AŞPA-Azərbaycan münasibətlərinin qısa tarixi
Azərbaycanla Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayır. Belə ki, 24 yanvar 1992-ci ildə Azərbaycan Respublikasının Parlamenti “xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət etmişdir.
17–18 mart 1996-cı ildə keçirilən Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasının (Venesiya Komissiyası) iclasında Azərbaycan bu komissiyaya üzv qəbul edilmişdir.
1996-cı ilin iyun ayında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycanın demokratik dövlət quruculuğu istiqamətində səylərini nəzərə alaraq ölkəyə “xüsusi dəvət olunmuş qonaq” statusunun verilməsi haqqında qərar qəbul etmişdir.
20 yanvar 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında” sərəncam imzalamışdır.
26–28 iyun 2000-ci ildə AŞPA-nın növbəti sessiyası keçirilmişdir; 126 nəfər deputatın iştirak etdiyi səsvermədə 120 nəfər lehinə, 1 nəfər əleyhinə, 5 nəfər isə bitərəf qalmaqla Azərbaycan Respublikasının Avropa Şurasının tam hüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilmişdir. 17 yanvar 2001-ci ildə AŞ Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilmişdir.
Müxtəlif vaxtlarda Azərbaycanın təşkilat ilə münasibətləri daha da inkişaf etmiş, xüsusilə insan haqları, ədliyyə sahəsində islahatlar, korrupsiya ilə mübarizə, kibercinayətkarlıq, insan hüquqları sahəsində maarifləndirmə, yerli özünüidarəetmə, ifadə və media azadlığı, penitensiar sistemdə islahatlar, gender bərabərliyi və s. sahələr üzrə bir çox regional və ikitərəfli layihələr həyata keçirilmişdir.
Qarabağın işğalda olduğu zamanlarda da təşkilat Azərbaycana münasibətində orta yol tutmuş, Qarabağın işğalı faktını tanımış, formal olaraq məcburi köçkün düşmüş azərbaycanlıların hüquqlarını müdafiə etmiş, ancaq bu məsələlərdə işğalçı tərəfə qarşı sərt mövqe tutmamışdır.
AŞPA və onun idarəçiləri…
AŞPA 1949-cu ildən fəaliyyət göstərir. Bu gün təşkilatın 46 üzvü var. Təşkilatın rəsmi dili ingilis və fransız dilləridir. Assambleyada işçi dil kimi alman və italyan dillərindən də istifadə edilir.
Bu qısa bilgilər təşkilatın, əslində, beynəlxalq statusa malik olmasına baxmayaraq, müəyyən dövlətlərin təsiri ilə idarə edildiyinin göstəricisidir. Tək dil faktoru deyil, təşkilatın bir sıra məsələlərə yanaşmasının da sadəcə Almaniya, Fransa kimi ölkələrin xarici siyasət istiqamətlərinə uyğunlaşdırılması eyni mətləbdən xəbər verir ki, bu da təşkilatın əsas prinsiplərindən olan bərabərlik və ədalət abnlayışlarına ziddir.
Formal olaraq 46 üzv dövlətin ortaq təşkilatı kimi qəbul edilən AŞPA-nın müəyyən dövlətlərin diqtə və təsiri altında fəaliyyəti onun obyektivliyini də sual altında qoyur. Məsələn, Qarabağın işğal altında qaldığı, 1 milyona yaxın azərbaycanlının məcburi köçkün həyatı yaşadığı, sırf milli kimliklərinə görə Qərbi Azərbaycandan soydaşlarımızın qovulduğu, yenə milli kimliyinə görə vətəndaşlarımızın öldürüldüyü vəhşət illərində AŞPA-nın səsi bugünkü qədər gur çıxmırdı…
Yaxud Azərbaycan tərəfi AŞPA qarşısında Ermənistanın işğal addımları, beynəlxalq hüququ pozması, insanların təməl haqqlarına təcavüz etməsi kimi halları qaldırdığı zamanlarda AŞPA-da ya “ölüm səssizliyi” hökm sürür, ya da BMT-nin özündən əvvəl verdiyi qərarlar xatırladılmaqla məsələnin üstündən keçilirdi.
İndi isə AŞPA iddia edir ki, Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması halları onları narahat edir və bu səbəbdən problemləri həll etməyə çalışırlar. Amma onların dediyinə inansaq, Azərbaycanda olan bu problemlər niyəsə əvvəllər yadlarına düşmürdü. Ancaq son illərdə – Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Fransanın neokolonizm siyasətinə qarşı çıxmasından sonra AŞPA-da radikal anti-Azərbaycan rüzgarları əsməyə başladı…
Haşiyə çıxmaq lazımdır ki, Azərbaycanda müəyyən sahələrdə çatışmazlıq və əskikliklər mövcud ola bilər, ancaq bu problemləri hansısa AŞPA-nın qabartması onların Azərbaycan xalqını sevməsi, düşünməsi demək deyil. Bu Azərbaycan xalqına, onun dövlətinə qarşı təsir rıçaqları formalaşdırmaq və beləcə, anti-Azərbaycan siyasətinə haqq qazandırmaq vasitəsidir. O ki qaldı problemlərə, Azərbaycan özünün minillik dövlət ənənələri və zəngin mədəni irsi ilə bu problemləri özü həll edəcək.
