Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan addımlar davam edir. Regional sülhlə bağlı çağırışlar bir sıra ölkələri narahat edib. Sülh danışıqlarına Türkiyənin də dəstək olması bölgədə sülhü əngəlləyən qüvvələr üçün əlavə narahatlıqlara səbəb olub.
Dünən isə Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla bağlı bir sıra məsələlərə toxunaraq rəsmi Bakının sülh niyyətlərini bir daha sübut etdi. Ardından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da erməniləri Azərbaycanın sülh əlini tutmağa çağırdı. Bəs, görəsən, Qafqazda sülh istiqamətində müsbət dəyişikliklər gözləmək olarmı? Ermənistan tərəfi bu çağırışa hansı cavabı verəcək?
“Füyuzat” mövzu ilə bağlı siyasi şərhçi Tural İsmayılovun fikirlərini öyrənib. O bildirib ki, Qafqazda sülhlə bağlı Azərbaycan və Türkiyənin çox aydın, səlis mövqeyi var:
“Eyni zamanda Azərbaycan və Türkiyənin regional sülhlə bağlı çağırışları təkcə postmüharibə dövründə formalaşmış bir yanaşma deyil, hətta Azərbaycan torpaqlarının işğal altında olduğu müddət ərzində də sülhpərvərliyin əsas mərkəzlərindən biri olmuşdur. Bizim üçün heç bir zaman torpaqların azad edilməsi uğrunda müharibə əsas variant olmayıb, həmişə alternativ variant kimi nəzərdən keçirilib. Bu baxımdan Qafqazda sülhlə bağlı qalib tərəf kimi Azərbaycanın diqtə etdiyi şərtlər vacib əhəmiyyətə malikdir və bu gün Azərbaycanla Türkiyənin həyata keçirdiyi ortaq siyasət regional sülhü təşviq edən önəmli bir platforma kimi inkişaf edir. Əlbəttə ki, regional sülhü özlərinin gələcək siyasi ambisiyaları üçün təhdid kimi dəyərləndirən Qərbdən və Şərqdən bəzi qüvvələr Ermənistandan kart kimi istifadə edirlər. Yəni sülh çağırışlarına Ermənistan tərəfinin cavabı təkcə özündən asılı olan bir məsələ deyil. Bunun arxasında qlobal şəbəkələr dayanır və ABŞ, Fransa və İranın burada çox mühüm rolu var. Qlobal münasibətlər sistemində bir-birinə ziddiyyətli parodoksal qüvəllər kimi görünən İran və Fransa Ermənistanda sorosçuları bir mənalı şəkildə dəstəkləyirlər. Bunun ən böyük səbəbi Qafqazdakı sülh prosesindən qorxmaq və Mərkəzi Asiyadan Türkiyəyə qədər uzanan lojistik nəqliyyat yolunun birləşməsindən olan narahatlıqdır. Buna görə də Naxçıvana quru yolunun açılmasına əngəl olurlar və qorxurlar ki, Zəngəzur dəhlizi çox qısa müddətdə açıla bilər”.
Siyasi şərhçi qeyd edib ki, bu gün Ermənistandan daha çox onun havadarları sülh prosesini sabotaj etməyə çalışır: “Ancaq hələ də müəyyən ümidlər var ki, ilin sonuna kimi Azərbaycan–Ermənistan sülh müqaviləsi bağlansın”.