Aktual

Ekspert: “Qarabağ universiteti döyüş meydanındakı qələbənin təhsildəki davamı olacaq”

Dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ universitetinin yaradılması barədə sərəncam imzalayıb.

Universitetin yaradılması ilə bağlı qərar Azərbaycan cəmiyyətində sevinclə qarşılanıb və bu qərarın işğaldan azad edilmiş bölgələrdə yenidənqurma prosesində gənclərin də yer alması, Qarabağa həyatın, həm də gənc nəsillə birlikdə qayıtması baxımından effektiv nəticələrə səbəb olacağı gözlənilir.

Bəs yeni universitetin istər Azərbaycan elminə fayda, istərsə də Qarabağın özünün iqtisadi və təhsil həyatında nə kimi faydaları olacaq? Sözügedən universiteti dünya standartlarına uyğunlaşdırmaq üçün hansı addımlar atılmalıdır?

“Füyuzat” mövzu ilə bağlı təhsil məsələləri üzrə ekspert, fəlsəfə doktoru İlqar Orucovun fikirlərini öyrənib. O bildirib ki, sözügedən sərəncam Azərbaycanın elm tarixində çox mühüm hadisədir:

“Artıq bildiyimiz kimi, dünən Prezident İlham Əliyev Qarabağ universitetinin yaradılması barədə sərəncam imzaladı. Hesab edirəm ki, bu sərəncam Azərbaycanın elm tarixində çox mühüm hadisədir. Qarabağ regionunda ali təhsil ənənəsi hər zaman mövcud olub və bu, sərəncamda da qeyd olunub. Qarabağın mərkəzi şəhəri olan Xankəndi xalqımızın mədəni, intelektual mərkəzi funksiyasını da həyata keçirə bilmişdir. Məhz məkan olaraq Xankəndi şəhərinin seçilməsi də təsadüfi deyil. Hesab edirəm ki, bu addım həm də Azərbaycan Respublikasının Prezidentinin 2022-ci il 16 noyabr tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında qanundan irəli gələn məsələdir. İşğalan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafı, eyni zamanda həmin ərazilərimizdə yüksək həyat səviyyəsinin təminatı üçün kifayət qədər böyük işlər görülür. Beləcə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa olunacaq, yenidən qurulacaq və Azərbaycanın ən inkişaf etmiş regionlarından biri olacaq. Hər birimiz səbrsizlikdə gözləyirdik ki, ölkə başçısı Qarabağ universitetinin yaradılması ilə bağlı sərəncam imzalayacaq və bu baş verdi. Beləcə, Azərbaycanın təhsil sahəsində şanlı səhifələrdən birinin əsası məhz dünən qoyuldu”.

İlqar Orucov yeni yaradılacaq universitetin bölgənin iqtisadi və mədəni həyatındakı roluna da toxunub:

