Tarixən mədəniyyətlərin zamanın ifadə edilməsi çətin olan aspektlər üçün yaratdıqları simvollar arasında təkrarlanan üç təməl fiqur ortaya çıxır. Birincisi dairədir və ya sferik konsepsiya. Zaman təməlliliyi əks etdirən ilk və qeyri-temporal (zamanla bağlı olmayan) hadisə tərəfindən formalaşdırılan şeylərin dövri şəkildə yenilənməsi kimi yaşanılır və dərk edilir. Məsələn, bir tayfanın yaranışı ilə bağlı mifik hadisənin zamanı və ya bir mədəniyyətin özünün fundamental hesab etdiyi hadisələr onu əbədiləşdirən tarixlərin qeyd edildiyi zamanda periodik formada qayıdır. Hər şeyin əbədi olaraq müxtəlif formalarda təkrar olunduğu bu konsepsiyada heç nə öncədən müəyyən edilmir. Biz bu zaman konsepsiyasının Orta Əsrlər Avropasında, Uzaq Şərq mədəniyyətlərində və Amerika hindularında dominant olduğunu görə bilərik.
Yunan-Roma zaman konsepsiyası təməl olaraq kontinual və sirkulyardır (dairəvi). Yunanlar mövcudiyyət tərzlərini konstant şəkildə dəyişən şeylərə və hərəkətliliyə reallığın aşağı dərəcələri olaraq yanaşır, harmoniyanı ən doğru şəkildə əbədilik və davamlılıq, başqa sözlə, qayıdış olaraq dərk edirdilər. Hadisələrin təkrarı və davamlı geri dönüşü ilə dəyişilməz mühafizəsini təmin edən periodik hərəkət iyerarxiya zenitinin birbaşa və ən mükəmməl ifadəsi (buna görə də İlahiliyə ən yaxınlığın) idi: mütləq hərəkətsizlik. Zaman bir tsiklin dövrə vurması olaraq anlaşılır, hərəkətin bütün digər düzənləri onunla ölçülür və zamanın özü ona istinad ilə standartlaşdırılır. Bütün insani hadisələrin və şeylərin sahib olduğu təbii hərəkət müəyyən bir formada dairəvidir, çünki bütün bu şeylər zamanda baş verir və periodik olaraq “başlanğıc” və “sonu” var. Zaman özü geri qayıdan bir fenomen kimi idrak edilir. Çünki zaman və standart dövrə bir-birini müəyyən edir. Ona görə də şeylərin baş vermələrini dairəvi – sferik olaraq qəbul etmək zamanın da bir periodik dövr olduğunu ifadə etməkdir.
Bu konsepsiyanın ilk nəticəsi odur ki, xüsusi olaraq dairəvi olmaqla zamanın bir istiqaməti yoxdur. Onun nə başlanğıcı, nə ortası, nə də sonu var. Yunan dünyası ilə müqayisədə, Xristian dünyası zamanda yaradılır və zamanda sona çatmalıdır. Zamanın bir ucunda Genezisin açıqlanması, digər ucunda isə Apokalipsisin eskatoloji perspektivi var. Bu iki hadisə – yaradılış və məhşər mühakiməsi – arasındakı dövr spesifikdir. Unikal şəkildə yaradılmış bu dünya zamanın iki ucu tərəfindən çevrələnib. Onun müddəti nə əbədiliyi, nə də sonsuzluğu ehtiva edir. Onun daxilində meydana çıxan hadisələr də əsla təkrar olunmayacaq.
