Aktual Elçin Bilaloğlu Füyuzat 130

ABŞ-ın Cənubi Qafqaz siyasəti

Əsrlərdir Rusiya, Türkiyə və İran arasında nüfuz mübarizəsinin getdiyi Cənubi Qafqaz regionu müasir dövrümüzdə qlobal geosiyasi güclərin çəkişmə meydanına çevrilib. XX əsr boyunca Qafqaz Qərb bloku üçün Sovetlər Birliyi ilə mübarizənin ön cəbhəsi hesab olunurdu. Bu regionda Qərb öz maraqlarını NATO üzvü olan Türkiyə üzərindən gerçəkləşdirirdi. XX əsrin sonunda “soyuq müharibə”nin başa çatmasından sonra yaranmış geosiyasi şəraitdə isə Qərb, ilk növbədə, qlobal güc olan ABŞ üçün Cənubi Qafqaz Rusiya və İrana qarşı rəqabət məkanı olmuşdur. ABŞ-ın bu regionda əsas geosiyasi hədəfi Rusiya və İrana qarşı mübarizə və Xəzər–Mərkəzi Asiya regionunun enerji ehtiyatlarına çıxışdır. Yəni bütün hallarda ABŞ-ın bu bölgə ilə bağlı strategiyasında region ölkələri ilə bağlı hədəfləri məlumdur, bu platformadan yalnız və yalnız qlobal mübarizə üçün istifadə edilməsi nəzərdə tutulur. Belə olan halda bütün situasiyalarda öz maraqlarını üstün tutan ABŞ üçün region ölkələrinin milli maraqları arxa plana keçir. Bir məqama da diqqət etmək lazımdır ki, böyük dövlətlər tez-tez xarici siyasət kurslarına düzəlişlər edir, dünya üzrə geosiyasi mənzərənin dəyişməsi amilini ciddi surətdə nəzərə alırlar. Cənubi Qafqaz regionu ötən əsrin 90-cı illərindən qlobal güclərin maraq dairəsindədir. Aparılan təhlillər göstərir ki, bu regionun gələcəyi ilə bağlı həssas məqamlar mövcuddur, bunun üçün Amerika və Rusiyanın strateqləri müxtəlif planlar hazırlayıblar.

Təbii ki, regiona daha yaxın olan Rusiya daha fəaldır. Kremlin mesajlarında və rəsmi qərarlarda Cənubi Qafqazdakı maraqlarını bütün gücü ilə təmin etməyə çalışacağı öz əksini tapır. Bunu Cənubi Qafqazın təhlükəsizliyinin təmini üçün edilən müxtəlif təkliflərdən açıq-aşkar görmək mümkündür. Bu zaman Moskva “təhlükəsizlik” məsələsini “Amerikadan və ya Qərbdən gələn təhlükə” kimi təqdim etməyə çalışır. Müasir dünyada bu kimi nağıllarla insanları aldatmaq mümkün olmadığı halda, bəzən təsir altına düşənlər də olur.

Yuxarıda sadaladıqlarımızın fonunda Amerika və Qərbin regiondakı fəaliyyəti, təbii ki, ciddi maraq kəsb edir. İlk olaraq ABŞ-ın hansı planları həyata keçirmək istədiyi əhəmiyyət daşıyır. ABŞ-ın Cənubi Qafqaz regionuna geosiyasi aspektdə yanaşmasında ziddiyyətli məqamlar vardır. Gedişatı müşahidə edən politoloqlara görə, irəli sürülmüş mövqe bəri başdan böyük dövlətlərin konfrontasiyasına zəmin hazırlayır. İkincisi, regionun böyük ölkələri olan Türkiyə və İran qarşı-qarşıya qoyulur. İki müsəlman dövlətdən biri tərəfdaş, digəri isə düşmən olaraq dəyərləndirilir. Nəticədə bu mövqe müsəlman dünyasını parçalamağa xidmət edir. Üçüncüsü, ABŞ Cənubi Qafqazın hər üç ölkəsinə eyni qəbildən yanaşır. Azərbaycan, Ermənistan və Gürcüstan geosiyasi statusuna, tarixinə, dövlətçilik ənənəsinə, xarici siyasət kursunun məzmununa görə bir-birindən fərqlənən ölkələrdir.

Ermənistan 30 ilə yaxın müddətdə bölgədə təcavüzkar xarici siyasət yeridib, əgər ABŞ yaranmış vəziyyətə ədalətli yanaşsa, ilk növbədə, region dövlətlərinin ərazi bütövlüyünün təmin edilməsi şərtini nəzərə almalıdır. Ermənistanla yalnız bu şərtə tam əməl etdiyi halda əməkdaşlıq qurulmalıdır. Lakin reallıqda bunun əksini görürük – Dövlət Departamenti hər il Ermənistana milyonlarla yardım ayırır. Bunların fonunda isə zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirilir. Açıq görünür ki, ABŞ-ın Cənubi Qafqaz siyasəti real vəziyyətə deyil, subyektiv maraqlardan qaynaqlanan süni meyarlara əsaslanır. Bu səbəbdən də həmin mövqe regional miqyasda əməkdaşlığın inkişafına yox, münaqişələrin kəskinləşməsinə aparıb çıxarır.

Strateji perspektivdə Vaşinqtonun bu cür mövqeyi Cənubi Qafqazda sülhün yaranmasına yardım edə bilərmi? Bu suala birmənalı olaraq müsbət cavab vermək çox çətindir. Qeyri-obyektiv meyarlara əsaslanan geosiyasətin hansısa mərhələdə səmərə verəcəyinə inanmaq imkansızdır. Burada böyük dövlətlərin bir-biri ilə daha mürəkkəb və gərgin mübarizə aparacağını proqnozlaşdırmaq olar. 44 günlük müharibədən sonra Cənubi Qafqazda baş verənlər dediklərimizin əyani sübutudur.

Bu qənaət ABŞ və Rusiyanın xarici siyasətdəki prioritetləri müqayisə edəndə daha da güclənir. Hər iki dövlət Cənubi Qafqazda öz yerini daha da möhkəmlətməyi mühüm hesab edir. Moskvanın xarici siyasət konsepsiyasında Qafqazda möhkəmlənmək məsələsinə ayrıca yer verilib. Orada MDB və Avrasiya məkanında inteqrasiyadan danışılır. Eyni zamanda Rusiya dövlət başçısı bu inteqrasiya prosesinə əngəl olan qüvvələri zərərsizləşdirməyi Federal Təhlükəsizlik Xidmətinə (FTX) tapşırıb. Görünən odur ki, böyük dövlətlər region uğrunda gərgin mübarizə aparmaqda qərarlıdırlar. Onların hər biri atacaqları addımları nəzəri, siyasi və metodoloji əsaslandırmağa çalışır. Problemin bu cəhəti iki aspektdə çox düşündürücüdür. Birinci, böyük dövlətlər dialoqa deyil, öz maraqlarının tam təmin edilməsinə üstünlük verirlər. Bu məqam tərəflər arasında konfrontasiyanın davam edəcəyini təsdiq edir. İkinci, Cənubi Qafqazdakı münaqişələrin ədalətli həllinə qlobal miqyaslı geosiyasi ziddiyyətlərin mane olacağı gözləniləndir. O cümlədən ABŞ-ın geo­siyasi strategiyasının əsasını təşkil edən meyarlardakı ziddiyyətlər regionda münaqişələrin dərinləşməsinə təkan verə bilər.

Davamı…