“Bu gün neçə aldın?”dan “Bu gün nəyi və niyə öyrəndin?”ə keçid…
Təhsil şəxsiyyətin formalaşması, özünüifadə bacarığının, situasiyaya görə davranış qabiliyyətinin tətbiqinə yönəlik bir mexanizmdir. Bütün təhsil nəzəriyyələri və sistemlərinin mərkəzində bu fikir və məqsəd dayanır: şagirdi şəxsiyyət yönümlü meyarlar əsasında formalaşdırmaq, onda həyati tətbiq bacarıqlarını inkişaf etdirmək.
Zaman və məkandan asılı olmayaraq dünyanın hansı çağı və hansı nöqtəsinə fikir vermədən təhsil adlanan proses əsasən, bu işi görmək üçün var olub. Lakin onu öz missiya və məqsədi istiqamətində həyata keçiriblərmi? Bu, artıq çoxvariantlı cavab tələb edən nisbi məsələdir.
Bizdə isə, əsasən də, repetitorluq institutunun “səyi” hesabına öz ana missiyasını az qala itirməkdə olan təhsil, özünün əsrlərdən bəri topladığı mənəvi-zehni energetik aurasından uzaq düşən məktəb bir yandan da yanlış qiymətləndirmə mexanizmlərindən ciddi əziyyət çəkir.
Gəlin bir anlıq təsəvvür edək: çağdaş təhsil sistemimizdə qiymətləndirmə ya birdəfəlik ləğv olunub, ya da kökündən dəyişərək tamam başqa formata keçib. Sizcə, belə olan surətdə nələrin baş verdiyini, məktəblərimizdəki xaosu tam təsvir edə bilərikmi?
Təhsil üçbucağının tərəflərindən biri olan valideyn övladının təhsillə əlaqəsi və göstəricisini sırf qiymətləndirmə üzərindən apardığından bu yenilik öncə onun üçün qəbuledilməz hal sayılacaq. Məsələn, hər hansı kənddə, ya elə şəhərin özündə yaşayan Sudabə xala, yaxud Əli dayı övladları Vəlinin hər hansı rəqəm, ya balla qiymətləndirilmədiyini ağıllarına belə gətirməz, ondan hər gün məktəbdən qayıtdıqdan sonra “bugün neçə aldın?” yox, “ bu gün nəyi və niyə öyrəndin?” mərhələsinə keçid edə bilməzlər. Məhz bundan sonra onlara görə, oğulları Vəlinin tədrisi də, oxuduğu məktəb də böyük bir formallığa çevrilər.
Ən sadə və ən qəliz sual
Təsəvvür edin: Şagirdin (elə yuxarıda sırf şərti ad olaraq götürülən Vəlinin) tədris prosesindəki qazancı, şəxsiyyət xətti boyunca necə və nə qədər, nə dərəcədə inkişaf meyli valideynləri tərəfindən hesablanır? Təhsilalan illərdir ki, hər gün məktəbə yol alır, evə qayıdır, pis-yaxşı ev tapşırıqlarını hazırlayır, yarıxoş-yarızor dərs prosesində cavab verməyə çalışır. Beləcə, sinif sinifi, il ili əvəzləyir. Belə olan halda hər hansı valideyn tərəfindən övladlarına verilməli olan ən sadə və sadə olduğu qədər də qəliz sual onlara ünvanlanmır: “Ümumiyyətlə, sən dərsə (məktəbə) niyə gedirsən?”
Bu sual ən yaxşı halda hazırlıqsız şagirdə gələcəklə bağlı cavab almaq məqsədilə ilə deyil, ironiya, tənə ilə ünvanlana bilir. Amma çox az sayda valideyn yığcam görünən, gələcəklə, hədəflər sistemi ilə bağlı çox vacib olan bu sualı övladına verib onunla birlikdə cavab variantları üzərində işləyir.
Əksər valideynlərin nəzərində övladlarının məktəbə getmələrinin əsas məqsədləri aşağıdakı kimi göstərilir:
- Ali məktəbə qəbul olunması üçün;
- “Sadəcə, belə lazımdır” fikrinin təsdiqi üçün (Burada IX sinfədək olan icbari təhsil qanunu şagirdi valideynin məqsəd və məramının əvəzinə dərsə yollayır).
