“Pəncərədən
bayıra süzülür işıqla
qol-qola nə varsa evdə…
Pəncərədən həyat yağır
İşıq yağır
Qaranlığın üst-başına…”
Mənim pəncərəmə dəyməyin…
Bir evin pəncərəsi iki sirli həyat arasında olan pərdədir. Tanrının bəxş etdiyi həyatla, insanın yaratdığı dünya arasındakı körpüdür pəncərələr…
Uşaqlığımdan hər zaman binalar diqqətimi çəkib. Ona görə yox ki, onlar əzəmətlidir, vüqarlıdır ya da ki, bizdən daha uzaqlardadır. Bunlar axı nəyə lazımdır?! Mənə görə bir evin yuva olması üçün başqa əsas şərtlər var idi…
Ona görə düşüncələrimi ovsunlamışdı ki, orada çoxlu yaşamlar var idi. Həyatların həyatı olan dünyamızın dərki mənim üçün pəncərədən başlayırdı. Hər zaman bir fikri eşidirdim böyüklərimdən, bu uzaqdan eyni görünən binaların içində hər şey bambaşqadır. Gecə saat birdə işığı yanılı qalan iki qonşunun bir-biri ilə oxşar heç nəyi ola bilməz, aralarında üç pəncərə qədər məsafə olan balkonlarda ətrafı seyr edən zərif xanımları birləşdirən təkcə geyimlərindəki ahəngdarlıqdır, birinci və yeddinci mərtəbədə bayraq şəkli asan iki qonşunun kədəri eyni ola bilməz… “Axı insanlar müxtəlifdir, necə eyni duyğuları yaşasınlar?” – deyərdi mənim anam. Doğrusu da bu idi, məncə. Amma indi! İndi hər şey dəyişib…
Mənim yaşadığım dövrdə xoşbəxt ailələr də, bədbəxt ailələr də bir-biri ilə eyniləşməyə doğru gedir. Aralarında böyük məsafə olan iki mənzildə süfrə başında ana ilə ata tək oturub, övladlar öz otaqlarında telefon və komputerin arxasında ciddi işlərlə məşğuldur, paltar şkafının üstünə qoyduqları çörəkarasını gözüyumlu yeyirlər, iksinin də qulağında simsiz qulaqlıq olduğundan hərdənbir bir-birilərinə dedikləri zarafatları da eşitmir və bu “ünsiyyət”dən yorulub öz dünyalarına çəkilirlər. Nənə-babalarla nəsə danışmaq isə qeyri-mümkündür, onların dilini və ruhunu evdə duyan tapılmır artıq. Axı nə nəvələr günü-gündən özgələşən bu “qədim qalalar”ı bəyənir, nə də onlar bu yeni özülü anlayırdı… Balkona çıxan gənc qızların da problemi eynidir, ağılla qəlbin, seçimlə taleyin sərhəddində əzilən incə ruhlar. Anasının tapdığı ilk “sevgi” ilə evlənən oğlanların boşanma ilə bitən birinci ayrılıqları, əvvəlinci həsrəti…
Ən pisi də odur ki, övlad tərbiyəsi də eyniləşib artıq. Səhərə qədər işığı yanan o pəncərələr var ha, körpəsi yatmadığı üçün gözünü yuma bilməyən valideynlər olan evlər, o otaqlardan da eyni avaz duyulur – yutubun “laylalar”ı ilə böyüyüb “hərkəsləşən” körpələrin oxşar qığıltıları. Daha arzular da eyniləşib. İndi insanlar ancaq daha çox maaş, böyük ev (hətta yaxşı olar ki, bir neçəsi olsun, özü də mərkəzdə), bahalı maşın, çoxlu taksit kartları, son model smartfonlar, ancaq lüks həyatı arzulayırlar. Heç kim dəstədən geri qalmaq istəmir. Bunun üçün canını dişinə taxıb gecə-gündüz çalışır. Ondandır ki, evlərdə günəş batmaq bilmir, gecə düşmür. Tıxac səbəbilə evə gec gələn qadınlar sabah üçün alapürçüm tədarük görürlər, yarıcanları telefonda qala-qala.
Mənim üçün isə ən təəssüflüsü pəncərəsindən bayraq asan yüzlərlə ailənin kədərinin eyni olmasıdı… Nə bir qədər az, nə də çox…
Bu suallar beynimdə dolaşırdı ki, adını unutduğum qəzet səhifəsində bir yazı oxudum, tikinti sahəsində işinin peşəkarı olan mütəxəssis bildirirdi ki, şəhərdə sakinlər binaların pəncərələrini dəyişə bilməzlər, bu şəhərin gözəlliyinə xələl gətirir. Bütün pəncərələr eyni olmaldır! Necə qorxunc bir cümlə. Onda bildim ki, sən demə, ətrafımdakı bu eyniliyin günahkarı o mütəxəssiz imiş. Axı insanlar eyni telefon markasından istifadə edə bilərlər, bənzər rənglərdə geyinə, evlərini oxşar mebellərdə bəzəyə bilərlər, lap eyni vəzifədə çalışıb bir adı da daşıyarlar, nə olsun ki?
Amma eyni pəncərədən həyata baxa bilməzlər! Bu idi işin kökündə dayanan səbəb. Bəlkə, birinin əsəb sistemi və fiziki sağlamlığı ona imkan verir ki, həyatı çılpaqlığı ilə seyr edə bilsin, o adi şəffaf pəncərə çəkəcək, digəri isə həyatı olduğu rəngdə yox, eyni rəngdə – qara görmək istəyir, imkan verək o da özünə uyğun olanını seçsin. Ya da bütün günü özünə baxmaqdan doya bilməyənlərimiz var, onlarda güzgülü olanlarından, tez üşüyənlər ikiqatından, sadəliyi sevənlər sadəsindən, əzəməti sevənlər öz zövqlərinə uyğun və s.
Qoy heç kim həyata eyni pəncərədən baxmasın. Bütün günahı həmin adını unutduğum mütəxxəsisin üstünə yıxmışdım, bir də ayıldım ki, pəncərədən vuran külək səliqəsiz üst-üstə yığdığım kitablarımı yerə səpələyib. Və təbii ki, dəfələrlə oxuduğum səhifə yerdə açılı qalıb:
“Hamı günahkardı dünyada ancaq,
Dünyada heç kimin günahı yoxdu!”.