Elmin Nuri Köşə Yazıları

Ağ rəngin sonuncu funksiyasındakı elm – yaxud, işıqlar üçün başsağlığı…

Ağın ən sonuncu çaları

Qabaqcadan deyim ki, yazının ilk cümləsindən ta son nöqtəsinə qədər ağ rəngin içində hərəkət edəcəyik. Ağın bir çalarından digər çalarına adlayıb ən sonuncusunda dayanacağıq…

Hələlik isə bir neçə il bundan əvvəl dünya çapında tanınan alim, böyük Lütfi Zadənin elmi varisi olan professor Rafiq Əliyevlə etdiyimiz söhbətdən bir parçanı xatırladaq ki, o “Ağ zona”nın içində gəzərkən, əlimizdə xəritəmiz olsun:

– Rafiq müəllim, insanlar 0-dan 1-ə, yəni, yoxluqdan varlığa gedən yollarda niyə azırlar?

– 0 və 1 Aristotel məntiqindədir. “Sıfır” və “bir” ya dost və ya düşməndir. Bu mütləq  məntiq üçün ya ağ var, ya da qara. Bəzi insanların təfəkkür tərzi o ağ-qara ilə ölçülür. Onlar heç vaxt intervalla hərəkət etmirlər. Sıfırdan birə keçirlər, birdən sıfıra. Onlar qeyri-səlis məntiq təfəkkürü ilə yox, Lenin təfəkkürü ilə hərəkət edirlər. Yəni bizdən olmayan bizim düşmənimizdir. Axı bu qeyri-səlis yeni təfəkkürdü, yeni fəlsəfədi. Bunun həyata keçməsi üçün təcrübə azdı. Dediyiniz insanlarda kəsilməzlik yoxdu, o insanlarda qütbləşmə var. Həqiqət qütblərdə yox, onların arasındadır. Amma insanlar bu həqiqətin yanında deyillər.

– Sizin “Segahı görürəm” adlı elmi monoqrafiyanızda hər bir səs tezliyinin müəyyən rəngə çalma formulu var. Cəmiyyətimizdə və insanlarda bu gün haqq səsi daha çox hansı rəngə çalır?

– O vaxtı səs var idisə də, bəmdə idi. Cəmiyyət bəmdə oxuyurdu. Bir rəngdən o biri rəngə 1000 keçid var. Bizim cəmiyyətin səsi ümumilikdə xora oxşayır, amma hələ rəngə çevrilməyib. Hələki xor çoxrənglilik deyil.

– Belə deyək, bəs bu gün cəmiyyətin səsi hansı rəngdədir?

– Çox rəngə çalır. “Qırmızı” demək istəmirəm. Allah eləməsin ki, qırmızı olsun.

Qeyri-səlis məntiqdə hər bir rəngin, o cümlədən, qaranın və ağın çox çaları, keçidi var. Lütfi Zadənin dünyaya bağışladığı yeni dünyagörüş bəşəriyyəti Aristotelin mütləq təfəkküründən xilas etdi. Artıq insanlar Mütləqə (riyazi dillə desək, 1-ə) çatmağın mümkün olmadığını anladılar. Bir də onu anladılar ki, Mütləq olan yalnız Allahdır. Ona isə ancaq yaxınlaşmaq və yenə də yaxınlaşmaq olar. Çatmaq isə əsla mümkün deyil.

Lap yadımdan çıxmışdı, axı biz sizinlə ağ rəngin içiylə gedirdik. Bu ağ da elə əcaib rəngdi ki, az qala hər addımda onunla rastlaşırıq. Bu rastlantılardan sonra üzümüzün ağ vaxtı da olur, sifətimizin ağarmış vaxtı da… (Təki hər zaman üzünüz ağ olsun, simanız isə kiminsə qarşısında ağarmasın. Ürəyinizdən keçirsə, “Amin” deyin). Eyni rəngin müxtəlif pillələrində tam fərqli ovqatın, ruhiyyənin yiyəsi oluruq. Bu zalım Aristotel isə bütün bəşəriyyəti birbaşa Ağdan Qaranın içinə “tullayırdı”…

Üzün ağ olsun, Lütfi Zadə. Min yaşayın, Rafiq müəllim…

***

– “Adam olmayanda laboratoriya da işləməyəcək də! Bayaq bir yoldaşla söhbət edirdik. Ona dedim ki, burada 600-ə yaxın əməkdaş var. Amma saysaq, heç 200 nəfər olmayacaq. Buna çox acığım tutur, çox əsəbiləşirəm. Mənim laboratoriyamda bu dəqiqə uşaqlar işləyirlər. Elə sizi gözləyirlər. Demişəm ki, söhbətdən sonra laboratoriyaya da baxacağıq”.

