsinin açılmasına təkan verəcək. Hazırda Türkiyədən Azərbaycana yüklər Gürcüstan və İran vasitəsilə tranzit yolu ilə çatdırılır. Bu marşrutun reallaşması Türkiyədən Azərbaycana və əks istiqamətdə malların birbaşa tədarükünü asanlaşdıracaq. Beləliklə, daha bir kommunikasiya xətti türk dünyası coğrafiyasında, eləcə də Asiya və Avropa arasında əlaqələrin daha sürətli və asan olmasına şərait yaradacaq. Həmçinin bu layihənin reallaşdırılması regionu mühüm nəqliyyat-ticarət qovşağına çevirəcək.

Daha bir məqama xüsusi diqqət yetirməliyik. Belə ki, Zəngəzur dəhlizinin yaradılması türk dünyasının birləşdirilməsi baxımından da çox önəmlidir. Çar Rusiyası dağıldıqdan sonra bolşeviklərin hakimiyyəti dövründə müəyyən qüvvələr tarixi Azərbaycan torpaqlarını Ermənistana verərək türk coğrafiyası birliyinə zərbə vurmaqla yanaşı, türk toplumunu bir-birindən ayrı salıblar. Bu məkrli plan məqsədli şəkildə həyata keçirilib. Zəngəzur dəhlizinin reallaşdırılması ilə bu tarixi saxtakarlığa son qoyulacaq.

Bir zamanlar Zəngəzuru parçalamaqla Atatürkün “türk qapısı” adlandırdığı Naxçıvan qapısını bağlayan, yəni türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu dərk edirlər. Hər halda, Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə türk dünyasında quru yollarının, o cümlədən siyasi, iqtisadi əlaqələrin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada Türk Dövlətləri Təşkilatının güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələ başlayacaq. Azərbaycanın Türkiyə və türk dünyası ilə güclü əlaqələrin yaranmasında əhəmiyyətli rolunu daha da artırmış olacaq…

Davamı…