Mədəniyyətlər beşiyi Azərbaycan tək türk dünyasının deyil, ümumiyyətlə bütün dünyanın ən zəngin mədəni-sosial tarixi olan dövlətlərindən biridir. Bu zənginlik ancaq tarixin hansısa bir mərhələsini deyil, bəşər tarixinin bütün mərhələlərini əhatə edir. Atropatenadan, Albaniyadan Şirvanşahlara, Səlcuqlulardan Azərbaycan Xalq Cümhuriyyətinə qədər iki min illik zəngin tarixdə həm Xristian, həm Yəhudi, ən çox da İslam mədəniyyətinin əsasən türk dövlətçilik təcrübəsi altında vəhdət halında yaşaması, həm dövrün sosial həyatını zənginləşdirərək, bugünkü adı ilə multikultural dəyərlər çərçivəsində fərqli mədəniyyətlərin vahid bayraqlar altında yaşaması təmin edildi, həm də o tarixlərdən bu günə zəngin mədəni-irsi miras qoydu.
Lakin bu gün bu qədər zəngin tarixə malik millətimizin tarixsiz toplumlara xas xarakterlərə üstünlük verməsi, açığı, ürəkağrıdan məsələdir. Əsasən, gənclərimizin fərqli mədəniyyətlərə qapı açması, özlərini o mədəniyyətlərin parçası kimi aparması və həmin mədəniyyətlərin daha xoşbəxt gələcək vəd etməsinə inanmaları ürəkağrıdan durumu daha fəlakətli nöqtələrə daşıyır, bizi milli kimliyimizin, zəngin mədəniyyətimizin unudulması təhlükəsi ilə üz-üzə qoyur.
Əlbəttə, bunlar gözlə görünməyəcək qədər incə məsələlər olduğu kimi, yekunda tarixsiz və kimliksiz bir millətə çevrilmə risklərinin olduğu həyati əhəmiyyətə malik problem kimi qarşımıza çıxır. Bəlkə də, kimlərsə üçün bu adi bir problem kimi görünə bilər, ancaq bu gün sosial həyatımızda üzləşdiyimiz bir çox problemlərin ana səbəblərindən birini, bizə görə, birincisini təşkil etməkdədir.
Xüsusilə, gənclərimizin sosial medianın mənfi təsirlərinə məruz qalması, sosial mediada gördüyü hər şeyi normal qəbul edərək bunları cəmiyyət həyatımıza daşıması artıq milli dəyərlərimizin çox sayda təsirlərə məruz qalmasına yol açır. Bu nöqtədə təhsilə sadəcə diplom və karyera qapısını açan “açar” kimi yanaşılması, əksinə universitetlərin elm və irfan məkanı kimi deyil, əyləncə mərkəzləri kimi başa düşülməsi, oxuyub kamil insana çevrilmək yerinə bayağı zarafat və yüngül həyatın üstün tutulması, əlbəttə, ürək açan mənzərə ola bilməz.
Burada isə hər nə qədər birmənalı şəkildə gəncləri qınayanlar olsa da, fikir adamlarını da ən az gənclər qədər qınamalıyıq. Günahı bölüşmək həll yolunu tapmaq üçün addım atmaqdır. Halbuki, Avropada universitet və ya təhsil istiqamətində ciddi addımların olmadığı müddətlərdə Səlcuqluların Nizamiyyə mədrəsələri bugünkü universitetlər qədər zəngin və faydalı bazaya sahib olmaqla mütərrəqi nəticələr vermirdimi? Bu bizim öz tariximiz, bizim öz yanaşmamız deyilmi?
Haradasınız? Ey fikir adamları, haradasınız?
Fikrimizi unuduruq, özümüzü, tariximizi milli kimliyimizi unuduruq. Ən əsası, milli dəyərlərimizin bizə bəxş etdiyi zəngin keçmişi 200-300 ili aşmayan kənar mədəni yeniliklərə uduzuruq. Bu günün fikir adamları selin kökündən qoparıb axına qoşduğu yaşıl ağacları bənzədir. Yaşıldır, ağacdır, ancaq artıq köklərinin üstündə deyil və gələcək nəsillərə fayda verə bilməyəcək, yaşıl yarpaqları sel sularında saralacaq və bir müddətdən sonra selin götürdüyü nöqtədə gözdən itəcək…
Bəlkə də, fikir adamlarımız yoxdur. Əslində selə qərq olmaq da oradan qaynaqlanır. Kökləri sağlam ağac istənilən selə qalib gəlməlidir axı…
Sağlam fikir elə mötəbər bir zirvədir ki, istənilən kənar təsir onu sarsıda, unutdura bilməz. Bəlkə də, bu suala cavab tapmalıyıq ki, “niyə sağlam fikirləri olanlar fikir söyləmirlər? Niyə onlar milli kimliyimizə işıq saçıb tariximizi və dəyərlərimizi aydınlatmırlar?”
Razılaşmaq lazımdır ki, tarixin süzgəclərindən keçərkən faydasız olduğunu gördüyümüz bəzi dəyərlər, yaxud da sonradan bizə dəyər kimi göstərilən zərərli məsələlər var və onlardan qurtulmaq lazımdır. Amma bunu da qələmə alacaq, millətimizə aşılayacaq fikir adamlarının olması şərtdir. Fikir adamlarımız isə fikir söyləmir, sadəcə tənqid edir. Tənqid gözəldir, ancaq quru tənqid bütün müstəsna dəyərlərin özünü də gözdən salır, onun qiymətini bilənlərə də mübarizə aparmaq üçün mənfi təsirlər gətirir.
Tənqid o zaman gözəl olur, nəticə verir ki, həll yolunu da bərabərində gətirə bilir. Biz çox zaman tənqid etmək adı ilə kin yaradırıq və düşüncələr, dəyərlər nə qədər gözəl və müstəsna olsa da, qarşı tərəf ona qarşı kin duyursa, ondan tamamilə uzaqlaşacaq. Ona görə də quru tənqid edərək, sözümüzü, dəyərlərimizi gözdən salmaq yerinə, tariximizi, mədəniyyətimizi və dəyərlərimizi düzgün təbliğ etməyin yollarından danışmaq labüddür.
Fikir adamları, burada söz sizə düşür…
Yazın, deyin, oxuyaq, dinləyək, əməl edək!