Turan dünyası

Əli bəy Hüseynzadənin Turançılıq fəlsəfəsi – VI Yazı

Bu məqalə Türk dünyasının böyük bilgəsi, filosof-mütəfəkkiri Əli bəy Hüseynzadənin  anadan olmasının 160 illik yubileyinə ithaf olunur.

Yusif Akçuraya görə, Əli bəy Hüseynzadə “Qəzetimizin məsləki” məqaləsində deyil, “Bizə hansı elmlər lazımdır?” mövzusu ətrafında gedən mübahisələr əsasında yazdığı məqaləsində ilk dəfə tərəqqipərvər islamçılığın və türkçülüyün əsasını təşkil edən “üçlü” (islamlaşma, türkləşmə və avropalaşma) düstura üz tutmuşdur; bu “üçlü” düstur da çox keçmədən türk aləminin hər tərəfinə yayılmış, xüsusilə Osmanlı Türkiyəsində Ziya Gökalp və başqaları tərəfindən dəstəklənmişdir (Ziya Hilmi Ülken “Türkiyede Çağdaş Düşünce Tarihi”, s.285). Hilmi Ziya Ülken yazır ki, Hüseynzadənin bu “üçlü” görüşü daha öncə bir az bəlirsiz olaraq Ali Suavi tərəfindən irəli sürülüb müdafiə edilmişdir: “Fəqət Ali Suavi hənüz türkçülüyün oyanmadığı və Namiq Kamalın Osmanlı–İslam görüşünün hakim olduğu bir dövrdə yaşadığı üçün fikirləri unutulmuşdu. Əli bəy Hüseynzadənin təklifi tam zamanındaydı” (Yusif Akçura “Türkçülüyün tarixi”, s.209).

Bu “üçlü” düstur istər Ali Suavi, istərsə də Cəmaləddin Əfqani tərəfindən bu və ya digər tərəfindən toxunulsa da, ancaq onun bu formada orataya qoyulması Ə.Hüseynzadə tərəfindən baş vermişdi. Bu “üçlü” düstur da sonralar yalnız Türkiyə türklüyü və Azərbaycan türklüyü deyil, bütövlükdə Türk dünyasında mühüm rol oynamışdır. Hər halda Hüseynzadə 1900–1910-cu illərdə bu “üçlü” düsturu irəli sürərkən konkret nə Azərbaycan və Azərbaycan türkçülüyünü, nə də Türkiyə və Türkiyə türkçülüyünü nəzərdə tutmuşdur. O həmin dövrdə nəzəri fəlsəfi yönlü “üçlü” düsturunu bütün Türk–İslam dünyası üçün irəli sürmüş, ondan sonralar bütün Türk xalqları, o cümlədən Azərbaycan türkləri (M.Ə.Rəsulzadə və b.), Türkiyə türkləri (Z.Gökalp və b.) və başqa Türk xalqları eyni dərəcədə yararlanmışdır.

Osmanlı türkçülüyü: siyasi-ideoloji və mənəvi-mədəni. Hüseynzadə 1900–1910-cu illərdə milli və müasir ruhlu islamçılıqdan çıxış etsə də, bunun hədəflərinin qeyri-müəyyənliyini dərk etmiş və onunla müqayisədə reallığa daha yaxın olan “osmanlı mərkəzli türkçülük” ideyasını irəli sürmüşdü. Hüseynzadə bütün müsəlmanların (ərəb, fars, türk və b.) “İslam birliyi”nin mümkün olmadığını yaxşı anladığı üçün, siyasi-ideoloji mənada diqqətini “Türk-İslam” birliyinə əsaslanan “Osmanlı türkçülüyü”nə yönəltmişdir. Bu isə müəyyən qədər bütün türklərin Turan dövlətində (turançılıq – “panturanizm”) birləşməsi ideyası ilə səsləşirdi. Bu baxımdan Hüseynzadənin “Osmanlı mərkəzli türkçülüyü-turançılığı” müdafiə etməsində iki əsas faktor: 1) siyasi-ideoloji; 2) mənəvi-mədəni türkçülük mühüm rol oynamışdır. Akçuranın təbirincə desək, İstanbulu İslam və türk dünyasının siyasi-ideoloji mərkəzi kimi görən Hüseynzadə siyasətdə olduğu kimi, dil və ədəbiyyatda da, mərkəzi Osmanlı olmaq üzrə türkçülüyə, yəni osmanlı türkçülüyünə, hətta panturançılığa təkan verən ilk ziyalıdır (Yusif Akçura “Türkçülüyün tarixi”, s.212).

