Aktual

Politoloq: “Fransanın aqressiyası son nəticədə özünə zərbə vuracaq”

Son günlər Afrika ölkələrində ard-arda çevrilişlər baş verib. Bu çevrilişlərdən sonra isə iqtidarı ələ keçirən qüvvələrin anti-Fransa mövqeyində dayanması diqqət çəkir.

Demək olar ki, iqtidarı ələ alan qüvvələrin ilk işi Fransa əleyhinə qərarlar qəbul etmək olur. Bu isə Afrikada Fransa təsirlərinə qarşı mexanizmanın formalaşması barədə fikirlər doğurur.

“Füyuzat” mövzu ilə bağlı politoloq Tural İsmayılovun fikirlərini öyrənib. O bildirib ki, bu gün Fransa imperializmi Afrikadan qovulur:

“Nəzərə almaq lazımdır ki, Fransanın Afrikadakı müstəmləkəçilik tarixi çox qədimdir. Artıq 150 ildən çoxdur ki, Fransa Afrikanı talayır, həm onun zənginliklərini qəsb edir, həm də insanlarına qarşı vəhşiliklər törədir. Bütövlükdə bu gün Afrikada tüğyan edən yoxsulluğun səbəbkarlarından biri Fransadır. Fransanın arxa-arxaya Burkino-Faso, Mali, Niger, Qabon kimi ölkələrdən qovulması əslində Afrika ölkələrinin, Afrika cəmiyyətlərinin uzun illərdir Fransa istibdadına qarşı ortaya qoyduğu oyanış, üsyan mərhələsidir”.

Politoloq qeyd edib ki, Fransanın Afrikadan qovulması, onun özünün coğrafi sərhədlərinə daxil olmayan digər bölgələrdəki müstəmləkəçilik siyasətinə də böyük zərbə vuracaq:

“Fransa bu ərazilərdən qovulduqca Qafqazda təsirlərini artırmaq istəyir. Bunun üçün bütün təzyiq üsullarından istifadə etməyə çalışır. Nəzərə almaq lazımdır ki, bu gün Ermənistandakı “sorosçu hakimiyyət”in ümidinə qalan Fransanın Cənubi Qafqaza soxulmaq planları nəticəsiz qalacaq. Çünki Fransa həm 30 il Azərbaycan torpaqlarının işğalı dövründə, həm də post müharibə zamanı tutduğu mövqe ilə heç vaxt Avropanın mərkəzi siyasi qüvvəsi ola bilməyəcəyini göstərmiş oldu”.

Tural İsmayılovun fikrincə, bu gün Avropa daxilində Böyük Britaniya, İtaliya kimi ölkələr Fransanın, xüsusilə Emmanuel Makronun bu aqressiv siyasətini təqdir etmirlər:

“Hamıya bəllidir ki, Avropa İttifaqının daxilində ciddi çatlar var. Bu çatların ən böyük həlqəsini Fransa formalaşdırır. Bu baxımdan hesab edirəm ki, Fransanın Afrikadan və digər bölgələrdən qovulma prosesi daha da sürətlənəcək. Bu isə, rəsmi Parisin daha da aqressivləşməyinə, başqa ərazilərə soxulmaq istəməyinə səbəb ola bilər. Amma Fransa aqressiyası son nəticədə özünün siyasi-iqtisadi zərərlərə məruz qalması ilə nəticələnəcək”.