Füyuzat 138

Ağıl və qəlb

Cism ilə varmaq güc isə, qəlb ilə varmaq yetər,

Əql irişməz seyri-qəlbin salu-ruzu-mahına.

Qüddusi

(Sevgiliyə bədənlə qovuşmaq imkansız olsa da, qəlbən yanında olmaq yetər…

Çünki qəlb seyirlərinin (qəlbdəki səfərlərin) ilini, ayını, gününü dərk etmək imkansızdır.)

Ağılla qəlbin müqayisəsi elmlə eşqin nisbəti kimidir. Ağıl keçmiş və gələcəyi nəzərə alaraq həyatı tənzimləyir, lakin qəlb bu günü, hətta anı yaşamaq istəyir. Bu səbəbdən də kitabdakı bilgi və elmlə irfandakı bilgi və hikmət bir-birindən çox fərqlənir. Ağıl elmin, qəlb isə hikmətin yurdudur. Ağılın qəlb üçün çalışması yüksəlişin, qəlbin ağıl üçün çalışması tənəzzülün göstəricisidir. Ağıl qəlb üçün çalışarsa, ruh, qəlb ağıl üçün çalışarsa, nəfs bədənə hakim olar. Ağlını qəlbinə tabe edərək yürüyənlər bir diyara, nəfsinə tabe edərək yürüyənlər isə başqa bir diyara gedib çıxarlar. Çünki qəlbin bilgisi ağılın bilgisindən daha ülvidir. Ağıl qəlbin bildiyi kimi bilməz. Ağıl məsafəlidir, şübhəlidir, şübhələnəndir, lakin qəlb hiss edərək, inanaraq bilir. Qəlb hissiyyata nə qədər açıqdırsa, o qədər çox şey bilir. Hissiyyat qəlbdə bilgini genişləndirib ülviləşdirir. Ağıl elm və texnologiyada yeni şeylər icad və istehsal edir. Gözəl məkanlar, göz­oxşayan dizaynlar, cəlbedici təqdimatlar qurub-yaradır. Həqiqət nəzəri ilə baxdıqda bunların hamısı insanın ürəyincə yaşaması üçündür. Biz fərqində olsaq da, olmasaq da, ağlımızın təqdim etdiyi hər şey axırda qəlbimizə qayıdır. Belə vəziyyətdə insanın üzərinə düşən vəzifə müxalif olaraq qəlbini ağlına tabe etdirmək deyil, əksinə, ağlını qəlbinə tabe etdirməkdir. Bununla belə, ağıl dayanmadan qəlbə bilgi göndərir. Bu icraatını nə qədər səmimi yerinə yetirərsə, qəlbə təsiri də o qədər dərin olur. Təsir gücü insanın dilindəki kəlmələri azaldır və qəlb hiss etdiyini ifadə etməkdən əl çəkib sükut edir, hal əhli olur. Bu da cəzbedici bir dərinlik deməkdir.

Bir anlıq bilgi axışının ağıldan qəlbə deyil, qəlbdən qəlbə olduğunu düşünək. Belə halda insan idrakı yüksəldikcə yüksələr və qəlbinə toxunan qəlbləri kəşf etməyə başlayar. Hal əhli üçün başqa qəlbləri kəşf etməyin ikinci addımı öz qəlbini kəşf etməkdir, yəni idrakdır. İdrak insanın zatən bildiyi bir şeyi kəşf etməsinin adıdır. Bu, şüuraltında yatan bilginin üzə çıxması kimidir. İnsanın qəlbini idrak etməsi qədər sevindirici başqa bir şey yoxdur. Bu bir növ özünəqayıdış, qürbətdən qurtulmaq – həsrət çəkilən vətənə vüslətdir. Əgər ağıl qəlbə ülvi və ali bilgilər göndərməsə, insanda idrak mələkəsi inkişaf etməz. İnkişaf etdikdə də coşmuş dəniz kimi qəlbdən ətrafa daşar, kainatı və həqiqəti əhatə edər.

Ağılla qəlb münasibətinin digər cəhəti imanın və inancın təsdiqlənməsində özünü büruzə verir. Ağıl “Nə üçün?”, “Niyə?”, “Necə?” kimi şüb­həli sualların arxasınca düşür, bu sualların cavablarını tapdığı ölçüdə həqiqətə çatır. Halbuki qəlb inanır və inandığını həqiqət sayır. Bu halda, bizə görə, iki ardıcıl sual yaranır: “Bir insanın sırf ağlı ilə qurtuluşa çatmağı mümkündürmü? Ağlı sayəsində əsas və qurtarıcı həqiqətləri bilməklə xoşbəxt ola bilərmi?” Bu sualların cavabları içərisində, bizə görə, ən mükəmməli budur: “İnsan bütün əsas həqiqətlərə və fəzilətlərə sahib olsa belə, qəlbi bunları təsdiq etmədən hüzur və səadətə çata bilməz. Çünki insanın özünü idrak etməsi ancaq qəlbi sayəsində mümkündür”…

Davamı…

İskəndər Pala
“Qəlb” kitabından