AŞPA-nın anti-Azərbaycan siyasətinin səbəbləri…
Qeyd etdiyimiz kimi, AŞPA-nın ümumi maraqları ona de-fakto rəhbərlik edən Fransa və Almaniya kimi dövlətlərin maraqları ilə bir çox məsələlərdə eynilik təşkil edir. Bu ölkələr isə Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilirlər.
Qərəzin səbəblərini başa düşmək biraz müşkül məsələyə çevrilib. Ona görə ki Azərbaycan öz xarici siyasətinin gərəyi olaraq heç bir bloka qoşulmur, dünyəvi rəqabət və qarşıdurmalarda tərəf seçmir və hər kəslə qarşılıqlı əməkdaşlıq mühiti formalaşdırmağa cəhd edir. Xüsusilə Fransa Azərbaycanın bu kimi addımlarını görməzdən gəlir və həmişə anti-Azərbaycan mövqedə dayanır.
Əlbəttə, AŞPA-nın qurucu ölkələri kimi, Fransa və Almaniya təşkilata ciddi təsir gücünə malikdir. Bu nöqtədə Azərbaycan–Fransa münasibətlərinin pozulmasının paralelində AŞPA-nın ani anti-Azərbaycan addımları təsadüfi sayılmamalıdır. Azərbaycandan itaətkarlıq və öz maraqlarını Avropa maraqlarına təslim etməsini gözləyən Qərb dairələri hər keçən günün rəsmi Bakı üçün yeni şanslar doğurduğunu yaxşı dərk edirlər.
Azərbaycan sürətlə Avropanın əsas enerji təminatçısı və tranzit layihələr baxımından etibarlı tərəfdaşına çevrilməkdədir. Rusiya–Qərb qarşıdurması, İran–Rusiya–Çin bloklaşması, Türkiyənin yenidən öz milli maraqlarını Avropa maraqlarından üstün tutması kimi ciddi hadisələr fonunda Azərbaycanın Şərq–Qərb qarşıdurmasında, daha doğrusu qarşıdurma tərəfləri üçün bütün sahələrdə vacibliyi artır.
Avropa özünün “vahid üstünlüyünü” əldən vermək istəmir, həmçinin Azərbaycanın dünya siyasətinə qoşulmasını öz maraqları üçün təhlükə hesab edir. Çünki Azərbaycanı Avropadan saymırlar və onu Şərq dövləti kimi qəbul edirlər. Üstəgəl, milli-etnik və dini fərqliliklər Avropada Azərbaycana qarşı “ögey münasibəti” daha da artırır. Yəqin Azərbaycanın tarixi və etnik kimliyi ilə Şərqə yaxın olması Avropada elə başa düşülür ki, rəsmi Bakı xarici siyasətini Şərqdəki avtoritar rejimlərdən yana qura bilər. Ancaq bu, əsassız və qərəzli yanaşmadan başqa bir şey deyil.
Azərbaycan tərəfi xarici siyasətini çoxdan formalaşdırıb və nə Şərq, nə Qərb bloku, yaxud ayrı-ayrı dövlətlər arasındakı dünyəvi mübarizələrdə tərəf tutmur. Bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlığa çalışır. Ancaq Avropanın özünün “paranoyak” davranışları və anti-Azərbaycan addımlarının radikallaşması rəsmi Bakını seçim etməyə məcbur qoyacaq səviyyəyə çatır. Gərək Avropa özü düşünsün ki, Şərq blokuna qoşulan, yoxsa tərəfsiz Azərbaycan istəyir?
NƏTİCƏ
Bütün hallarda Avropa artıq “vahid üstünlüyünü” itirib. Britaniyadan başqa dünyada ağırlığı və nüfuzu əvvəlki səviyyədə olan ikinci bir Avropa ölkəsi yoxdur. Bu vəziyyətdə Avropa “vahid üstünlüyünü” bərpa edə bilməsə də, ən azından nüfuzunu müəyyən dərəcədə və rəqabətə davamlı səviyyədə saxlamağı düşünməlidir. Bu isə aqressiv və radikal addımlarla deyil, qarşılıqlı əməkdaşlığa, dinc əlaqələrə hesablanmış addımlar olmalıdır.
Ən əsası isə “demokratiya dərsi” verməyə çalışan Avropa gərək özü “yeni səlibçi” məntiqindən çıxsın və digər dövlətlərə dini və milli kimliklərinə görə deyil, əməkdaşlıq və tərəfdaşlıq maraqlarından yaxınlaşsın. Avropa, onun bir parçası olan AŞPA düşünməlidir ki, qitənin başının üstünü Rusiya–Çin təhlükəsi alır və əsas təhlükəni sovuşdurmaq üçün Azərbaycanın reallaşdırmağa çalışdığı xarici siyasət prioritetləri elə Avropanın öz maraqlarına uyğundur.