Qısa arayış
Bir neçə gündür, sosial mediada Beynəlxalq Təhsil Günü ilə bağlı paylaşımlar diqqət çəkir. Bu, gözlənilməz olduğu qədər, sevindirici bir faktordur.
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2018-ci ildə elan etdiyi qərara əsasən, hər il 24 yanvar tarixi Beynəlxalq Təhsil Günü kimi qeyd olunur.
Beynəlxalq Təhsil Gününün elan olunmasının əsas məqsədi BMT-yə üzv olan bütün dövlətləri təhsil adına birləşdirmək, tədris prosesindən uzaq qalan uşaqların məktəb mühitinə cəlb edilməsi üçün sosial layihələrin işlənib hazırlanmasıdır. Həmçinin təhsilin inklüziv keyfiyyətinə (sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulan tədris metodu) nəzarətin artırılmasıdır.
“Təhsil nədir?” sualını “Təhsil kimdir?” əvəzləyəndə…
Şəxsən bizim üçün Beynəlxalq Təhsil Günü bir detala görə xüsusilə önəmlidir: burada təhsil coğrafi sərhədləri aşır, məkan kateqoriyasını qəbul etmir.
Bəli, təhsil çox unikaldır – o həm milli özünüdərk, həm də beynəlxalq düşüncə mexanizmidir.
Təhsil fərdiyyətdən şəxsiyyətə, ümmətdən millətə, zərrədən küllə, bioloji varlıqdan – adamdan üst insana aparan yoldur…
Şüurlararası ən faydalı marşrut xəttidir…
Bəşəri düşüncənin ucsuz-bucaqsız sərhədlərinin işıq xəritəsidir.
Ən nəhayət, şəxsən mənə görə təhsil milli şüurun alt qatında gəzişib oradakı işığı, ziyanı üzə çıxarmaq və onu bəşəri düşüncənin xidmətinə təklif etmək prosesidir…
Tez-tez eşitsək də, cavablamaqda çətinlik çəkdiyimiz suallardan birincisi budur: “Sizcə, bu gün təhsilimizdəki ən böyük problemlər hansılardı?” Cavabımız isə hər zaman bir olub: “Ən böyük problem təhsilə özü kimi müraciət etməməyimiz, ona öz missiyası, öz mahiyyəti sərhədlərinin daxilində deyil, xaricində yanaşmağımızdır…”
Cavabımız əksər hallarda qarşı tərəfi razı salmayıb. O yəqin edib ki, biz təhsildəki ən böyük problemlərdən danışarkən məktəblərdə yaşanan neqativlərdən, direktor-müəllim münasibətlərindən, bullinq olaylarından və s. bu kimi məsələlərdən bəhs edəcəyik. Amma xeyr! Bunlar, sözsüz ki, ciddi çatışmazlıq sayılsa da, təhsilin mahiyyəti ilə birbaşa uzlaşmayan sosioloji problemlərdir.
Təhsilin bir mahiyyət olaraq daşıdığı problemin əsas həll yolu isə ona olan yanaşmanın dəyişməsidir.
Böyük alim, akademik Azad Mirzəcanzadənin razı olmadığımız, bəlkə də, yeganə fikri elə təhsil haqqındadır: “Təhsil hələ həyatın özü deyil, o həyata hazırlıq prosesidir”.
Böyük akademikin ruhundan üzr istəyərək qeyd edərdim ki, təhsil elə həyatın özüdür. Həyatın özündən də böyük olan mahiyyəti məhz təhsil üzərində qurulub…
Təhsil – həyat üçün nə başlanğıcdır, nə də sondur…
O, həyatın ilk nöqtəsindən son nöqtəsinəcən onu müşahidə edən fondur… İslam peyğəmbərinin də dediyi “insan beşikdən qəbrədək elm öyrənməlidir” kəlamı təhsil amilini həyatı müşahidə edən fon kimi mənalandırır…
Gəlin, bu yerdəcə mahiyyətdən çıxıb gerçəkliyə qayıdaq. Bizlərdə və bizim üçün təhsil nədir? Qısaca deyim: hazırda bizim üçün orta ümumtəhsil müəssisələrindəki təhsil yalnız və yalnız ali məktəblərə hazırlığın 11 illik periodudur. Hazırda məktəb amili, oradakı tədris prosesi 3 saatlıq qəbul imtahanının az qala tərkib hissəsinə çevrilib. Qəbul imtahanları çağdaş təhsilimizin “vizyon”unu bu gün çox böyük asanlıqla istədiyi səmtə dəyişdirmək gücündədir. Bəs yanaşmanı necə dəyişək? Biz təhsilin mahiyyətini bu gün elə onun özünə qaytarmalı, onu test imtahanının hazırlıq prosesi kimi deyil, vahid orqanizm kimi qəbul etməliyik. O zaman əsas missiyası şəxsiyyət formalaşdırmaq olan təhsil cəmiyyət, tarix üçün nəhəng və işlək canlı orqanizmə çevrilə bilər. O zaman biz “təhsil nədir?” sualını, haqlı olaraq “təhsil kimdir?” sualı ilə asanlıqla əvəzləyə bilərik… Yəni təhsilin təhsillilik mahiyyətini özünə qaytarmış olarıq…
Müəllim yağlı “2” alanda…
Təhsil, çox təəssüf ki, Sovet dövründə özünün əsas missiyasından xeyli uzaqlaşdı. Analitik təfəkkürlü şəxsiyyətin formalaşması üçün lazım olan texnologiya bu dövr təhsilinin məzmununa çox da uyğun gəlmirdi.
