Oman körfəzində keçirilən İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başqa ölkəyə qarşı yönəlməyib.
“Füyuzat”ın məlumatına görə, bunu brifinqdə Çin Xalq Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Vu Qian deyib.
“Bu təlimlər heç bir konkret ölkəyə qarşı yönəlməyib və regional vəziyyətlə heç bir əlaqəsi yoxdur”, – Vu Qian bildirib.
O əlavə edib ki, Çin, İran və Rusiya daha əvvəl bir neçə birgə təlim keçiriblər ki, bu təlimlər üç donanma arasında əməkdaşlıq və mübadilələri gücləndirmək və regional dəniz təhlükəsizliyini birgə təmin etmək üçün böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, martın 14-də Rusiya Müdafiə Nazirliyi məlumat verib ki, Oman körfəzində “Dəniz təhlükəsizlik kəməri – 2024” təlimlərinin praktiki hissəsi başa çatıb. İki gün davam edən təlimlərdə Rusiya dənizçiləri İran və Çin donanmalarından olan həmkarları ilə birgə manevr və kommunikasiya təlimləri keçirib, gecə-gündüz yerüstü və hava hədəflərini ağır pulemyotlardan və kiçik çaplı dəniz artilleriyasından atəşə tutublar, həmçinin quldurlar tərəfindən saxlanılan gəmilərin azad edilməsi üçün şərti əməliyyat keçiriblər.
“Dəniz təhlükəsizlik kəməri – 2024” beynəlxalq hərbi dəniz təlimləri 2018-ci ildən bəri altıncı dəfə keçirilir. Təlimlərdə lmüntəzəm olaraq İran, Çin və Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri iştirak edir. Rusiya Müdafiə Nazirliyi 2024-cü ildə ilk dəfə olaraq Azərbaycan, Hindistan, Qazaxıstan, Oman, Pakistan və Cənubi Afrikanın hərbi dəniz qüvvələrinin nümayəndələrinin müşahidəçi qismində iştirak etdiyini bildirib.