Bir il bundan əvvəl dünyasını dəyişən bir məşhur akademikdən jurnalist fəaliyyətim dövründə müsahibə götürərkən yuxarıdakı cümlələri ürək ağrısı ilə sadiq bəndənizə demişdi. Təbii ki, həmin mərhum akademik bir başqa mətləblərdən də bəhs etdi. Keçmişə gedib, zamanınızı almağa da bir hacət yox. Amma akademikin hər hansı elmi müəssisədəki məlum problemdən bəhs etdiyini anladıq. Bu o zamanlar idi ki, həmin akademikin çalışdığı məkanda, həmçinin, turniket quraşdırılsa da, yenə də davamiyyət ürəkaçan deyildi. (Təbii ki, aralarında davamiyyətin normal olanları da var idi). Yuxarıdakı abzasda bir institutdakı davamiyyətin zəifliyini konkret rəqəmlərlə gördük. Özü də bütün ömrünü ora həsr etmiş mərhum akademikin diliylə.

Hə, nə qədər ki uzunçuluğa varmamışam, deyim ki, axı o zaman akademikin tapşırığı ilə bizi laboratoriyada gözləyirdilər…

Və… Təbii ki, getdik. O zaman 92 yaşlı akademik (bəli, bəli – 92) yaşına uyuşmayan tərzdə sürətlə dəhlizə adlayıb böyük həvəslə bir-bir otaqları bizə göstərməyə başladı:

– Hanı bunlar, hara gediblər?

– Nahar vaxtıdır, “obed”ə gediblər.

Soyuq laboratoriyanın birində əməkdaşla söhbətini bitirib mənə tərəf döndü: – İndi gələrlər. Gəl, o biri otaqlara da baş çəkək.

Bir neçə laboratoriyanı da gəzdik. Funksiyasını bilmədiyim müxtəlif avadanlıqlar laboratoriyadakı divarları tək qoymayıb, onların bir növ, qulaq yoldaşına çevrilmişdi.

Hər dəfə boş otağın qapısını açan zaman qoca akademikin çöhrəsinə diqqət edir, boş otaqlara açılan bu çöhrədəki məyusluğun elmin müasir durumu haqqında acılı simfoniya olduğunu anlayırdım. Müxtəlif maddələrin iyi hopmuş otaqlar ağ rəngli həkim (və ya alim) xalatını xatırladırdı… Hiss edirdim ki, bu otaqlar da ağ rəng geyinib. (Yaddan çıxarmayaq, biz ağ rəngin içində səyahət edirik)  Amma ağ rəngli geyimin bir neçə funksiyası da var…. Bu otaqlarda daha çox ağ rəngli parçanın sonuncu, lap sonuncu funksiyasını hiss etdim…

Həmin alim 93 yaşında dünyasını dəyişən mərhum akademikimiz Maqsud Əliyev idi. “Yarımkeçiricilərin istilik keçirməsi” adlı kitab yazmaqla dünya elmində bu sahəyə aid ilk monoqrafiyanı ərsəyə gətirən Maqsud Əliyev… Adını çəkdiyimiz kitab uzun illər ABŞ və Avropa universitetlərinin əsas dərs vəsaitlərindən oldu. Ömrünün 50 ilini Elmlər Akademiyasına (AMEA) həsr edən Maqsud Əliyev son illərdə klassik fizikada Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin elementlərini axtarırdı. Yəni ömrü boyu ağ rəngin sonuncu funksiyasını özünə hopduran divarlar arasında oturmamışdı. O, ağın ayrı çalarında idi. Lütfi Zadə olan çalarına yaxın bir yerdə, Rafiq müəllim demiş, keçiddə. Amma ağın Ağı dedizdirən çaları isə qoca akademiki çox incidirdi.

İstər Maqsud müəllim, istərsə də bir zamanlar bərabər çalışdığı akademiklər Həsən Abdullayev, Zahid Xəlilov, Murtuza Nağıyev, İbrahim İbrahimov və başqaları bu gün o ağ rəngin ən yüksək qatındadırlar. Amma yenə də ürəkləri ilə bacara bilmirlər. Hərdən aşağı – Ağın maddi aləmdəki sonuncu funksiyasının hökm sürdüyü və ömürlərinin az qala 50 ilini həsr etdikləri məkana enib bir-bir dəhlizləri gəzirlər…

Və… həmin dəhlizlərdə qarşılaşdıqları ən sonuncu çalar onları çox əsəbiləşdirir…

Son söz əvəzi

Bizlərdə alimlərimiz (yəni əsl alimlərimiz) gözlərindəki işığı kitabların arasında qoydular. Gözlərdəki işıqlar itdikcə beyindəki işıqlar çoxaldı. O qədər çoxaldı ki, bu adamlar ayılıb gördülər ki, hamıdan kənarda özlərinin qurduğu bir “işıq səltənəti”ndə məskunlaşıblar. Və… bir də onu gördülər ki, onlara alternativ olan “qaranlıqlar səltənəti”ndə artıq qəbul olunmurlar. Beləliklə, öz işıqları özlərinə qənim kəsildi qoca alimlərin…. İşıqlı başlar və işıqlı səltənət vətəndaşlığı alimlərə boş ciblər, eynəkli gözlər, infarktlı ürəklər, köhnə pencəklər bəxş etdi. Amma başlarını dik tutan da var idi. Necə də olsa, bu “qaranlıq səltənət”də özlərində işıq daşıyırdılar….