Düşüncə və ictimai fikir tarixi həmişə qarışıq nüansların və baxışların cəmini özündə ehtiva edir.
Doğrudan da, yazılan bir əsər, bəstələnən bir musiqi, yaxud bir əşya, bir fraqment, bir dost, hətta bir heyvan belə bir insanın taleyinə çevrilir, onun taleyi dəyişir…
Rene Dekart deyirdi ki, insanın taleyi yalnız onun düşüncəsindən ibarətdir.
Əslində, bütün karteziançı (Dekartın yaratdığı bilik fəlsəfəsi) filosofların böyük əksəriyyəti də belə düşünürdü ki, insan biliyindən kənar duyğular heç bir halda bir insanın motivasiya və ya bağlanma nöqtəsi olmamalıdır. Düzdür, mən Dekartın klassik “düşünürəmsə, deməli mövcudam” fəlsəfi dualizminin pərəstişkarıyam, amma bu məsələlərdə əsla onun düşüncəsini doğru saymıram. Mən belə məqamlarda idealist ekzistensializm (varlıq) fəlsəfəsinin görkəmli nümayəndəsi Martin Haydeggerin ideoloji təsbitlərini “aydınlanma bucağı” sayıram.
Haydegger fəlsəfəsinə görə də, yaradıcı və estetik olan hər şey insan həyatını kökündən dəyişməyə qadirdir. Lakin biz nəyisə yazarkən, ya da yaradarkən dəyişmək missiyasına heç vaxt fokuslanmırıq. Çünki dəyişmək yaradıcı olanın funksiyası deyil. Yaradıcılığın bir nömrəli amalı maarifləndirməkdir.
Amma fərdin və cəmiyyətin taleyini dəyişməyə qadir olan çoxlu sayda yaradıcılıq nümunələri bəzən bizdən fərqli düşünməyi də tələb edir.
Tarixdə o qədər böyük yaradıcılıq örnəkləri olub ki, tarixin sonrakı axışını tamamilə dəyişdirib. Məsələn, Leonardo Da Vinçinin “Mon Liza”sı təkcə sənət tarixini deyil, sosiologiya, psixologiya və düşüncə tarixini əsrlərdir öz müzakirə “manipulyasında” saxlayır.
Vinsent Van Qoq ruhi xəstəxanada yatarkən çəkdiyi “Ulduzlu Gecə” tablosu ilə uzun illər bir çox hərəkatlarda simvolizmə çevrilmişdi.
(Van Qoqun bu əsəri illərdir iqlim aktivistlərinin də stimul mənbəyi hesab edilir.)
Berlin divarlarının yıxılmasını əks etdirən rəsm əsərləri bu gün də azadlıq mübarizəsinin və neoimperializmə qarşı mübarizənin ilham mənbəyidir.
Bu gün Berlin divarları alman xalqının ayrılıq rəmzindən çıxaraq məşhur rəssamların, karikaturaçıların, hətta şairlərin və filosofların ixtiyarına verilən qraffiti qalasıdır.
Dünyada, bəlkə də, yüzlərlə və hətta saysız belə örnəklər mövcuddur ki, sənət və yaradıcılıq siyasi və iqtisadi sistemə də əsrlər boyu danıla bilməyəcək izlər buraxıb.
Bu kontekstdə biz sənətin gücünü xəfif və primitiv formada şərh etməməliyik. Sənət və ədəbiyyat mənə görə: 1) İlk növbədə fərdin tamamilə yenidən təkmilləşmə meyarı ola bilər; 2) Sosiumun bütün taleyinə yön verir; 3) Dünyaya qlobal baxışlarda reinkarnasiya yarada bilir.
Bu günlərdə İngilitərədə yaşayan Con Tovey adlı bir şəxs bu baxımdan diqqətimi xüsusi çəkdi. Con Tovey 42 yaşına qədər həyatı heç də yaxşı olmayan kasıb bir ingilis idi.
Uşaqlıq dövrü aclıq, səfalət, Qərb kapitalizmi və mediasının uydurduğu “cənnət Avropa”nın cəhənəmində ağrılar və əzablarla böyüyüb. Daha sonra isə dəfələrlə zərərli vərdişlər və davranışılar üzündən həbs həyatı yaşayıb. 16 yaşından birinci tip şəkərli diabetdən əziyyət çəksə də, alkoqol aludəçiliyi və başqa zərərli vərdişlər 42 yaşında məhv olan həyatını daha da “yerin dibinə salır”.
Tip 2 şəkərli diabet xəstəsi olaraq həmişə empatiya hissi duymuşam və bilirəm ki, bir çox şəkər xəstəsinin ən çox qorxduğu şüuraltı ipoxondriyanın başında diabetik retinopatiya dayanır. Diabetik retinopatiyanın inkişafına təsir göstərən risk faktorlarından biri də diabetin müddətidir. Retinopatiya halları, xüsusilə diabet diaqnozu qoyulduqdan 10 il sonra artmaqdadır. 1 tip və ya insulin asılı gənc diabet xəstələrində cinsi yetkinlikdən sonra retinopatiyanın tezliyi yaşla əlaqəli olaraq artır. Con Tovey də gecə hər yeri görərək yatıb səhər dünyaya gözləri kor olaraq oyanır.
Əslində, elə hər bir məhv də bizə dəyərli olan şeyləri yenidən düşünmək üçün bir fürsət deyilmi?
Bizə adi gəlir, amma gerçəklikdir: bir çox hallarda itirdikdən sonra dəyər veririk.
Beləliklə, ayıq ikən dünyaya vecsiz yanaşan Con Tovey 42 yaşından sonra həyata başqa biri olaraq doğulur. Özüm də hekayələrimdə və nəsrimdə ara-sıra bioqrafik çalarlara önəm verdiyimdəm avtobioqrafik romanları insan yaradıcılığının ən çılpaq və səmimi halı hesab edirəm.
Real həyat hekayələrini qələmə alan tanınmış ingilis jurnalist Veronika Klark Con Toveyi dinləyir və onun həyatını yazıya tökür.
Beləliklə ortaya “Dez adında bir it” kitabı çıxır. Hamı düşünə bilər ki, bir it bir insanın həyatını necə dəyişə bilər?!
2 it saxlayan bir heyvansevər kimi deyil, sənətin və tək bir varlığın bütün hər şeyi dəyişdirəcəyinə inanan bir idealist olaraq deyirəm ki, kitabı oxuduqdan sonra nəinki bir itin bir insan həyatını, bir əsərin bütövlükdə insanlıq tarixini dəyişdirə biləcəyinə inanırsan.
(Hazırda kitab bir çox dillərə tərcümə edilərək dünyanın bir çox ölkələrində xeyriyyə məqsədiylə satılır.)
“Dünyanın üzləşdiyi indiki qaranlıqlar fonunda bəzən bir gülüş, bir təbəssüm nələrə qadirdir” deyə düşünməyi də bacarmalıyıq.
İndi bizim buna həddən ziyadə ehtiyacımız var… Özü də bütün dünya olaraq!