Qarabağ ətrafında son günlər hərbi-siyasi vəziyyət yenidən gərginləşməkdədir. Özünü “sülhpərəst” kimi göstərən Ermənistan dövlətinin, Qarabağdakı separatçı rejimin xüsusi cəhdləri, həmçinin onlara havadarlıq edən xarici qüvvələrin dolayı səyləri ilə yenidənqurma və rifahın 30 il sonra ayaq açdığı Qarabağın başının üstündə qara buludlar peyda olmağa başlayır.
Əlbəttə, xarici qüvvələrin məqsədi odur ki, Qarabağda heç bir zaman dinclik, inkişaf olmasın, bölgədə xaos və etnik qarşıdurma davam etsin. Bu həmin qüvvələr nöqteyi-nəzərindən başadüşüləndir. Onların dövlət maraqları, əsasən, “parçala, hökm sür” siyasəti üstündə qurulur. Fransa, İran, Rusiya kimi dövlətlərin heç birinin maraqları Qarabağda sülh və əmin-amanlıqla mütənasiblik təşkil etmir.
Ancaq belə bir vəziyyətdə ermənilərin münaqişəyə meyilli addımları həmişə olduğu kimi yenə də anlaşılmaz olaraq qalır. Adam hərdən düşünür, görəsən, onlara dərs olmadımı ki, döyüş zamanında meydanda ölən fransız, rus və ya fars gənci deyil, erməni idi. Görəsən, düşünmürlərmi ki, havadarları vəd verir, daha gözəl gələcəkdən bəhs edir, ancaq qarşılığında bu gün erməni dövlətçiliyi terror dövlətinə çevrilib. Görəsən, heç düşünmürlərmi ki, özünün acı vəziyyətində kimsə erməni xalqına “3 dram dəstək” vermir, verilən dəstəklər sadəcə döyüş sahəsini əhatə edir. Fransız xalqı kef edəndə ermənilər Fransanın maraqlarının keşikçisinə çevrilir…
Acı vəziyyətdən söz düşmüşkən, Qarabağda işğal siyasətinə başlayan ermənilər 30 ildir ki, özlərini ən perespektivli layihə və ortaqlıqlardan məhrum edir. Azərbaycan və Türkiyə ilə bütün sərhədləri bağlanan Ermənistan dünya ticarətinə, önəmli tranzit layihələrə qoşulmaqda çətinlik çəkir. Həmin 30 il ərzində ermənilər günlük həyatlarını təmin etmək üçün xarici ölkələrə ucuz işçi qüvvəsi kimi mühacirət etməyə məcbur qalır. Ancaq əslində radikal və imperial təfəkkürdən imtina etsəydilər, 2-3 milyonluq kiçik bir xalqın həyat şərtlərini təmin etmək onlar üçün asan olardı və evlərindən kənarlaşmadan daha yaxşı rifah halında yaşayardılar.
Ermənilərin keçən 30 il ərzində bu məsləyə yanaşması eyni olub: “Türk çörəyi” yemək istəmirik”.
Çünki onlar həm Qarabağdan, həm də “dənizdən-dənizə Ermənistan”dan imtina etməyə hüquq və ədalət prizmasından deyil, “türklərə boyun əymək” prizmasından baxırlar. Ancaq tarix göstərir ki, bütün keçmişlərində ermənilər digər rejimlərdənsə türklərin qurduğu dövlətlərdə daha çox haqq və ədalətə sahib olublar. Tarixlərinin böyük qismində də türk dövlətçiliyinin təmin etdiyi azadlıq və rifah içində yaşayıblar. Yəni “türk çörəyi” yeməyə yad deyillər…
Məsələyə bu günün prizmasından yanaşdıqda da fərqli mənzərə ilə qarşılaşmırıq. Rifah və daha yaxşı yaşam üçün ermənilərin “türk çörəyi”nə ehtiyacı var. Bu həm də bölgədə qarşıdurmanı bitirmək deməkdir. Onsuz da ermənilərə havadarlıq edənlər yaxşı başa düşürlər ki, özünün ən çətin anlarında Qarabağdan imtina etməyən türklər dünyada layiqli yerini aldığı bir vaxtda bunu heç etməyəcəklər. Ermənilər isə ya şovinizmin beyinlərini iflic etməsi, ya da havadarlarının xoş avazına aldanıb həqiqətlərdən uzaq düşməsi səbəbindən hələ də uydurulan nağılların eyforiyasında yaşayırlar. Tək türklərə deyil, özlərinin gələcəklərinə də ciddi problemlər yaradırlar.
Azərbaycan dövləti yenə də humanist mövqedən çıxış edərək, Qarabağ ermənilərinə 40 tonluq humanitar yardım yola çıxarıb. Ancaq ermənilər: “Türk çörəyi”nə ehtiyacımız yoxdur”, – deyərək onlara uzadılan əli geri çevirirlər. Ancaq heç düşünmürlər ki, min ildir bütün coğrafiyada “türk çörəyi” yedilər, inkişaf etdilər, millətləşmə prosesini məhz türklərin təmin etdiyi təhlükəsiz mühitdə, həm də yedikləri çörəyə xəyanət edərək xarici havadarları ilə həyata keçirdilər.
Ermənilər yaxşı yalançıdırlar, min ildir yedikləri çörəyə “ehtiyacımız yoxdur” deyəndə özləri də həqiqəti bilirlər, amma söyləmirlər.
Yalanın ömrü isə qısa olar. Qısa müddətin böyük hissəsi arxada qalıb. Tezliklə hər yalan ortaya çıxacaq. Həqiqətlərlə üzləşmək vaxtında isə ermənilərin söyləyəcək tək sözü olacaq:
“Yalvarırıq, bizi bağışlayın!”