Qalib ölkənin vətəndaşı olmaq qəribə bir hissdir. Bu hiss sanki müharibənin bütün ağrı-acısını azaldacaq bir dərman, bir təsəlli mahiyyətindədir. Sözlərlə tam ifadə edə bilməyəcəyimiz bu hiss bizi yalnız bir fərd, vətəndaş olaraq deyil, müəyyən zaman kəsiyində həm də millət olaraq dəyişəcək. Böyüdükcə, anladıqca, dərk etdikcə dəyişəcəyik. Çünki millət olaraq gen yaddaşımız yenilənəcək, dəyişəcək.
Tarixi imperiya ənənəsi olmuş ölkələrin müasir vətəndaşları ilə ünsiyyətdə olarkən görürük ki, bu insanlarda ölkəsinin indiki vəziyyətindən asılı olmayaraq qəribə bir qürur, fərqli bir özgüvən var, sanki onlar indi də imperiya ruhunun elementlərini daşıyırlar. Həmin insanlarda bu ruhun mövcudluğu, daşına bilməsi, əslində, atasından, babasından eşitdiyi, duyduğu döyüş meydanlarındakı zəfərlərlə bağlıdır. Zəfərlər, qalibiyyət hissi, əfsanələşmiş ideoloji güc bu insanları belə formalaşdırıb.
Biz isə bir neçə əsr idi ki, belə bir qalibiyyətə ac idik. Üç il əvvələ qədər tariximizdən, keçmişimizdən oxuduqlarımızla yaşadıqlarımız arasında sanki bir ziddiyət var idi. Bu ziddiyyət bizi sanki bütövləşməyə, özgüvənli olmağa, böyük düşünməyə, ülvi-ideoloji xəyallar qurmağa qoymurdu. 2020-ci il sentyabrın 27-i bizim üçün bir millət kimi bu ziddiyyətdən qurtulmağın başlanğıcı oldu. Bütün millət yumruq kimi bir amal ətrafında birləşdi və bu birləşmə bizi bütöv etdi. Bundan sonra özgüvənimiz tamamlanmalı idi. Bu vaxta qədər özgüvənimiz elə zədələnmişdi ki, sona qədər gedərək zəfəri əldə edə biləcəyimizlə bağlı tərəddüd yaşayırdıq. Zəfərdən və ərazi bütövlüyümüzün bərpasından sonra özgüvənimiz də tamamlandı. Əvvəlcə bütövlüyümüz – sonra özgüvənimiz…
Əslində, zəfərimizdən sonrakı son 3 ildə I Qarabağ savaşının bizə verdiyi məğlubiyyətin kompleksindən qurtulmağa çalışırıq. Bu hal təbiidir. Çünki çox qısa zamanda qazanılan böyük zəfərlər bəzən insana yuxu kimi gəlir. Bir müddətdən sonra qalibiyyət hissini yuxu kimi deyil, bir reallıq olaraq qəbul etdikdə daxilən böyüyəcəyik, hadisələrə baxışımız dəyişəcək. Dövlətin gücü vətəndaşda hiss olunacaq. Bunun üçün şahidi olduğumuz zəfərimizi anlamalı və anlatmalıyıq…
Qalibiyyəti, qəhrəmanlığı, zəfər qazanmağı kitablardan oxumaqla şahidlərin, qəhrəmanların özündən eşitmək arasında böyük fərq var. Təsəvvür edin, bir nəsil var ki, müharibədə olmuş atasının, əmisinin, müəlliminin, qonşusunun dilindən bu qəhrəmanlıq hekayələrini eşidərək böyüyür. Bu nəslin özgüvəni də, dünyaya baxışı da, elə bizim də kitablardan oxuduğumuz tarixi qəhrəmanları anlamağı, hiss etməyi də bizdən daha yaxşı, daha fərqli olacaq.
Yadımdadır, məktəb illərində 9 may ərəfəsində 1941–1945 müharibəsi veteranları ilə görüşlər təşkil edirdilər. Bu görüşlərdə veteranların döyüş hekayələrinə o qədər maraqla, həyəcanla qulaq asırdıq ki, hadisələr müharibə haqqında oxuduğumuz kitablardan, baxdığımız filmlərdən daha çox yadımızda qalırdı və təsəvvürlərimiz elə olurdu ki, sanki döyüşdə babalarımız yox, biz olmuşuq – qələbəni biz çalmışıq. Bu gün də qəhrəmanlarımızın, qazilərimizin məktəblilərlə, tələbələrlə görüşlərini, sadəcə, görüş və görüntü xatirinə deyil, quracağımız xəyalları gerçəkləşdirəcək gənc nəslin yetişməsi üçün etməyimiz lazımdır. Artıq böyük düşünməyin, gerçəkləşəcəyinə bütün varlığımızla inandığımız xəyallar qurmağın vaxtıdır.