- Yaxşı qiymət almaq, yaxşı oxumaq üçün…
Ən kobud səhv
Elə sonuncunun üzərində dayanaq və yuxarıda qeyd etdiyimiz təhsil xətalarının birinə – qiymətləndirməyə yenidən nəzər salaq:
Yanlış tətbiq edilən qiymətləndirmələrin təhsilə, şagirdin gələcəyinə vurduğu ağır zərbələr haqqında saatlarla danışmaq olar. Amma bir-iki kiçik nümunə ilə bu zərərin təsvirini canlandırmağa çalışaq:
NÜMUNƏ 1: Vəli hər hansı fəndən “2” qiyməti alır. Doğrudur, o, hazırlıqsızdır və bu səbəbdən də qiymətləndirilib. Hazırlıqsız olmasının əsas səbəbi isə öz maraqlar çoxluğu, şüuraltı hədəfləri ilə həmin predmet arasında bir əlaqəni qura bilməməsidir. Valideyn və müəllimin tənəsi hesabına bir neçə dəfə məcburi əzbərləsə də, daha bacarmır. O, sevmədiyi məzmunu qəbullanmağa vadar edilir və bundan sıxılır. Nəticədə, nəinki həmin fənn, hətta bütünlükə məktəb, tədris prosesi onun üçün getdikcə əhəmiyyətini itirir. Müəllim tərəfindən onu dərsə hazırlıqsız gətirən səbəblərə varılmır. Səbəb kimi isə yalnız tənbəllik və məsuliyyətsizlik göstərilir. Bu isə getdikcə şagirdin psixikasına şüuraltı şəkildə təlqin olunur və onun şəxsiyyət, xarakter kimi formalaşmasına ciddi zərbə vurur.
Tək bu da deyil! Vəli “2” aldığı dərsdə “5” qiyməti ilə qiymətləndirilən Həsəndən özünü xarakter baxımından aşağı hiss edir. İstəsə də, istəməsə də iradəsi zəif olan şagirdin psixologiyası bunu reallıq kimi qəbul edir. O daha fərqinə varmır ki, məsələn, Həsən “5” alıbsa, bu onun seçimi, hər hansı predmetə verdiyi diqqətdir. O, aldığı “5”in tətbiqi formullarını da öyrənəcəkmi, yəni bunu özü üçün yararlılığa çevirəcəkmi? Bunları nə o, nə Həsən, nə də ki, müəllim düşünür. Qiymətləndirmə yeganə və inkarolunmaz reallıq kimi tədris prosesinin, eləcə də Vəlinin psixikası, gələcək xarakteristikası üzərindən at oynadır…
“2” alan Vəli bu cür pedaqoji yanlışlığın, psixoloji xətanın qurbanı olduğunu, ən kobud səhvin zərərçəkmişinə çevrildiyinin qəti fərqində deyil. Çünki onu evə getdikcə hələ valideynin danlağı da gözləyir. Vəliyə heç zaman “Sən məktəbə nə məqsədlə gedirsən?” sualını verməyən valideynin…
Gözümüzə necə su verək?
Hansı zərbəni hansı dərəcədə almasından asılı olmayaraq TƏHSİL həmişə öz mahiyyətinə qayıdır. O özü-özünü sağalda bilən və sağaltdıqdan sonra da müsbət missiyasını fərdə, cəmiyyətə ötürməyi bacaran prosesdir. Odur ki zaman-zaman qiymətləndirmə prinsipini də özünün təbii qaydalarına tabe etdirəcək. Bu prinsip, əslində, rəqabət yaratmaq mexanizmi kimi müsbət hal sayılsa da, dünyanın təhsil standartlarının çağdaş tələbləri ilə ayaqlaşa bilmir. Bir çox ölkələrdə qiymətləndirmə prinsiplərində çox ciddi dəyişikliklər edilib. Bəziləri ümumiyyətlə ləğv edib, bəziləri isə formal olaraq maraq predmeti kimi saxlayıb. Məsələn, təhsil islahatlarının beşiyi sayılan Finlandiyada şagird 3-cü sinifə qədər qiymətləndirilmir. Bu proses yalnız yuxarı siniflərdən etibarən aparılır. Amma necə: qiymət yalnız şagirdlə müəllim arasında məxfi bilgi kimi qalır. Çünki şüarı “biz imtahan yox, həyat üçün insan hazırlayırıq” olan fin müəllim bununla şagirdin az da olsa, psixoloji gərginlik yaşamasını istəmir…
İsveçdə 6-cı sinfə qədər qiymətləndirmə yoxdur. Buna zərurət də yoxdur. Çünki təhsilin missiyası axarında gedir. Orada məktəbin, müəllimin şagirddən istədiyi meyarlar və onların mənimsənilməsi hər hansı qiymətləndirməyə ehtiyac belə görmür. Həmçinin Finlandiya məktəblərində ev tapşırığı deyilən anlayış uzun illərdir ki, yoxdur. Onlara verilən problemin hansı üsullarla və necə həll olunması, məsələnin qoyuluşu daha vacibdir. Elə lazım olanı da budur. Doğrudan da, gələcəyin məktəbində qiymətləndirmə və ev tapşırığı həlləri o qədər də vacib hal sayılmayacaq, yaxud ümumiyyətlə ləğv olunacaq. Çünki gələcəyin təhsili üçün ən vacibi şagirdlərin dərsdə məzmun, həyati tətbiq etibarilə nələri qazandılar, təhsilin onlara nə verməsidir.