Ə.Hüseynzadə siyasi-ideoloji mənada “osmanlı milləti”, “osmanlı millətçiliyi”ni deyil, mərkəzi İstanbul olan “osmanlı türkçülüyü”nü müdafiə etmişdir. “Xüsusən “Füyuzat”da nəşr olunan məqalələrinin məzmun və biçimindən Hüseynzadə Əli bəyin türk, türkçü, hətta osmanlıçı olduğuna dərhal qərar verilir. Bütün türklər arasında Osmanlı türkcəsinin yayılmasını, bütün türklərin ədəbi dilinin Osmanlı türkcəsi olmasını istəyir və özü yazılarını olduqca təmiz Osmanlı ədəbi türkcəsi ilə, o zamanlar İstanbulda mötəbər yeni ədəbiyyatı cədidə üslubu ilə yazır. Siyasi cəhətdən Osmanlı dövlətini, Osmanlı türklüyünü müstəqil türklüyün nüvəsi sayır. Bu baxımdan bütün türkülük məsələsində görüşü, “Üç tərzi-siyasət”in türkçülük fikrinə yaxın deməkdir”(Yusif Akçura “Türkçülüyün tarixi”, s.210).

Onun türkçülüyün siyasi-ideoloji nüvəsi kimi Osmanlını görməsinə əsas səbəb o idi ki, digər türk dövləti Qacarlar 20-ci əsrin əvvəllərində ingilislərin və rusların yarımvassalı olmaqla yanaşı, xeyli dərəcədə irançılıq adı altında farslaşdırılmış, eyni zamanda Quzey Azərbaycan, Tatarıstan, Başqırdıstan, Krım, Türküstan və başqaları isə çarlıq Rusiyasının əsarəti altında idi. Bu anlamda Hüseynzadə haqlı olaraq hesab edirdi ki, yalnız siyasi və hüquqi cəhətdən müstəqil olan Türk dövləti türkçülüyü inkişaf etdirərək başqa türk ellərini də öz ətrafında birləşdirə bilər. Onun fikrincə, yaxın zamanda isə Türk–İslam dünyasının oyanışı, inkişafı və yüksəlməsi Osmanlı dövləti ilə bağlı idi. O inanırdı ki, məhz Osmanlı türkçülüyü bütün türklər üçün siyasi-ideoloji güc mərkəzinə çevrilərsə, bundan çarlığın əsarəti altındakı Rusiya türkləri, o cümlədən Azərbaycan türkləri də qazanmış olacaqlar. Bu baxımdan müstəqil siyasi-ideoloji baxımdan daha çox təşkilatlanmış Osmanlı mərkəzli türkçülük bütün türk milliyyətləri üçün mühüm rol oynaya bilər. Xüsusilə də o, türkçülüyü ötən 60-70 il ərzində Qafqazda çar Rusiyasının ruslaşdırma, xristianlaşdırma, o cümlədən Qacarlarda son dövrlərdə güclənən farslaşdırmaya qarşı irəli sürmüşdür.

Bu bir daha göstərir ki, türk dünyasının qurtuluşu üçün irəli sürülən milli-dini birlik (islamlıq və türklüyün vəhdətinə əsaslanan) ideyası baxımından Ə.Ağaoğlu Osmanlı mərkəzli islamçılığa, Y.Akçura və Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüyə önəm vermişdir. Bunu təsdiq edən Y.Akçuraya görə, Hüseynzadə hətta Azərbaycan türkləri arasında “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısı olmuşdur. Əlbəttə, Hüseynzadə yeni dövrdə yalnız Quzey Azərbaycanda deyil, bütövlükdə çarlıq Rusiyası və Osmanlıda da “mədəni və siyasi türkçülük hərəkatı”nın ilk yayıcısıdır.