Modernizm əsri isə texnoloji rasionallığın təməli üzərində yüksələn başqa bir zaman yaşantısını meydana çıxardı. Yəhudi-Xristian ənənəsindən qaynaqlanan bu zaman konsepsiyası “linear” (xətti, vektorial) konsepsiya olaraq adlandırıla bilər. Zamanın tsiklik obrazı qorunsa da, artıq “linear” konsepsiya dominant idi. Dünyanın tarixi “ilk günah”ı işləyən insanın Yerə endirilməsi və onun xilası olaraq təsvir edilir. Modernizm əsri bu ideyanı onu dini aspektindən qopararaq əxz etdi və “tərəqqi inancı”nın şərtləri daxilində yenidən formullaşdırdı. Bu konsepsiyaya görə, zaman öz-özünün yox oluşuna, zamansız bir mərhələyə doğru yönəlir. Bütün öncəki zaman konsepsiyaları bu mərhələyə doğru sadəcə bir hazırlıqdır. Tədricən periodik-dairəvi konsepsiyanı əvəzləyən “linear” zaman baxışına görə, zamanın bir sonu – insanın xilası ilə identifikasiya edilən bir kuliminasiyası var. Qərb dünyasında böyük transformasiyalara səbəb olan, başlıca olaraq sənayeləşmənin mühərriki rolunu oynayan məhz bu konsepsiya oldu. Tədricən Qərb mədəniyyətinin ən dərin köklərinə nüfuz edən “linear” konsepsiya onun zaman dərkini kökündən dəyişdirdi. İnsanın müqəddəs xilası – səlaməti isə texno-elmi rasionallığa və iqtisadi artıma əmanət edildi.
Hələ Erkən Orta Əsrlərdən Qərb kosmoloqları və filosofları “saat mexanizmi ilə işləyən kainat”ın obrazını rəsm edirdilər. Rəqəmsal inqilab əsrində intellektualların yeni nəsli kosmosu bir “informasiya aləm”i olaraq yenidən müəyyən edirlər. 1377-ci ildə fransız filosofu və alimi Nikol Dorsem “saat mexanizmi ilə işləyən aləm” (clockwork univers) terminini irəli sürdü. Dorsem səmada saatın işləyişində aşkar edilən eyni prinsipləri görürdü. Bu ənənəni davam etdirən avropalı alimlər əsrlər sonra kainat, təbiət və canlı sistemlərin işləyişini izah etmək üçün getdikcə daha çox saat metaforası üzərində fokuslandılar. Zaman çərçivəsini və Qərb sivilizasiyasının zaman şüurunu yenidən biçimləndirən saat mövcudiyyətin metafizikasının yenidən düzənlənməsi üçün adekvat model olaraq görülürdü. Bununla da Tanrı saat mexanizmi ilə işləyən dünyanın ilk “kauzallığı” oldu. Oxşar baxışları Frensis Beykon (Novum Organum) və Rene Dekartda da müşahidə edə bilərik.
Zaman fenomeninin dərkində baş verən bu dərin dəyişiklik ilə Zamana insanın özü tərəfindən nəzarət edilməyə başlandı. Beləliklə, zaman saatlara, dəqiqələrə və saniyələrə bölündü. Orqanik silsilələrin (bir-birinin ardınca gəlmələrin) ölçüsü olmuş zaman bu gün qırılmış və dissosiasiya edilmişdir. Yemək, yatmaq və işləmək tərzlərimizi müəyyən edən mexanika və onun tələbləridir. Həyatın ruhundan qopardılan insani varlıq, zamanı yaşamaq əvəzinə bölünüb və zaman tərəfindən hissələrə ayrılıb. İnsanın seçməsi, refleksiya göstərməsi və özünü adaptasiya etməsi üçün heç bir dayanma və fasilə mövcud deyil. Halbuki modernləşmiş nəqliyyat, sürətli kommunikasiya vasitələri və zamana qənaət edən texnologiyalardan ibarət dünyanın bizi saatın diqtəsindən azad edəcəyi və daha geniş asudə zaman ilə təmin edəcəyi düşünülürdü. Amma sahib olduğumuz zaman hər biri tapşırıqlar və planlar ilə doldurulmuş kiçik seqmentlərə bölünüb. Bu xüsusda Qey Qaer Lyus yazır ki, zamana qənaət etmək üçün ya yanlış qidaları, ya da doğru qidaları yalnış tərzdə yeyirik. Mədəmizə yediklərimizi doğru şəkildə həzm etmək zamanını verə bilməkdən uzağıq. Digər fəaliyyətlər arasında sendviçləşdirilən yeməklər “biznes lanç” kimi günümüzün təməl parçasına çevrilib. Biz zaman boşluğu olduqda yeməyə başlayır, tox olduqda deyil, iş planlaşdırması əmr etdikdə yeməyi kəsməyə özümüzü uyğunlaşdırırıq. Heç bir zəhmət çəkmədən, ani bir şəkildə “fast-food” mağazaları vasitəsilə sahibləndiyimiz yeməkləri çeynəmədən uduruq.
