“Migel de Servantesin dünya söhrətli əsərini, onun əsas obrazı Don Kixotu yeni dünya və xüsusilə Ukrayna ilə nə bağlayır?” sualını özüm də özümə vermişəm.
Əslində əvvəl biraz tərəddüd etdim ki, Don Kixotu bütöv Ukraynayamı, yoxsa sadəcə bu ölkənin prezidenti Volodimir Zelenskiyəmi bənzətmək daha uğurlu olar?
Ancaq dərindən düşünəndə aydınlaşdırmaq mümkündür ki, Zelenski olmasa, bir başqası olsa da, nəsə dəyişməyəcəkdi. Öz milli varlığını qorumaq yoluna sadiq qalacağı təqdirdə Ukraynanın başına kim keçsə, nəticə bu günki kimi olacaqdı. Çünki geosiyasi vəziyyət elə formalaşmışdı ki, Ukrayna ya öz suverenliyini de-yure saxlamaqla, de-fakto Rusiyanın istədiyi formada idarə olunacaqdı, ya da bu gün baş verənlər mütləq şəkildə reallaşacaqdı.
Bəli, həqiqətən də Ukrayna bir “Don Kixot” kimi cəngavərliyi seçmiş, döyüşmək və mübarizə yolunu üstün bilmişdi. Necə ki, cəngavərlərə hədsiz marağı olan Don Kixot tez-tez cəngavər hekayələri oxuyur və dünyanı bu hekayələrdə olduğu kimi zənn etməyə başlayır, dünyanın keçmiş zamanlardaki cəngavərlərə ehtiyacı olduğunu düşünürdü…
Amma sonda Don Kixot məğlubiyyəti ilə barışır və həm məqsədlərindən, həm də mənəvi-maddi hər şeyindən məhrum qalır.
Əlbəttə, Ukraynanın da sonunun bu formada olacağını tam əminliklə demək mümkün deyil. Amma onun hazırki vəziyyətdə bir “Don Kixot” olduğu açıq-aşkar görünür.
Haqsızlığa və riyakarlığa qarşı mübarizəyə başlayan Ukraynanın bir müddət sonra aldadıldığını, bu yolda ona dəstək verənlərin, dəstək vədi verənlərin əslində onu böyük bir uçuruma yuvarladığını görürük.
Belə ki, zaman keçdikcə bütün kartlar açılmağa başladı, kimin hansı məqsədlər güddüyü aydınlaşdı. Görünən odur ki, Ukrayna əsas şikarı – Rusiyanı tələyə salmaq üçün istifadə edilən bir yem imiş. Kiyevin inandığı və bu böyük mübarizədə yola bir çıxdığı Qərb dairələrinin fərqli məqsədləri var imiş və bu məqsədlərdə Ukraynaya nə dövlət, nə də xalq kimi yer verilib.
Ən qəribəsi isə situasiya elə formalaşmışdı ki, rəsmi Kiyevdə bütün bu planlar açıq şəkildə bilinsə də, dönüş yolu da yox idi. Ukraynaya öz müstəqilliyini qorumaq üçün sadəcə bir seçin haqqı verilmişdi: Mübarizə.
Belə ki, Ukrayna Krımın işğalından sonra Rusiya ilə barışıq əldə etmək üçün ərazidən imtina etməli idi. Krımı və bütün digər əraziləri geri qaytarmaq üçün isə, Rusiya kimi dövləti razı salmaq mümkün deyil. Ən azı diplomatik vasitələr işə yaramayacaqdı. Ona görə də, Ukrayna sürətli silahlanmağa və öz hərbi gücünü artırmağa, bu səbəbdən də Qərblə əlaqələrini genişləndirməyə məcbur idi. Burada Rusiya da səhvə yol verdi desək, yanılmarıq.
Öz soyundan olan, ortaq keçmişə malik və post Sovet məkanında Rusiyadan sonra ən güclü dövlət olan Ukrayna ilə münaqişə bu ölkədə ciddi itkilərə səbəb olub. İqtisadi, siyasi və hərbi sahələrdə olmasından asılı olmayaraq, Rusiya ciddi zərbələr aldı və yeni dünyaya keçid prosesində oyun qurucu faktor kimi öz yerini Çinə vermiş oldu.
Mətləbdən uzaqlaşmayaq. Ukrayna bu gün qurban seçildiyini daha aydın şəkildə görür. Yəqin Kiyevdə bunu aradan qaldırmaq və ölkəni xilas etmək üçün yollar axtarmağa başlayıblar. Tələdəki yem isə sadəcə bir halda xilas ola bilər: Gərək şikar yemi udmaya və tələdən uzaqlaşa. Bu isə, bir yolla mümkündür.
İndi Ukrayna Qərbin ona vəd etdiyi deyil, öz maraqlarına uyğun qədər dəstək verməsini görməlidir. Müharibənin davam etməsinin Rusiyadan çox özünə zərər vuracağı da dəqiq hesablanmalıdır. Və müstəqiliyini qorumaq üçün Rusiyanı öz sərhədlərindən uzaqlaşdırmalıdır: Krımda “dondurulmuş münaqişə” yaratmalı, qarşılığında digər bölgələrini Kremllə qarşılıqlı anlaşma ilə öz nəzarətinə qaytarmalı, atəşkəs imzalamalıdır.
Krım məsələsində realistik davranmalıdır. Bu ərazini bu gün azad edə bilməyəcəyi reallığı ilə barışıb, digər itirdiklərini geri qaytarmalıdır. Krım isə “dondurulmuş münaqişə” kimi gələcək nəsillərə həvalə edilməlidir. Onsuz da de-yure bu ərazilər Ukraynaya aid qalacaq və növbəti onilliklərdə məsələyə yenidən qayıtmaq üçün hüquqi zəmini öz əlində saxlayacaq.
Hazırda yeni dünyaya keçid prosesi gedir və Ukrayna yeni dünyada ağır zərbələrlə təmsil olunarsa, bu daha pis fəsadlara səbəb ola bilər. Ancaq proses bitdikdən sonra bu məsələyə, həm də daha güclü formada qayıtmaq daha əlverişli şərtlər doğa bilər.
Ya da ən azından rəsmi Kiyev itirdikləri ilə barışıb daha sakit və təhlükəsiz bir gələcək inşası üçün ideal zəmin formalaşdıra bilər. Necə ki, Don Kixot Sanson adlı gənc ilə döyüşüb dueli məğlub olur və rəqibi ona evə dönməsini, bir daha silah daşımamasını da əmr edir. Don Kixot da cəngavərliyə sadiq bir adam kimi evinə dönür və əvvəlki sadə həyatını yaşamağa davam edir. Sonradan xəstələnən cəngavərin ağlı başına gəlir…
Yox, Ukrayna bu qədər aciz şərtlərə razı olmasın, məhz olmamaq üçün də gərək bu gün “Don Kixot” kimi gücündən artığına meyl etməsin…