Köşə Yazıları Səbinə İzzətli

Prosesə, yoxsa nəticəyə fokuslanmalı?!

– Axı əla qiymət almaq niyə bu qədər vacibdir? Sanki həyatının ən önəmli məqsədi imiş kimi…

(Düşündürücüdür.)

– Balım yüksək olsa, əlaçı təqaüdü alacağam!

(Təsirli səbəbdir.)

Buna bənzər dialoqlar aşağı-yuxarı bir çox ali təhsil ocaqlarında səslənir. Bu yanaşma məhz onu sübut edir ki, tələbələr nəticəyə fokuslanaraq təhsil alırlar, ya da fokuslanmağa məhkum olurlar. Proses onlar üçün bir o qədər önəm daşımaya bilir.

Yuxarıdakı real dialoqda nəticənin önəminin yalnız bir səbəbi çəkilib. Əgər təqaüdlər sadəcə tələbənin yekun imtahan ballarına görə təyin olunmasa idi, semestr ərzində tələbənin dərsdə davranışından tutmuş, aktiv iştirakı, tapşırıqlara yaradıcı yanaşması, sadə dillə desək, çırpınması da bu yekuna əlavə olunsaydı, daha ədalətli olmazdımı? İmtahana bəzən bir gün qalmış əzbərlənən sualların cavabları niyə həlledici meyar olsun ki?! Yaddaşı güclü olan qazandı, zəif olan isə çabaladı durdu, iki bal əskik topladı və zərbəçi oldu.

Deyəcəksiniz ki, həyatın qanunu budur da, güclülər həyatda qalır. Təhsil axı bütövlükdə bərabər deyil həyata! O zaman təhsilə yüklədiyimiz məna da çox ağır olar, onu çox qəlizləşdirib çox dramatikləşdirmiş olmarıqmı?

Xaricdə əylənərək öyrənmə metodu uzun zamandır tətbiq olunur və biz bu tədris prosesində yaradıcı, xoşbəxt, tənqidi düşüncə sahibi insanların yetişdiyinin şahidi oluruq. Özümüzə gələndə humanizmi tənzimləyə bilmirik, ya nifrətəlayiq müəllim oluruq, ya da yolaverən. Orta yoxdur.

Hələ məktəb vaxtından şagirdlərin qiymət yarışına girməsi yanlış psixologiyadır. Ailədə övladın uğurlu olması da qiymətlərinə bağlanmamalıdır. “Bu gün məktəbdə/universitetdə yeni nə öyrəndin?” sualının cavabı daha vacib deyilmi?

Öyrənmək prosesə bağlıdır, müəyyən zaman və zəhmət tələb edir. Nəticə isə bir anlıq şansa və ya şanssızlığa bağlana bilər. Əgər çəkdiyin zəhmətin sonunda uğur əldə edə bilməyəcəyini öncədən bilsəydin, o zəhməti çəkərdinmi? Yəqin ki, bir az çətin. O zaman nəticə niyə bu qədər önə gəlməlidir ki?

Biz sonuca baxmadan yola çıxmalıyıq, çıxmalıyıq ki, yolu görə bilək, təcrübə yığaq, düşüncə tərzimizi nizama salaq, qaranlıqları aydınladaq və sonu nə olursa-olsun, biz yalnız qazanmış olaq. Bəzən bu yanaşmanı prosesin içində olan tələbələrə izah etmək çətin olur. Nəticə onların beyninə pərçimlənib, ölüm-qalım məsələsinə çevrilib!

Proses həm də ona görə önəmlidir ki, tələbə auditoriyada hər dəqiqəsinin qədrini bilsin. Sadəcə seminarlarda, dönəm arası qiymətləndirmələrdə aktiv olub, əla qiymət aldıqdan sonra vəzifəsinin bitdiyini sanmasın. Müəllim auditoriyada mühazirə keçərkən ötürdüyü bilgini tələbəyə PDF-lərdə birəbir verə bilməz. Canlı ünsiyyət, dialoqlar, müzakirələr anlıq yeni bilgi paylaşımlarına gətirib çıxarır. Nə yazıq ki, bu gün əksər tələbələr auditoriyanın önəmini qavramır, “onsuz da mühazirə mətni paylaşılacaq” məntiqiylə dərsdə sıfır qatqıyla, sayğıyla “iştirak” edir. Nəticə isə ona görə “əla” ola bilir, axı bütün gecəni yatmayıb şablon mühazirələri əzbərləyib?! Qazandığı isə boş əzbər söz yığını, hə, bir də əlaçı təqaüdü! Nə yazıq ki, bənzər örnəklərimiz çoxdur, fərqli yanaşan tələbələrin də psixologiyasına bu oturuşmuş “nəticəpərəstlik” mənfi təsir edə bilir.

Nəticəyönümlü tədris barəsində tələbə yox, müəllim düşünməlidir. Bu metod isə birbaşa tədrisin bütün addımlarına, yəni prosesə fokuslanaraq reallaşmalıdır. Tələbənin dərsin sonunda mövzunu qavrayıb-qavramadığı qayğısı müəllimə aiddir, dolayısıyla onun yüksək qiymət alması da elə tədris edəni düşündürmüş olmalı. Tələbə isə yolda müəllimlə birlikdə addımlayan yolçudur, bələdçi deyil. Bu anlayışları beynimizdə tam oturtmalıyıq ki, təhsildəki boşluqlarımızı həll edə bilək. Birinci buradan başlamalıyıq.

Sonda amerikalı natiq, yazar Cek Kanfildin sözləri ilə fikrimi yekunlaşdırmaq istəyirəm: “Əhəmiyyətli olan nəticə deyil, nəticəyə nail olmaq prosesində kim olmağındır!” Kimliyimizi formalaşdıran prosesə diqqət edək, təhsilin hansı pilləsində olmağımızdan asılı olmayaraq öyrənmənin möhtəşəmliyini hiss edə bilək və çox çalışaq. Nəticə nə olursa-olsun, çalışma əzmimiz qırılmasın!