“Qarabağ universitetinin yaradılması işğaldan azad edilmiş bölgələrin iqtisadi potensialının gücləndirilməsində də faydalı olacaq. Düşünürəm ki, əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlanmasını həyata keçirən ali təhsil müəssisəsinin yaradılması həm də bu zərurətdən irəli gəlir. Universitetlərin yerləşdiyi ərazilərə baxanda görürük ki, universitet təkcə həmin şəhərin ali təhsil mühitini formalaşdırmır, həm də mədəni mühitini formalaşdırır, eyni zamanda sürətli inkişafına şərait yaradır. Digər tərəfdən iqtisadi baxımdan həmin bölgəni daha cəlbedici edir, xalqın mədəni-intelektual səviyyəsinin yüksəlməsinə kömək olur. Nəzərə alsaq ki, Xankəndi bizim qədim şəhərimizdir, bu baxımdan Qarabağda ərazi bütövlüyümüzü təmin etdikdən sonra Xankəndidə universitetin yaradılması müstəsna haldır. Həm universitetin yaradılmasına görə, həm də Qarabağın yenidən qurulmasına göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirirəm. Düşünürəm ki, Qarabağ universiteti Azərbaycanın ən yaxşı universitetlərindən biri, bəlkə də, birincisi olacaq. Çünki Qarabağ adı özü bizim üçün dəyərdir və universitetdə həm Azərbaycanın, həm də bölgənin iqtisadi inkişafında müsbət nəticələrə səbəb olacaq yüksək hazırlıqlı kadr yetişdirə bilməsi üçün müasir ixtisasların tədrisi təmin ediləcək. Universitetin infrastruktur olaraq da fərqlənəcəyini düşünürəm. Məlumat üçün qeyd edim ki, biz dünən Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olarkən yenidənqurma işlərinin hansı sürətlə, eyni zamanda necə zövqlə davam etdiyini gördük. Bu gün Füzulidə, Şuşada ən müasir məktəblər tikilir. Hansı ki, bəlkə də, dünyada bu standartlarda məktəblərin sayı çox azdır. İnfrastruktur o qədər yüksək səviyyədə qurulur ki, həmin məktəblərdə daha yaxşı təhsil, daha hazırlıqlı kadrlar yetişdirmək mümkün olacaq. Ümid edirəm ki, Qarabağ universiteti də bu cür fərqlilikləri özündə ehtiva edəcək”.

Ekspert universitetin akademik və maddi-texniki bazasının yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib:

“Düşünürəm ki, Qarabağ universitetində bizim ən yaxşı alimlərimiz cəlb ediləcək və tədris prosesində onlar da iştirak edəcək. Ümid edirəm ki, ən yüksək bal toplayan tələbələrimizin də seçimi Qarabağ universiteti olacaq. Çünki Xankəndi, ümumilikdə işğaldan azad edilən bütün torpaqlarımız bizim üçün çox əzizdir. Əlbəttə, Vətənin hər qarışı dəyərlidir, ancaq o torpaqlar tam fərqli məna daşıyır. Orada bizim şəhidlərimizin qanı axıdılıb, o torpaqların vətənləşməsi üçün baş verən hər şey müasir gəncliyin gözü önündə baş verib. Dövlətimiz böyük çətinliklərdən keçərək, itkilər verərək həmin torpaqları işğaldan azad edib. Cənab Prezident işğala son vermək üçün nə qədər əzmlə çalışıb. Əlbəttə, bu bizim yaxın tariximizdir və hər birimiz bunları bilirik. Ona görə də Qarabağ universitetinin həm ölkəmizin, həm bölgənin, həm də bütün dünyanın ən yaxşılarından birinə çevrilməsi üçün dövlətimiz bütün səyləri edəcəkdir.

Mən Qarabağ universitetinin potensial bir təhsil mərkəzinə çevriləcəyinə inanıram. Əminəm ki, yaxın gələcəkdə umniversitetin məzunlarının uğurlarına sevinəcəyik və onlarla fəxr edəcəyik. Eyni zamanda universitetin geniş kampusa sahib olacağını düşünürəm. Burada sadəcə azərbaycanlı tələbələrin deyil, dünyanın fərqli ölkələrindən tələbələrin də təhsil alacağını gözləyirəm. Qarabağ universitetində elm-təhsil vəhdətini görə biləcəyik, elmi bazanın formalaşmasına şahid olacağıq. Əminəm ki, qalib xalq olaraq döyüşdə qazandığımız uğurları Qarabağ universitetinin timsalında təhsil sahəsində də davam etdirəcək, bu sahədə seçilən dünya xalqlarından birinə çevriləcəyik. Azərbaycan xalqının bütün sahələrdə olduğu kimi təhsildə də sözünü etdiyim uğurları qazanacaq potensialı və əzmi var. Bütün bunlarla bərabər qarşıya qoyulan bu məqsədlərə çatmaq üçün siyasi iradə də var”.