Nəsirəddin Tusinin oğurlanan əsərləri
Dövrünün böyük ensiklopedik alimi Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı, elmi fəaliyyəti barəsində çox yazılıb. Təqdim olunacaq yazıda isə əksər hallarda haqqı tapdalanan, müasir dillə desək, “müəlliflik hüququ pozulan” bir alimdən söhbət açılacaq. Əslində, böyük Tusinin bu yönünü işıqlandırmaq, müəllifi olduğu “ilk”ləri xatırlamaq onun bioqrafiyasına toxunmaqdan daha vacibdir. Azərbaycan elmində ayrı-ayrı vaxtlarda Zakir Məmmədov, Fərman Eyvazov, Əli Babayev, eləcə də bir çox alimlər Tusidən danışarkən Avropada geniş yayılan bir çox elmi mətləbləri məhz onun yaratdığını qeyd etmişlər.
Amerikanın kəşfi, müasir qlobusun ideyası
Yazsaq ki, Amerikanı ilk dəfə olaraq Nəsirəddin Tusi kəşf edib, bu fakt olaraq yanlış olacaq. Çünki o nə dünya səyahətinə çıxıb, nə də həmin torpaqlara ayaq basıb. Lakin Kolumbun XV əsrdə ilk dəfə Amerikaya səfərindən (halbuki o özü də Amerikada olduğunu bilmirdi) 200 il əvvəl Nəsirəddin Tusi özünün “Zic Elxani”( Elxani Cədvəlləri) əsərində hazırladığı meridian və paralellər xəritəsində belə bir quru torpağın olduğunu bildirmişdi. Tusi dünya xəritəsini meridianlar üzərində qurarkən ilkin sıfır meridianının uzunluq xəttini indiki Qrinviçdən 34 dərəcə qərbdə qeyd etmişdi.Adıçəkilən xəritədə 256 məntəqənin yerləşdiyi uzunluq və en dairəsi göstərilir. Nəsirəddin Tusi uzunluq dairəsinin ölçüsünü Qrinviçdən 34-35 dərəcə qərbdən götürərək Cənubi Amerikanın şərq hissəsindən keçirir. Professor Həbibulla Məmmədbəyli buna əsaslanaraq belə bir ehtimal irəli sürür ki, o dövrün astronom və coğrafiya mütəxəssisləri hələ Kolumbdan çox-çox qabaq Qərb yarımkürəsində sonralar Amerika adlandırılmış materikin varlığından xəbərdar imişlər. Bu ideyanı isə ilk dəfə olaraq böyük Tusi özünün “Zic Elxani” əsərində səsləndirir.
Başqa bir fərziyyə də Tusinin böyüklüyünü əks etdirir. İlk dəfə X–XI əsrin böyük alimi Əl Biruni tərəfindən hazırlanan qlobus, çox təəssüflər ki, sonradan avropalı Martin Behaymın adına çıxarıldı. Doğrudur, onun icadını daha təkmilləşmiş, daha peşəkar iş hesab edənlər də yanılmırdılar. Amma Behaymın hazırladığı qlobusdan heç də fərqlənməyən qlobusu Nəsirəddin Tusi məsləkdaşı ilə birgə əsasını qoyduğu və rəhbərlik etdiyi Marağa rəsədxanasında hazırlamışdı. Azərbaycan fəlsəfə tarixinin araşdırıcısı, professor Zakir Məmmədov Nəsirəddin Tusinin irsini araşdırarkən mənbələr əsasında belə bir faktı qeyd edir ki, 1266-cı ildə Marağa rəsədxanasında N.Tusi ilə bir yerdə çalışan azərbaycanlı mühəndis Kəriməddin Əbubəkr Mahmud oğlu Səlmasinin düzəltdiyi cihazlar arasında içiboş yer kürəsi modeli də olub. Üzərində iqlimlərin təsviri verilmiş bu fiqur coğrafi qlobus idi. Bununla da Zakir Məmmədov elm aləmində ilk coğrafi qlobusun alman alimi Martin Behaymın hazırlaması haqqında fikri elmi fakt əsasında təkzib edir.
Hələ bu da son deyil. Yerin Günəş ətrafında fırlanmasını kəşf etməklə dünya astronomiya elminin yeni mərhələsini yaradan Nikolay Kopernik də Tusidən qidalanan alimlər sırasındadır. Kopernik 1543-cü ildə yazdığı “Göy sferalarının fırlanması” əsərinin 67-ci bölümündə biri digərinin daxilində hərəkət edən iki çevrənin müəyyən qanunauyğunluqlarından bəhs edir. Amma bu riyazi bəhs Kopernikdən 200 il əvvəl Tusi tərəfindən deyilmişdi. Həmçinin dövrün alimlərinin əsərlərində “Tusi cütü” kimi tanınırdı.
Tusidən ayrı-ayrı illərdə Nyuton, Kepler, Leybnits, Paş kimi alimlər də yararlanıb. Amma məşhur rus alimi Laboçevski kimi heç kəs Tusidən sui-istifadə etməyib. Bu sui-istifadənin tarixçəsinə nəzər salaq: Böyük alimimiz Mirzə Kazım bəy Sankt- Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim – Nəsirəddin Tusinin əsərlərini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri-Öqledis” əsəri də var idi. “Təhriri-Öqledis” antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi” olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi. Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq o əsərdəki ideyaları öz adına çıxarmış və riyaziyyatda qeyri-evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”.