Bu zaman sual oluna bilər: bəs necə olur ki, dünyanın inkişaf etmiş ölkələrində ev tapşırığı var? Hətta şagirdi yükləmiş şəkildə bu, davam edir. Məsələn, Koreya və Sinqapur məktəblərində hələ də var. Oradakı ev tapşırıqları da bizim bildiyimiz ev tapşırığı deyil. Onlarda ev tapşırığı tətbiq elementlərinin davamı kimi həll olunur. Bu, tədqiqatçılıq istiqamətindədir. Hətta bəzi yerlərdə ixtira, ən əsası analitik yanaşma istiqamətindədir.
Vəli və müəllimləri üçün qeydlər
Təəssüf ki, yuxarıda şərti olaraq adını çəkdiyimiz Vəli (o Vəli həm də bütün şagirdlərimiz deməkdir) tam standartlar şəklində hərəkət edir və o, şagirdlik dövrünü bu qaydaların bozluğu fonunda itirir.
Onun günlük qrafiki məktəbdən gəlib yemək yeyib, istirahət etdikdən sonra sabahkı dərsə hazırlaşmaqdır. Bu hal o qədər standart hala çevrilib ki, artıq şagird həyatını başqa cür təsəvvür etmək mümkün deyil. Amma Vəli istəsə, yaxud müəllimləri istəsələr, o, şəxsiyyətyönümlü məzmun çalarlarını dərs müddətində də qavraya bilər. Bu zaman dərs vaxtının öz, dərsdən sonranın da öz inkişaf proqramı olmalıdır. Evdə dərs proqramı dünyagörüşünün, məntiq bacarığının, intellektual inkişafın artırılması kimi olmalıdır. Biz şagirdi şəxsiyyət olmağa icazə vermirik. Biz şagirdi şagird mərtəbəsindən çıxmağa qoymuruq. Şagird həyatının 11 ilini yalnız məktəb standartları ilə yaşamağa məhkumdur. Bu, illərlə belə davam edir. Təbii ki, hamıya aid deyil. Şükürlər olsun ki, indi bir çox ailələrdə uşağın əlavə inkişaf bacarıqları üçün addımlar atılır.
Bunu təkcə biz demirik. Avropanın məşhur öyrənim portallarından biri olan highspeedtraining.co.uk portalında yayımlanan “Qiymətləndirmədə müəllimin rolu” məqaləsində təhsilverənlərə müraciətdə deyilir:
“Qiymətləndirmənin uğurlu olması üçün müəllimlər ilk növbədə düzgün sosial, emosional və sinif mühiti yaratmalıdırlar. Şagirdlər mənalı qiymətləndirmə imkanlarından istifadə etmək üçün kifayət qədər güc hiss etməzdən əvvəl özlərini təhlükəsiz, dəyərli və hörmətli hiss etməlidirlər. Müəllimlər bunu pozitiv, əlçatan, gülərüz, şagirdlərini qarşılamaq, məktəbin davranışlarına və tədris və öyrənmə siyasətlərinə riayət etməklə, yüksək gözləntilərə malik olmaqla, şagirdlərini başa düşmək və empatiya göstərməklə edə bilərlər.
Eynilə, müəllimlərin şagirdlərlə ünsiyyət tərzi effektiv qiymətləndirmə üçün güclü zəmin yaratmağa kömək edir. Məsələn, şagirdlərə daim səhv olduqları deyilsə, bu zaman onların öz-özünə effektivliyi təsirlənəcək. Bu kimi dil davamlı istifadə edildikdə yalnız şagirdlərin əlaqəni kəsməsinə səbəb olacaq. Bunun əvəzinə, müəllimlər öyrənmə zamanı yanlış təsəvvürləri şagirdlərin inkişafı və üstün olması üçün fürsət kimi həll edə bilərlər.
Son olaraq
Təhsilin uğuru həm də cəmi iki suala olan münasibətin dəyişməsindən başlayır. Onları yenidən təkrarlayaq:
1. “Bu gün neçə aldın?”dan “Bu gün nəyi və necə öyrəndin?”ə keçid barədə düşünmək;
2. Şagirdə “Niyə “2” aldın?” deyil, “Sənin “2” almağında bizim nə yanlışımız oldu?” sualı vermək və çıxış yolunu birlikdə düşünmək…
Yalnız bu halda biz şagird dostumuz olan Vəlidən 2 sualı ürəkaçıqlığı ilə soruşa bilərik: “Sən, məktəbə niyə, nə məqsədlə gedirsən?”
Yalnız bundan sonra qazanan şagird, qazandıran isə təhsil olacaq!