Aktual

Telman Nüsrətoğlu: Türkiyə güc mərkəzinə çevrilməkdədir

Dünya siyasətində qarışıqlıq və gərginliyin davam etdiyi bir vaxtda əsas qaynar nöqtələrlə sərhədlənmiş Türkiyənin xarici siyasətində əldə edilən uğurlar, onun bir sıra problemlərin həllinə verdiyi töhfələr rəsmi Ankaranın özünün yerləşdiyi mürəkkəb hərbi-siyasi coğrafiyada əsas oyunçuya çevrildiyindən xəbər verir.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın son günlər Rusiya və İrana səfərləri, bu ölkələrdə müxtəlif rəsmilərlə keçirdiyi görüşlər bir sıra məsələləri yenidən gündəmə daşıyıb. Hər iki ölkə ilə həm ortaq, həm ziddiyyətli maraqlara sahib Türkiyə xarici işlər nazirinin bu ölkələrdəki müzakirələri böyük marağa səbəb olub.

“Füyuzat” mövzu ilə bağlı tarix üzrə elmlər doktoru Telman Nüsrətoğlunun fikirlərini öyrənib. O bildirib ki, dünyanın hazırkı geosiyasi mənzərəsi, çoxqütblü dünyanın formalaşması prosesindən gəldiyimiz nəticəyə görə, əslində bir-biri ilə geosiyasi mübarizə içində olan dövlətlər bir coğrafiyada rəqabətdə olsalar da, digər hər hansı bir coğrafiyada əməkdaşlıq edə bilirlər:

“Beləcə deyə bilərik ki, artıq dünyada çox mərkəzli siyasət izləməkdəyik. Bu mərkəzlərdən biri də Türkiyənin liderlik edəcəyi Türk Dövlətləri Təşkilatı ola bilər. Türkiyənin fərqli bölgələrdəki geosiyasi dayaqları güclənməkdə, dünya siyasətində kilid ölkəyə çevrilməkdədir. Bir az da geniş baxsaq, görərik ki, Qara dəniz hövzəsi, Aralıq dənizi, Cənubi Qafqaz, Afrika, Mərkəzi Asiya siyasətində Türkiyə, xüsusilə Rusiya və İranla əməkdaşlıq edən bir dövlət görüntüsünü verməkdədir. Hakan Fidan bundan əvvəl Türkiyənin kəşfiyyat qurumunun rəhbəri olub. Deyə bilərik ki, həmin vəzifəsi dövründə o, bir sıra gizli danışıqlarda iştirak edib. Fidanın hazırkı aktiv siyasi fəaliyyəti də Türkiyənin artan gücü ilə paralellik təşkil edir. Türkiyənin Rusiya və İranla bir sıra əməkdaşlıqları var. Qara dənizdə sabitliyin təmin edilməsi, Ukrayna probleminin çözülməsi, Suriya, Cənubi Qafqaz, Orta Asiya və digər coğrafiyalardakı problemlərin həlli üçün əməkdaşlıq modellərini inkişaf etdirirlər”.

T.Nüsrətoğlu bölgədə əməkdaşlığın önəmini vurğulayıb: “Eyni zamanda Türkiyə, Rusiya və İranın Astana formatı çərçivəsində Suriya probleminə birdəfəlik çözüm yolları tapmaq səyləri də aktualdır. Bundan başqa bizim regionda Türkiyə, Azərbaycan və İran dialoqunun inkişaf etdirilməsinə müəyyən cəhdlər göstərilir. Həmçinin 3+3 (Türkiyə, Rusiya, İran, Azərbaycan, Gürcüstan, Ermənistan – red.) formatının inkişafı üçün təşəbbüslər var. İraqda yaşananlar, PKK/YPG terroruna qarşı birgə səylər və s. kimi məsələlər Türkiyə – İran əməkdaşlığı məsələsini zəruri edir”.

Qarabağ probleminə toxunan T.Nüsrətoğlu Türkiyənin güclənməsinin problemin həllinə verəcəyi töhfələrə də toxunub:

“Türkiyənin diplomatik aktivliyi onun qlobal aktor, coğrafi-siyasi güc olması ilə bağlıdır. Onun bu aktivliyi Azərbaycanın ərazi suverenliyinin bərpası istiqamətində də rəsmi Bakının əlini gücləndirən faktora çevrilir. Çünki Türkiyə tərəfi bütün formatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini ən başdan deyib. Azərbaycana qarşı istənilən addıma cavab verəcəyi barədə də xəbərdarlıq edib. Əgər Ermənistan bölgədə Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaq istəyirsə, sülh müqaviləsini imzalamalı, ərazi bütövlüyünə hörmət etməlidir. Qısası, Türkiyənin güclənməsi və dünya siyasətində aktiv oyunçuya çevrilməsi Azərbaycanın haqq mübarizəsində effektiv nəticələr vəd edir”.