Qurani-Kərimdə Allah-Taalanın adlarından biri əl-Mühitdir – hər şeyi əhatə edən, yaxın olan: “Həqiqətən O hər şeyi əhatə edəndir” (Quran – 41/54). Ayələrdən belə məlum olur ki, mühit gözlə görülüb əllə tutulmayan, lakin obyekti hərtərəfli bürüyən bir qüvvədir. İnsana “şah damarından yaxın olan” Allah da onun ən güclü və dəyişməz mühitidir. Bununla yanaşı, insan həm də bir sosial varlıqdır və səbəb-nəticə zəncirində tutduğu yer, oynadığı rol mühit anlayışına yeni bir anlam da verib.
Bir toxumun böyüməsi, içində ehtiva olunan potensialın gerçəkləşməsi üçün müəyyən şəraitə ehtiyacı var. Hər sadə toxum gələcək mürəkkəb bir sistemin nüvəsidir. Bu yolu qət etməsi üçün o nüvəni əhatə edən, onu bürüyüb vaxtsız müdaxilədən qoruyan qüvvəyə mühit deyilir. Balıq üçün su, ağac üçün münbit torpaq nədirsə, insan üçün yaxın ətrafı, çalışdığı, nəfəs aldığı şərait də odur. Bir sözlə, varlığın təhrif olunmadan mövcudluğu, ilk və son nöqtəsini birləşdirən inkişaf yolu üçün mühit mütləqdir.
Hər varlıqda onun mühitinin gizli və ya aşkar şəkildə inikası var. Əbu Yəzid Bistami deyir: “Suyun rəngi qabının rənginə görədir. Su ağ qabda olarsa, rəngi ağ, qara qabda olarsa, qara, sarı qabda olarsa, sarı, qırmızı qabda qırmızı və s. olar…” Mühit hər kəsi öz formasına salıb öz rəngində göstərən həmin qabdır. Meşə çiçəkləri bataqlıq çiçəklərinə, Afrika fili Hindistan filinə bənzəməz. Hər varlıq Yaradanın onun üçün nəzərdə tutduğu şəraitə uyğunlaşır, yaxud əksinə. Kiçik göldə delfin yaşamadığı kimi, böyük dənizlərdə də qurbağa qalmaz. Bir mühitin kəramətidir ki, oradakı canlılar və cansızlar bir-birinə mane olmadan, bir-birini tamamlayaraq harmoniyada yaşayırlar. Ona görə də bir mühit dağılanda onun bütün canlıları məhvə düçar olur. Əslində, o canlıların harmoniyasının özü də mühitin bir hissəsi, hətta təməlidir. Orada hər canlı digərinin varlığının təminatçısıdır. Meşədəki palıd nə qədər nəhəng olsa da, heç bir kolun işığının qabağını kəsməz. Heç bir ağac ona sarılan sarmaşığı “ac” qoymaz. İnsan da belədir. Hədislərin birində deyildiyinə görə, “hər insan fitrət üzrə doğular, sonra ana-atası onu xristian, yəhudi və ya məcusi edər”. İnsanı dəyişdirən onun içində fitrətən var olan imanı ilə yanaşı, həm də mühitidir. Ancaq digər canlılardan fərqli olaraq iradə və şüur sahibi olan insan hər mühitə alışmaqla yanaşı, onu dəyişə, özünə lazım olan şərtləri də özü yarada bilir. Buna görə də insan üçün mühit anlayışının daha çox mənası var. Başqaları kimi insana mühit, sadəcə, mövcud olmaq üçün lazım deyil, həm də hansısa arzusunu həyata keçirmək, şəxsiyyətini təsdiqləmək üçündür; yalnız yaxşı qazanc əldə edib maddi sıxıntı görmədən yaşamaqdan ötrü yox, həm də ruhunun rahatlıq tapması üçündür. Belə olan halda sual yaranır: bir yaradıcı sənətkar, müstəntiq və mühasib üçün eyni mühit ola bilərmi? Niyə başqa canlı deyil, məhz insan olduğu mühiti dəyişmək ehtiyacı hiss edir?
Digər canlılarda olduğu kimi, insanlar da qarşılıqlı əlaqəsi, ünsiyyəti, bir-birini tamamlamaqla mühitlərini formalaşdırırlar. Burada hər şeyin, ən kiçik detalın belə rolu böyükdür. Necə ki dəvətikanı səhrada həyati əhəmiyyətə malikdir, elə də ibtidai sinif dərsliyinə salınmış uşaq şeiri, nağıl bir şəxsiyyətin yetişməsində ilk prinsipial təkanlardan biridir. Necə ki meşədə və sirkdə doğulan şir balası fərqlənir, uşaqlığında şiddət görmüş və ya qayğı ilə böyüyən insan da fərqli xasiyyətə, təbiətə malik olur. Bir halqası zəifləyən zəncir qopmağa məhkum olduğu kimi, mühitin də hər hansı bir detalı sıradan çıxanda, başqaları ilə qarşılıqlı əlaqəsi itəndə o, məhvə sürüklənir.