Sovetin əsaslandığı yaddaş təhsili, əsasən, insani faktla zənginləşdirir, sonra isə həmin faktlardan istifadəni xarakterizə edirdi.
Sovet dövründə məhz bu yaddaş təhsili hökm sürürdü. Bu, əsasını Fransa təhsilindən götürür. Klassik Fransa təhsili ustad-şagird prinsipi ilə fəaliyyət göstərirdi. Burada ustadın işi düşündürmək deyil, lazım gəlsə, əzbərlətməklə qarşısındakına ötürmək idi. Sovet dövrünün dərsliklərinə fikir versək, görərik ki, onun əsas funksiyası şagirdi izafi informasiya ilə yükləməkdən ibarət olub. Şagird yalnız özünə lazımlı informasiyanı götürərək ondan yararlanmaqdan hər zaman uzaq olub. Sovet təhsilinin mənfi cəhəti bundan ibarət idi.
Müasir təhsil isə daha çox təfəkkürə, verilən informasiyalardan çıxış edərək analiz yürütmək bacarığına söykənir. Reallıq ondan ibarətdir ki, təhsilə baxış məhz bu sferadan doğrudur. Təhsil Avropa ilə müqayisədə Şərq və MDB ölkələrində ona görə geri qaldı ki, bizim təhsil düşündürməyə yox, informasiyaları kor-koranə mənimsəməyə yönəlmişdi. Bu gün sizi düşünməyə imkan yaratmayan informasiya tullantı hesab olunur. Yeni dövrün təhsil çağırışları bunun üzərində qurulur. Sovet təhsili iflas olmağa məhkum idi. Artıq üçüncü nəsil təhsil gəlir. Bu, tədqiqat təhsilidir. Bir çox ölkələrdə məktəblər artıq analitik təhsildən də bir pillə yuxarı qalxaraq şagirdlərə tədqiqat meyarlarını öyrədirlər. Belə bir təhsil ilə sovet təhsilini heç cür eyniləşdirmək olmaz.
Həmçinin ali dəyər olan təhsili bir canlı orqanizm kimi təqdim etməkdə çətinlik yaşadı. İnanaq ki, bütün bunların fonunda əlahəzrət təhsil bir gün öz mahiyyətinə qayıtdıqda müəllimə yağlı bir “2” yazmayacaq…
Burada bir haşiyə çıxaq. Şagirdi cəmiyyət üçün lazımlı kadr kimi formalaşdırmaq istəyən təhsil onu yalnız əzbərçi faktlarla yükləmir, situasiyaya görə düzgün qərarvermənin modullarını öyrədir, düşüncə dənizinin sahillərinə çıxarır, üzməyin ilk elementlərini ona başa salır.
Təhsilin ən böyük problemlərindən biri də elə burada üzə çıxır: biz, bəlkə də, illərdir nələrisə əzbərlədiyimiz, aramsız informasiya seli ilə yaddaşı bəs deyincə yüklədiyimiz üçün təhsili sevə, daha doğrusu, onu özünə qaytara bilmirik?!
Axı təhsilin mahiyyət sərhədinə yaxınlaşmaq üçün biz yaddaşdan analizə, təfəkkürə, təfəkkürdən isə tədqiqata doğru yol getməli idik?
Gedə bildikmi?
P.S. Deyəsən, bu sualla həm də “təhsilimizdə ən böyük problem nədir?” sualına cavab vermiş olduq…