Xatirəmin əvvəlində dediyim kimi, Pənahəli xandan bəhs edən “Xallı gürzə” tarixi romanımı yazanda Nadir şah Əfşarla da maraqlanırdım. Lakin Nadir şah haqqında ayrıca bir kitaba rast gəlmədim. Gördüm ki, I Pyotr, Stepan Razin kimi işğalçılar barədə kitablar çap olunsa da, gündəlik həyatımızda adı tez-tez anılan Nadir şah Əfşar barədə əl boyda bir kitabça da çap olunmayıb. Halbuki Nadir şah dünya hərb tarixində İsgəndər, Əmir Teymur, Napoleon və s. fatehlərlə müqayisə edilir.
Nadir şahla bağlı daha geniş məlumat əldə etmək niyyəti ilə cənublu soydaşımız Məhəmmədəli Müsəddiqlə görüşüb söhbətləşmək üçün M.F.Axundov adına Milli Kitabxanaya getdim. Məhəmmədəli müəllim 21 mart 1922-ci ildə Cənubi Azərbaycanın Gərmərud mahalının Yengicə kəndində anadan olmuşdu. “21 Azər” hərəkatına qoşulan Məhəmmədəli Müsəddiq Milli Hökumət süqut etdikdən sonra 1947-ci ildə Quzey Azərbaycana keçmişdi.
Haşiyə: Onu da qeyd edim ki, əlbəttə, bu cümlələrdə yurd-yuvasını itirmiş bir gəncin mühacirət etdiyi ikinci Vətənində özünə isti bir yuva qurmaq üçün hansı ağrı-acılara, əzab-əziyyətlərə qatlaşdığı yaşantıların əks-sədası yoxdur. Çünki bu başqa bir mövzudur. Burada məqsədim cənublu soydaşlarımızın ədəbi-bədii sahədə gördükləri nəcib işləri müasirlərimə çatdırmaqdır.
Məhəmmədəli müəllim fars dilini gözəl bilirdi və əski əlifba ilə çap olunan nəşrlərə yaxşı bələd idi. Yadımdadır, o mənə İbrahim xan Cavanşirin qızı Ağabəyim ağa barədə maraqlı faktlar söyləmişdi. Nadir şahdan söz düşəndə dedi ki, məndə İran tarixçisi Məhəmməd Hüseyn Qüddusinin “Nadirnamə” kitabı var. Çox dəyərli kitabdır, onu oxusan, roman yazarsan. Ona belə bir fikrimin olmadığını bildirdim. Ancaq Məhəmmədəli müəllimin bu sözləri yadımda qalmışdı. 1992-ci ildə “Gənclik” nəşriyyatına baş redaktor vəzifəsinə təyin olunmuşdum. Artıq səlahiyyət sahibiydim. Kitab çapı işində bəzi arzularımı gerçəkləşdirə bilərdim. Bu niyyətlə bir gün Məhəmmədəli Müsəddiqə telefon zəngi edib vaxtilə aramızdakı söhbəti ona xatırlatdım. Dedim ki, Nadir şah haqqındakı kitabı tərcümə etsən, nəşr edərik.
Bir müddət sonra o, kitabın tərcüməsini “Gənclik” nəşriyyatına təqdim etdi. Kitabın redaktəsi ilə əlaqədar nəşriyyata tez-tez gəlib-gedirdi. Kitabın xüsusi redaktoru Seyidağa Onullahi, nəşriyyat redaktorları Gülər Ələkbərqızı və Raziyyə Muradova ilə birgə əsərin üzərində yorulub-usanmadan işləyirdi. Təəssüf ki, kitabın çapı nəşriyyatın maliyyə imkanlarının məhdudluğu üzündən çox ləngidi.
Nəhayət, gec də olsa, kitab 1999-cu ildə “Nadir şah” adı ilə işıq üzü gördü. Və mən 21 fevral 1997-ci ildə dünyasını dəyişmiş, şərəflə çalışdığı, ağır, zəhmətli işin bəhrəsini görə bilməyən Məhəmmədəli müəllimi minnətdarlıq hissiylə yad etdim.
Məhəmmədəli Müsəddiq klassik ədəbiyyatımızın tədqiqatçısı və təbliğatçısı idi. O, “Mirzə Mehdi Şükuhinin həyat və yaradıcılığı” mövzusunda dissertasiya müdafiə etmişdi. N.Tusi adına Pedaqoji İnstitutda fars dilindən dərs deyirdi. Ömrünün otuz ildən çoxunu kitabxanada keçirən bir filoloq-kitabşünas kimi onun yeri həmişə görünür; yoxluğu qədirbilən oxucuların ürəyini göynədir. Çünki o, ərəb qrafikası ilə nəşr olunan kitab və jurnallara çox yaxşı bələd olan alim, tərcüməçi, kitabşünas olduğundan ona müraciət edən hər kəsə yardımçı olmağı bacarırdı.
“Nadir şah” kitabının nəşrindən sonra Məhəmmədəli müəllimin oğlu Vaqiflə görüşdüm. Atasının vəsiyyətnaməsini də özü ilə gətirmişdi. Oxudum, çox təsirliydi. Vəsiyyətindən bildim ki, o, “Dinimiz, namazımız, imamlarımız” adlı kitab tərtib edərək çap etdirib (1994). M.Ə.Rəsulzadənin əsərlərinin II-III cildlərini redaktə edib. Ərəb əlifbası ilə olan dərsliyi, “N.Əfşar” adlı təqvimi, M.Mehdi Şükuhinin əsərlərini nəşrə hazırlayıb, şeirlər yazıb. Beləcə, şərəfli bir ömür yaşayıb Məhəmmədəli müəllim. Ölümündən əvvəl gələcək işlərini sahmana salmağı belə unutmamışdı. Kimsəyə borclu olmadığını yazıb, qəbrini, hətta sinə və başdaşını öncədən hazırlatdırmış, “məndən sonra kimsə əziyyət çəkməsin” deyib dünyasını dəyişibmiş.
İnanıram ki, böyük sərkərdə Nadir şah Əfşarın həyat və fəaliyyəti ilə maraqlanan oxucular Məhəmməd Hüseyn Qüddusinin “Nadir şah” kitabını oxuyarkən tərcüməçi Məhəmmədəli Müsəddiqin də adını hörmətlə xatırlayacaqlar…