Mühit cəmiyyət deyil. İlk baxışda ondan daha kiçikdir, ancaq alt qatda ondan daha güclü və geniş radiusludur. Cəmiyyətdə, əsasən, dövlət qanunları hakim olduğu halda, mühitin öz yazılmamış qanunları var. Onlar nə qədər qarşılıqlı əlaqəli olsalar da, bir-birinə təsir göstərsələr də, daha çox mühit cəmiyyəti dəyişmək qüdrətindədir. Metaforik dillə desək, cəmiyyət bir yeşik almaya, mühit isə bir tək meyvəyə bənzəyir. Çürük meyvə bütün yeşiyi məhv edə bilir. Yaxud əksinə. Çürük meyvələr arasında birinin çəyirdəyi yeni bir ağacın başlanğıcı ola bilir, yetər ki düzgün şəraitdə saxlansın.
Bəli, gözlə görülməyən, yalnız birbaşa nüvəyə təsir edən, gücü hiss edilən mühitlər fərqlidir…
Mühit var, çirkab dənizini xatırladır. Hər şəxs öz mənliyini təsdiqləmək üçün başqalarının maraqlarını tapdalayır, haqqını mənimsəyir, öz eqosunu o qədər böyüdür ki, hər kəs onun kölgəsində qalır. Sıxışdırılan arzular boy atmadan ölür, qanadını açmağa məkan tapmayan xəyallar çürüyür. Beləcə, durğun, qaranlıq, dibi lil, xılt dolu bir gölməçə formalaşır. Orada yaşayanlar o qədər korlaşır, korşalır ki, artıq olduğu yerin böyük bir dəryaya çevrildiyini və oradan üzüb çıxmağa gücünün yetməyəcəyini düşünür. O çirkabı yaratmayan, onun tərkibinə qarışa bilməyənlər isə ya boğulur, ya da bir yol tapıb çıxa bilirlər. Bəzi iradə sahibləri isə orada öz mikromühitini – kiçik adasını yaradıb Robinzon Kruzo kimi ömrünü yaşayır, deformasiya olunmuş xoşbəxtliyinin dadını çıxarır… Və bir gün ətrafının möcüzə nəticəsində təmizlənəcəyini xəyal edir.
Mühit var, o dərəcədə gözəl, o dərəcədə mükəmməldir ki, bütün bunların bir vaxtlar sıfırdan başlandığını təsəvvürə gətirmək çətindir. Tələbənin yeni qəbul olunduğu yüksək reytinqli universitet kimi, belə mühitə düşən hər kəs özünü inkişaf etdirir ki, ora uyğun olsun, bu möhtəşəmliyə yaraşsın. Burada o öz məsuliyyətini əla bilir, mövcud harmoniyanın, sabitliyin dünənini qorumağa, bugününü yaşatmağa, sabahını təmin etməyə borclu olduğunu dərk edir. Saat mexanizmini xatırladan belə mühitdə hər kəs lazımlı olmağa, ən yaxşı əmələ imza atmağa can atır.
Mühit var ki, ağacda çürük koğuşu xatırladır. Ağac yaşıldır, qollu-budaqlıdır, yalnız yaxından izləyəndə gövdəsində iri bir oyuq görmək olur. Sanki ağacdan ayrı bir dünyaya çevrilən həmin oyuqda quş da yuva qurur, ilan, qarışqa, arı da; əlbəttə ki, hansı tez gəlsə, yaxud hansı güclü olsa. Cəmiyyətdə hər hansı üzv öz yerini tutmayanda, öz məsuliyyətini dərk etməyəndə yeri boş qalır və kənar qüvvə həmin boşluqdan istifadə edir. Necə ki ağacın gövdəsindəki dediyimiz kiçik boşluq yavaş-yavaş böyüyür, oyuğa dönür, ümumi mühitdən aralanıb öz qanunlarını diktə edir və bir gün… o ağacın sonunu gətirir, o cür də bir cəmiyyətdəki yad maraqlar, kiçik parçalanmalar, anlaşılmazlıqlar toplanıb öz “mühiti”ni yaradır və bir gün bütün cəmiyyəti bürüyüb uçuruma yuvarlayır.
Mühit var ki, Ölü dəniz kimidir. Adı dənizlər sırasında çəkilsə də, özünəməxsus flora və faunası ilə çoxlarını heyran etsə də, hətta okeanla əlaqəsi olsa da, bu dəniz “Ölü”dür. Yalnız burada doğulub böyüyənlər sağ qala bilir, kənardan gələnlərsə dalğa ilə sahilə atılır. Bütün mühitlər kimi buranın da öz qanunları, öz tələbləri var, sadəcə buranın çərçivəsi daha sərtdir.