Azərbaycanın ilk çap kitabı
Madam ki “Təhriri-Öqledis”dən danışdıq, o zaman əsərin başqa məziyyətindən də söhbət açaq. Əsər Azərbaycan tarixində ilk çap olunan kitabdır. Elə bu detalı da Tusinin ilkləri sırasına daxil etməliyik. Düzdür, kitabın çap olunduğu 1594-cü ildə Tusinin ölümündən 320 il keçirdi. Amma o yenə də ilkə imza ata bilmişdi. 1594-cü ildə Romanın Mediçi mətbəəsində nəşr edilən kitab Azərbaycan tarixində ilk çap kitabı ünvanını qazandı. Azərbaycan dilində mənası “Evklidin şərhi” olan əsər Romadan sonra az qala bütün dünyanı gəzdi. Londan, İstanbul, Sankt-Peterburq, Mərakeş və başqa yerlərdə təkrar-təkrar nəşr edildi. Azərbaycanda isə 1995-ci ildə “Azərbaycanın ilk çap kitabı” adı altında nəşr edildi. Kitabın məziyyətləri haqqında danışdıqca bitməz. Bunun özü ayrıca və geniş söhbətin mövzusudur. Təkcə bunu deyək ki, bu gün dünyada az qala hər adamın əzbər bildiyi vurma cədvəli ilk dəfə olaraq o əsərdə təqdim edilib.
Molla Nəsrəddin və Xacə Nəsrəddin
Nəsirəddin Tusini biz ancaq dəqiq elmlər sahəsinin ustadı kimi tanısaq da, o, alimlər demiş, həm əqli, həm də nəqli elmlərin sənətkarı idi. Yəni riyaziyyat, astronomiya, məntiqlə yanaşı, həm də ədəbiyyatşünaslıq, fəlsəfə, fiqh, musiqişünaslıq kimi sahələri də dərindən bilirdi. Hələ sağlığında tərtib olunan 57 kitabdan ibarət kataloqunda adıçəkilən sahələrin hər birinə aid dəyərli əsərlərə rast gəlinirdi. Məsələn, onun əruzdən bəhs edən, cəmi 70 səhifədən ibarət əsəri orta əsr divan ədəbiyyatında bu vəznə yeni baxışı meydana gətirdi. Nəqli elmlər sahəsinin də bilicisi kimi tanınan Tusinin hikmət və kəlam elmlərini də dərindən əxz etmişdi. Professor Məmmədağa Soltanov 1952-ci ildə “Azərbaycan” jurnalında yazdığı məqalələrin birində bu xüsuslara əsaslanaraq, bəzi elmi faktlara söykənərək məşhur hazırcavab bilici Molla Nəsrəddinin elə Xacə Nəsirəddin Tusi olduğunu qeyd edir. O, haqqında bəhs olunan məqalədə aşağıdakı faktları əsas gətirərək Tusinin Molla Nəsrəddinin Tusinin elə özü olduğunu bildirir:
“Mоlla Nəsrəddin mövzusu üzərində еlmi-tədqiqat işi aparan Avrоpa və Şərq alimləri yazırlar ki, Mоlla Nəsrəddin adı bu qədər şöhrət tapa bilməzdi. Bu şöhrətli şəхsin adındakı “Nəsrəddin”, şübhəsiz, XIII əsrdə Хacə Nəsirəddin Tusidən başqa bir adamla bağlı dеyildir. Bəzi qədim daş çapı, litоqrafik məzhəkə və lətifə kitablarındakı Mоlla Nəsrəddin lətifələri sırasında açıqdan-açığa Mоlla Nəsrəddin, Хacə Nəsirəddin, hətta Nəsirəddin Tusi adına təsadüf еdirik (Məsələn, “Lətaif və zəraif”, səh.12). Хacə Nəsirəddin Tusinin «Əхlaqi Nasiri» kimi məşhur bir əsəri vardır ki, burada о, Hülakü хan ilə оlan ünsiyyətində bəzi lətifələr də işlətmişdir. Bu lətifələr еyni ilə Mоlla Nəsirəddinin lətifələri kimi məşhurdur.
Tusi əfsanəsi
1201-ci Tus şəhərində anadan olan Xacə Nəsirəddinin övladları, nəvə-nəticələri sonradan Ordubada köçdü. Şah Abbas böyük alimə görə onun Ordubaddakı bütün şəcərəsini vergidən azad etdi. Özü isə ömrünü Bağdadda başa vurdu. Tusinin dəfni ilə bağlı çox qəribə bir əfsanə var: Onu Bağdadda imam Museyi Kazımın məzarının yanında dəfn etmək istəyirlər. Torpağı qazarkən elə qazdıqları yerdən bir sərdabə aşkar olunur. Sərdabənin üzərindəki yazılardan bəlli olur ki, orada xeyli müddət əvvəl ölmüş, lakin başqa yerə gömülmüş xəlifə dəfn edilməli imiş. Daha doğrusu, həmin xəlifə onu özünün məzarı kimi elə sağlığında hazırlatdırırmış. Amma müəyyən səbəbdən orada dəfn olunmur, sərdabə də uzun zamandan sonra yerin altında qalır. Amma ən təəccübləndirici məqam isə sərdabənin tikintisinə başlandığı gün, ay və il, elə Nəsirəddin Tusinin anadan olduğu gün, ay və illə bir olur. Alimi dəfn edənlər sərdabənin üzərində bu yazılı tarixi görəndə heyrətlənirlər. Nəsirəddin Tusini elə “öz yerində” dəfn edirlər.
Elmin Nuri