Yeni “kompyut-zaman” və proqramlar insan mövcudiyyətinin sosiologiyasını transformasiyaya uğradıb. Modern – rəqəmsal zaman dünyası gələcəyə istiqamətlənmiş, sürətli və kəskin dərəcədə planlaşdırılmış xarakterə sahibdir. Həyatı yaşama tərzini dəyişdirən bu yeni texnologiyalar insan mədəniyyətinin də dəyər oriyentasiyasını mutasiyaya uğratdı. Konstruksiya edilən süni zaman konsepsiyası radikal şəkildə yeni zaman dəyəri – səmərəlilik və effektivlik ilə müşaiyət olunur. Səmərlilik və effektivlik həm dəyər, həm də metoddur. Səmərəlilik maddi tərəqqiyə nail olmaqda zamandan ən yaxşı istifadə tərzi olaraq özünü göstərir. Səmərəlilik bir tapşırığın yerinə yetirildiyi, yaxud məhsulun istehsal edildiyi zamanı minimallaşdırmaqdır. Son yüz ildə səmərəlilik cəmiyyətin dominant dəyərinə çevrilməklə yanaşı, insan cəmiyyətinin fəaliyyətlərini təşkilatlandırmada ilkin metod statusuna, çağdaş kültürün əyar damğasına çevrildi.
Səmərəlilik hər birisi insanların istifadə etdikləri alətlərlə münasibətini kardinal bir şəkildə transformasiya edən üç mühüm iqtisadi innovasiyanın məhsuludur: əmək bölgüsü, kütləvi istehsal və elmi menecment prinsipləri. Onlar industrial piramidanın təməl daşlarını təmsil etməklə yanaşı, səmərəliliyin modern həyat tərzinin hakim zaman konsepsiyasına çevrilməsində həlledici rol oynadılar.
Bioloji həyatımız təbii dünyanın dəyişməz ritmlərinə bağlı olduğu halda, sosial həyatımız kompüterin nano-saniyə zamanı çərçivəsinə uyğunlaşmağa məcburdur. Təbii zaman və sosial zaman arasında getdikcə genişlənən parçalanma insanın psixoloji həyatı və onun interaksiyalarında dramatik konfrontasiyaya (siyasi, əxlaqi və digər prinsiplərin qarşıdurması) səbəb olur. “Kompyut-zaman” şüurun radikal modifikasiyası üçün zəmin hazırladı. Zaman insan şüurluluğundan kənarda heç bu qədər təşkil edilməyib. Kompüter dünyasında baş verməkdə olan hadisələr bizim müşahidə edə bilməyəcəyimiz zaman məkanında mövcuddur. Yeni “kompyut-zaman”, zamanın total mücərrədləşməsi və onun təbiətin ritmləri, ən əsası insan yaşantısından tamamilə ayrılmasını təmin etdi.
Zamanın biologiyasına diqqət yetirdiyimizdə təbiətin zaman oriyentasiyasına, fiziki və bioloji dünyaları sinxronlaşmış zaman torunda birləşdirən ritmlər və templərin zəngin labirintinə sahib olduğunu aşkar edə bilərik. Bu baxımdan, rəqəmsal “nano-saniyə kültürü”ndə zamanın təbii-bioloji ritmlərinə qarşı getdikcə yadlaşdığımızı söyləmək mümkündür. Macar əsilli, amerikalı filosof, “Xronosofiya” ideyasının müəllifi Yulius Tomas Freyzer bildirir ki, özümüzü dəyişdirmək və əsrlərin yeni düzənini başlatmaq üçün zamanın təbiəti haqqında düşüncəmizi, habelə ona qarşı şəxsi və siyasi münasibətimizi yenidən müəyyən etməliyik.