Hüseynzadənin Osmanlı mərkəzli türkçülüyü bütün Türk–İslam dünyasının oyanışı və birliyi kimi görməsinə başlıca amil başqa türk xalqlarından fərqli olaraq onların siyasi müstəqilliyə və gücə sahib olmaları idi. O hesab etmişdir ki, məhz Osmanlı mərkəzli türkçülük bütün türk xalqları üçün bir güc və ideoloji mərkəzə çevirildiyi təqdirdə başqa türk elləri, uğur qazana bilərlər. Bu mənada bəzi müəlliflərin “Ə.Hüseynzadə Osmanlı mərkəzli türkçülüklə digər Türk xalqlarını osmanlıların içərisində əritməyə çalışmışdır” fikri ilə razılaşmırıq (Aydın Balayev “Məmməd Əmin Rəsulzadə”, s.27). Ə.Hüseynzadənin “Osmanlı türkçülüyü”nü bütün türklüyün nüvəsi kimi götürməsi digər türk xalqlarında, o cümlədən Azərbaycan türklərində mövcud olan türkçülüyün ziddiyyəti kimi deyil, əksinə, uzlaşdırıcı amili kimi baxmaq lazımdır. M.Ə.Rəsulzadə tamamilə doğru yazırdı ki, həmin dövrdə Ə.Hüseynzadə, Ə.Ağaoğlu və onların həmfikirlərinin irəli sürdükləri Osmanlı mərkəzli türk birliyi ideyası ən azından müstəmləkə altına düşmüş ayrı-ayrı Türk milliyyətlərində müstəqillik eşqi yaradaraq onları inqilabiləşdirmişdi: “Ancaq onlar ayrı-ayrılıqda qarşılarındakı yağıların çox böyük güclərinin qorxusundan azadlıqdan, müstəqillikdən söz belə açamazdılar. Bununla belə, onların kiçik ellər yox, ünlü tarixi, eləcə də gələcəyi olan çoxmilyonlu ulusun – millətin üzvləri olmalarını anlamaları, doğal – təbii olaraq ümidlərini artırıb yüzilin yağısı ilə dönmədən döyüşməyə çağırırdı” (Məmməd Əmin Rəsulzadə “Panturanizm”, s.52).

Ə.Hüseynzadə ayrı-ayrı türk dövlətlərinin yaranması ideyasından çox vahid türk dövləti ideyasını müdafiə etsə də, onun fikirləri Osmanlıdan kənardakı türk milliyyətlərini oyadırdı. O, dövrün reallıqlarından çıxış edərək yeganə müstəqil türk dövləti olan Osmanlının timsalında türkçülüyü gücləndirməyə və möhkəmləndirməyə çalışır, bu yolda digər türk milliyyətlərinin ona dəstək verməsinin vacibliyini vurğulayırdı. Bu baxımdan o hesab edirdi ki, çarlıq Rusiyasının əsarəti altında olan türk-tatar xalqları da ilk növbədə Osmanlı türkçülüyünü müdafiə etməlidirlər. Zənnimizcə, 1918-ci il Mudros müaviləsinə, yəni Osmanlının məğlubiyyətinə qədər türkçülük nəzəriyyəsi açısından bu mülahizə həmin dövr üçün real və gerçəkçi baxış idi. Çünki son əsrlərdə qarışdırdıqları islamçılıqla türkçülüyü bir-birindən ayırmağa başlayan milli mütəfəkkirlər, o cümlədən Ə.Hüseynzadə üçün türkçülük ruhunun parçalanması, yəni ayrı-ayrı milli-məhəlli türkçülüyə bölünməsi çox yad və uzaq bir hiss idi. Bu məsələləri çox doğru dəyərləndirən milli ideoloq M.Ə.Rəsulzadə yazırdı: “Panislamizmdən qurtulan türk ictimai-siyasi düşüncəsi birdən-birə indi çatdığı gerçək milli ideyaya o anda çata bilməzdi. Bu psixoloji baxımdan aydındır. Müharibə və ümumi təhlükə şəraitində İslam birliyi kimi böyük və əhatəli şüardan imtina edən millətçilər onun əvəzinə eyni təsir gücünə malik bir şüar irəli sürməli idilər. Bu, ancaq milli birlik ola bilərdi: “Din birliyi çağı keçdi, indi tarixi uluslar-millətlər irəli aparır. Yaşasın, Dunaydan Altayadək Türk uluslarının birliyi!” (Məmməd Əmin Rəsulzadə “Panturanizm”, s.51–52).

