Beynəxalq Respublika İnstitutu Ermənistanda siyasi və sosial mövzularda rəy sorğusu keçirib. Sorğu 13–25 sentyabr tarixlərində 1500-dən çox Ermənistan vətəndaşı və keçmişdə Qarabağda məskunlaşmış erməni əsilli şəxslər arasında aparılıb.
Rəy sorğusuna əsasən, demək olar ki, erməni cəmiyyətində siyasi apatiya, iqtisadi tənəzzül, hökümət və dövlət qurumlarına güvənsizlik pik həddə çatıb.
“Ən çox güvəndiyiniz birinci və ikinci siyasətçi kimdir?” sualına sorğuda iştirak edənlərin 61%-i “heç kim” cavabını verib.
Ermənistan Baş naziri Nikol Paşinyanın adını “ən çox güvənilən lider” kimi cəmi 15%, ikinci ən çox güvənilən lider kimi isə 16% iştirakçı çəkib.
Paşinyandan savayı digər siyasətçilərə isə inam cüzi olub. Ermənistanın ikinci prezidenti, revanşist qüvvələrin ən aktiv üzvlərindən olan Robert Koçaryana güvən isə təxmini 1% vətəndaş tərəfindən təsdiqlənib.
Bu rəqəmlər ermənilərin siyasətçilərə inanmadığını göstərir. 2021-ci ildə 53% səslə seçkini qazanan Nikol Paşinyanın dəstəyinin belə 15%-ə düşməsinin, keçmiş xuntaçıların lideri olan Koçaryanın və digərlərinin reytinqinin sıfırlanmasının bir çox səbəbi sorğudakı digər göstəricilərdə ortaya çıxır.
“Hansı qurumların işindən razısınız?” – sualına verilən cavablarda erməni xalqının, demək olar ki, bütün qurumlara güvəninin sarsıldığı ortaya çıxır. Hakimiyyətin 3 əsas qanadını təmsil edən qanunverici, icraedici və məhkəmə hakimiyyətinə güvənin aşağı olduğu gorünür.
Sorğuya əsasən, qanunverici hakimiyyət olan parlamentdən razılığın 9%, icraedici hakimiyyətin qurumları olan Baş nazirin ofisindən 19%, nazirliklərdən isə 11% olduğu məlum olur. Məhkəmələrin işinə olan razılıq isə hakimiyyət strukturları arasında 10%-ə qədər düşüb.
Bir zamanlar Qarabağı işğal etdiyi üçün reytinqi yüksək sayılan ordudan olan razılıq da 29%-ə düşüb. Son dövrlərdə kifayət qədər siyasiləşən və “ruhani qurum” özəlliyini itirən Erməni Apostol Kilsəsinə də inam kəskin şəkildə azalaraq 26%-ə enmişdir.
Digər tərəfdən, Ermənistan vətəndaşlarını narahat edən məsələlərin başında dövlət və sərhəd təhlükəsizliyi gəlir. Sorğuda iştirak edənlərin 41%-i hesab edir ki, ölkənin ən böyük problemi təhlükəsizlik məsələsidir.
Əslində, bu qədər yüksək narahatlıq Paşinyana və orduya ciddi bir mesajdır. Bu gün Ermənistan rəhbərliyi Qərbdəki imperialist dairələrin təsiri nəticəsində Azərbaycanla sülh müqaviləsi imzalamır. Qəsdən Cənubi Qafqazda iki qonşu ölkə arasında vəziyyəti gərgin saxlamağa davam edir.Bütün bunlar azmış kimi, Paşinyan və komandası avantürist açıqlamalar verir. Hətta həm iqtidar, həm də müxalifət düşərgəsindən olan siyasətçilər Azərbaycana qarşı absurd revanşist açıqlamalar verməklə məşğuldur.
Ermənistan ordusu isə Azərbaycanın qəti qələbəsinə rəğmən tez-tez atəşkəsi pozur, Azərbaycan ordusunun mövqelərinə atəş açır. Qısa müddət öncə Ermənistan Azərbaycanla sərhəddə üzərinə “Səlibçi xaçı”nın əks olunduğu bayraq belə qaldırmışdı.
Əslində, Erməni xalqının böyük hissəsinin narahatlığına səbəb olan təhlükəsizlik məsələsinin baiskarı elə dövləti idarə edən şəxslərdir.
Ermənistan vətəndaşlarının ikinci ən böyük problemi isə iqtisadi vəziyyətdir. Əhalinin 14%-i işsizliyi, 10%-i isə həyat standartlarının aşağı olmasını və qiymət artımını əsas problem olaraq görür. İqtisadiyatın ikinci ən ciddi problem olaraq görülməsi, Ermənistan iqtisadi artım tempinin şişirdildiyini və əslində, iqtisadiyyatda ekstensiv artışın yaşandığını göstərir.
“Hansı ölkəni Ermənistan üçün müttəfiq hesab edirsiniz?” – sualına isə sorğuda iştirak edənlərin böyük hissəsi Fransa və İran cavabını verib.Belə ki, sorğuda iştirak edənlərin 59%-i Fransanı siyasi, 47%-i isə təhlükəsizlik sahəsində müttəfiq olaraq görür.Bu rəqəmlər İran üçün 58% siyasi, 53% isə hərbi müttəfiq olaraq dəyişir. Bu ölkələrdən sonra isə ABŞ və Hindistan gəlir.
Ermənistanı öz maraqları üçün istifadə edən ölkələrə qarşı bu qədər yüksək rəğbətin olması açıq şəkildə göstərir ki, erməni cəmiyyəti medianın və siyasi hakimiyyətin propaqandasının təsiri altındadır.
Çünki bu gün Ermənistanın təhlükəsizliyini təmin edəcək və Ermənistana iqtisadi fürsətlər verəcək sülh müqaviləsinin bağlanmaması üçün əlindən gələni edən məhz Fransadır.
O cümlədən, Ermənistanı Avropa və Asiya arasındakı beynəlxalq ticarət şəbəkəsi içərəsində tranzit bir ölkəyə çevirə biləcək Zəngəzur koridoruna qarşı çıxan İrandan başqası deyil.
Nəticədə, onu söyləmək olar ki, Paşinyan hakimiyyəti, öz xalqına sələfləri olan xuntaçı Koçaryandan və Sarkisyandan daha artığını verə bilməyib.
Ermənistanın artıq xroniki problemlərinə çevrilmiş dövlətə güvənsizlik, iqtisadi problemlər və digər məsələlərin heç biri həll edilməyib. Bu vəziyyət də Ermənistanda siyasi-sosial vəziyyəti daha da çətin hala gətirib çıxararır. Özünü xalqından çox xarici dövlətlərin qarşısında borclu bilən Ermənistan hakimiyyəti isə hələ də gərəkli dərsləri çıxara bilmir.
Kazım Kazımov