Mühit var ki, batan nəhəng gəmiyə bənzəyir: hər kəs öz harayında, öz çarəsinin axtarışındadır, ətrafındakıları qurban verməyə hazırdır, təki özü, əzizləri salamat qalsın, əmin-amanlıqda olsun. Nə vaxtsa möhtəşəmliyi ilə hər kəsi heyrətə salan bu gəmini hərə öz bildiyi kimi didib-dağıdıb, içdən öz sakinləri, kənardan dəniz quldurları tərəfindən yağmalanıb, nəhayət, haradasa bir dəlik açılıb və… indi neçə nəslin əməyi, neçə nəslin gələcəyi batır. Adətən, artıq yox olmuş sivilizasiyaların çürümüş izlərini tapdıqca tarixçilər, arxeoloqlar xəzinə tapmış kimi sevinirlər. Halbuki bir vaxtlar bu xəzinə gerçək idi və orada da həyat qaynayırdı. Bu gəmini də elə bir gələcək gözləyir.
Mühit var, kiçik gölməçəni xatırladır. Dumduru bulaqdan sızıb gələn arxın ağzını ağac qırığı, zir-zibil tutub və su göllənib. Artıq çömçəquyruqlar üzüşür, həşəratlar uçuşur, yumurta qoyur, ətraf yavaş-yavaş bataqlıqlaşır, üfunət iyi gündən-günə çoxalır. Əslində, bu proses yeni başlayanda bir əl lazım idi ki, iki çürük yarpağı arxın ağzından götürüb axarı bərpa eləsin. Elə ki proses böyüyür və artıq mühit formalaşır, öz tələbləri, şərtləri yaranır, onun kökündə duran təmiz bulağın varlığı unudulur. Qəribədir, saf, büllur bulaq böyük bir bataqlığın yaranmasının səbəbkarına çevrilir… Hər dəfə təməldəki saflığa ümid edən, onu üzə çıxarmağa çalışan bir fədakar, Hüqonun Jan Valjanı kimi, cəsarət göstərib həmin çirkabı təmizləməyə cəhd edəndə bataqlığın bütün qara qüvvələri ona qarşı mübarizəyə qalxır. Belə mühitlərdə Tenardyelər – axarın qarşısını kəsən çirkablar daha çox olduğundan hörmət sahibi də onlar olur.
Mühit var ki, dağılmış qarışqa yuvası kimi qaynayır. Hər qarışqa ayrılıqda ağıllıdır, güclüdür, ancaq onlar “cəmiyyətdə” yaşamağa qabildir, əks halda məhv olur – İnsan kimi: hamısı pərən-pərəndi, gedəcəyi istiqaməti bilmir, vurnuxa-vurnuxa qalıb. Belə mühitdə gec, ya tez bir Danko tapılır, ürəyini məşəl edib hər kəsə yol göstərir, sonra da məqsədinə nail olanlar sevincək həmin yanan ürəyi tapdalayıb keçir. Boğulan adam onu xilas etmək istəyəni batırmağa çalışdığı kimi, insanlar da öz xilaskarını eşafotda (edam cəzalarının həyata keçirildiyi meydança) görməklə sanki “dincəlir”.
Hər şeyi şüşə arxasından izləyən “terrarium” – mühit, yəqin ki, ən qəddarı hesab edilə bilər. Yalnız öz marağı naminə onu yaradan müəllif bilir ki, həmin mühit müvəqqətidir, kiminsə zövqünü oxşamaq üçün formalaşıb. Oranın sakinləri isə belə bir şəraitdə həyatda qalmaq uğrunda mübarizə aparırlar. Onlar kənardakı azad həyatı görür, onun varlığından xəbərdardır, ancaq özü çıxa bilmir, elə tamaşaçı olaraq qalır. Hətta cəhd etsələr belə, görünməz bir əl başlarından basıb yerinə oturdar. Ən dəhşətli hal belə mühitlər kiminsə “təcrübə laboratoriyası”na çevriləndə olur.
Hər mühitin nüvəsi bir fərddədir. Onun şəxsiyyəti nə qədər güclü olarsa, mühitinin radiusu bir o qədər genişlənər, başqalarının mühitini də öz hökmü altına alar. Həmin şəxs hansı təbiət sahibi olarsa, nüvəsi olduğu mühit də həmin təbiətdə formalaşar.
Bəli, mühitlər fərqlidir. Ancaq hər mühitin yazılmamış iki qanunu hamısı üçün keçərlidir. Birinci, insanın ruhu və ağlını bir-birinə düşmən etməyən, insanda şəxsiyyət ikiliyi yaratmayan, onu insanlıqdan çıxarmayan mühit mükəmməl hesab edilir. İkinci, unutmaq olmaz ki, hər mühitdən daha yaxın, daha güclü başqa bir Mühit var. İradə və şüur sahibi, yer üzündə tək xəlifəsi olan insana nə qədər azad seçim versə də, Onun da öz tələbləri var. Onu da yalnız Yaradanın özü bilir.