1918-ci ildə Osmanlı hökuməti tərəfindən Ə.Ağaoğlu ilə birlikdə milli dövlət qurulması məsələsində Cümhuriyyətin ideoloqları ilə fikir mübadiləsi üçün Azərbaycana gələn Hüseynzadə hələ də ümidini vahid türk dövlətinin olmasından üzməmişdir. Bizcə, onun Cümhuriyyət səfərindən sonra yazdığı məqalədə buna sətiraltı işarələr vardır: “Hilali-Əhməriyənin bayrağı bizimkinin eyni olan fəqət al rəngli milli bayrağında bəyaz hilal qarşısında beş şualı yerinə səkkiz şüualı bir yıldız bulunan məmləkətdən, Qafqasiya Azərbaycanından, Azərbaycan Cümhuriyyətindən, daha doğrusu Qafqasiya Türk dövlətindən bir az bəhs etmək istərəm” (Əli bəy Hüseynzadə Seçilmiş əsərləri, II cild, s.366). O yazırdı ki, Azərbaycan türk dövlətini çiyin-çiyinə qoruyan Osmanlı və Azərbaycan türkləri bir-birlərini mükəmməl anlayırlar: “…Çünki Azərbaycan avam xalqı ilə Anadolu köylüsünün dili lap bir-birinin eynidir! Bir-birini anlamayanlarsa rus məktəblərində yetişib lisanları ruslaşmış olan Azərbaycan oxumuşları və İstanbulun seçilmişlər ailəsinə məxsus istilahlar işlədən şəxslərdir”. Azərbaycan və Osmanlı türklərinin bir-birinə qovuşmasını tarixi hadisə, təbii bir cərəyan kimi qəbul edən Hüseynzadənin fikrincə, hər iki Türk xalqının bir-birinə qaynayıb-qarışması ilə vahid Türk milləti müasirləşmiş, güclənmiş və bütövləşmiş olacaqdır. Belə ki, imperializm, nasiyonalizm və sosializm cərəyanlarının faciəli fəaliyyət mərkəzinə çevrilən Azərbaycan, Azərbaycan türkləri bu müxtəlif cərəyanların altında nə edəcəyini bilmədi, mühakiməsini itirdi. Ancaq Osmanlı türklərinin onların imdadına çatması ilə yalnız Azərbaycan deyil, həm də Türkiyə türkləri də xilas oldu.

O, Azərbaycan türkçülüyünün gerçəkliyə çevrilərək onun əsasında siyasi və hüquqi cəhətdən müstəqil bir Türk Cümhuriyyətinin yarandığını görərək iki müstəqil Türk dövlətindən (Azərbaycan və Osmanlıdan) və onların bir-birinə dayaq olmasından bəhs etmişdir. Tadeuş Svyatovski yazır ki, həmin dövrdə Ə.Hüseynzadə Güney Qafqaz bölgəsi üçün üç seçimdən: 1) Qafqaz Federasiyasından; 2) müstəqil türk, gürcü və erməni dövlətlərindən; və 3) Qafqaz türklərinin Osmanlıya birləşməsindən bəhs etmişdir. Bizcə, o, ilk vaxtlar daha çox ümidini vahid türk dövlətinin qurulacağına bağlasa da, ancaq həm Cümhuriyyət liderlərinin “müstəqilliyə” bağlılıq düşüncələrindən, həm də Osmanlının zəifləməsindən dolayı bunun mümkünsüz olduğunu anlamışdı.