Aktual

Ekspert: “Hadisələr Ermənistan üçün çox acı reallıqlarla yekunlaşa bilər”

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı nəzərdə tutaraq: “Hansısa idarənin hansısa katibəsi”nə cavab verməyəcəyəm“, – deyib.

Zaxarova isə cavabdında: “Onun səviyyə ilə bağlı aşkar problemlərinin olduğu barədə mübahisə etmək çətindir”, – deyə bildirib.

Diplomatlar arasında yaşanan bu “söz davası” son günlər Ermənistan baş naziri Nikol Paşinyanın Rusiyanın Cənubi Qafqazı tərk etməsi ilə bağlı açıqlamaları, Ermənistan–ABŞ, Ermənistan–Qərb əlaqələrinin inkişafı, Avropa İttifaqından səslənən Ermənistanı NATO-ya qoşulmağa çağıran açıqlama, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında iki ölkə arasında yaşanan problemlərin fonunda Rusiya və Ermənistan əlaqələrinin pozulduğu barədə müzakirələrə səbəb olub.

“Füyuzat” mövzu ilə bağlı siyasi məsələlər üzrə ekspert Tural Əliyevin fikirlərini öyrənib. O bildirib ki, ermənilər son 150 ildə Rusiyadan dəstək almaqla, eyni zamanda Rusiyanın hakim dairələrinə öz adamlarını yerləşdirməklə geosiyasi vəziyyətə təsir edərək regionda mövcudluqlarını qoruyub saxlayıblar:

“Hesab ediblər ki, bu hal əbədi olaraq davam edəcək. İndi Rusiyanın düşdüyü çətin durumda öz maraqlarından irəli gələrək bəzi hallarda digər region dövlətlərinə güzəştə getməklə Ermənistanın müəyyən maraqlarından imtina edir, onun təminatçısı olmaqdan boyun qaçırır. Ermənilər isə Rusiyanın dəstəyini hiss edərək həmişə müəyyən “şıltaqlıqlar” etməyə öyrəşiblər. İstər Çar Rusiyası dövründə, istərsə də SSRİ vaxtı özbaşınalıq ediblər və Rusiya hakim dairələri bu kimi halları ört-basdır edib. İndi elə bir vəziyyət yaranıb ki, belə halları görməzdən gəlmək mümkün deyil”.

Ekspert bildirib ki, formalaşmaqda olan yeni geosiyasi vəziyyətdə Rusiya öz maraqlarını ön plana çıxarır: “Əslində Rusiya həmişə öz maraqlarından çıxış edib. Elə erməniləri də öz maraqları üçün istifadə edib. Ermənilər də düşünürdülər ki, onlar əvəzedilməzdir, hər zaman istədiklərini edəcəklər və Rusiya da buna göz yumacaq. Ancaq hazırda Rusiya məcburiyyətdən əksini edir. Ermənilər də bundan narazı qalıb. Onlar həm də Qarabağdakı Rusiya sülhməramlı qüvvələrindən narazıdırlar. Çünki sülhməramlılar bölgəyə yerləşəndə ermənilər düşünürdülər ki, əvvəlki status-kvonu qoruyub saxlayacaqlar, artıq Azərbaycan bölgəyə müdaxilə edə bilməyəcək, Laçında sərhəd buraxılış məntəqəsi istifadəyə verilməyəcək. Hazırda isə proses onların əleyhinə çevrilib. Nə edəcəklərini bilmirlər. Həm sərhəddə, həm də beynəlxalq arenada təxribatlara başlayıblar. Qərb, Hindistan, İran – bir sözlə, bölgədə marağı olan hər kəslə gələcəkdə reallaşdırılması planlanan layihələri əngəlləmək üçün avantürist addımlar atırlar”.

T.Əliyev qeyd edib ki, hazırda Ermənistan–Rusiya münasibətlərinin gərginləşməsinin səbəbləri də elə bunlardır:

“Məhz bu səbəblərdən Rusiya və Ermənistan arasında diplomatik qalmaqal, söz savaşı davam edir. Bu qarşıdurma pik həddə çatır. Ermənistan rəhbərliyi, həmçinin Ermənistan Parlamentinin spikeri Alen Simonyan da Rusiya tərəfinə bu tərzdə cavab verirsə, mən deyərdim ki, təhqir edir. Bu, Ermənistan üçün yaxşı nəticələr vəd etmir. Nəzərə almaq lazımdır ki, Rusiyanın regionda, xüsusilə də Ermənistanda böyük təsir vasitələri var. Rusiya prosesi izləyirdi. Ermənilərlə baş verənləri əvvəldən bilirdi. Bugünkü vəziyyət Ermənistan üçün kifayət qədər yaxşı sayıla bilər. Sabah nə olacaq? Hadisələr Ermənistan üçün çox acı reallıqlarla yekunlaşa bilər. Görünən odur ki, proses ora doğru gedir…”