Azadə Novruzova Ədəbiyyat Füyuzat 129

…Evimizə dönəcəyik!

24 dekabr 2022-ci il…

Məni çox mütəəssir edən o görüşdən yazıram…

Bu yaxınlarda Qərbi Azərbaycandan olan bir qrup ziyalılarla Qərbi Azərbaycan İcmasının inzibati binasında görüş keçirildi. Prezidentin çıxışında səsləndirdiyi mühüm məqamlar xəbər başlıqlarına çıxarıldı. Bunlar arasından bir xəbər başlığı isə ürəyimdə qızılgül kimi açdı: “Qərbi Azərbaycan bizim tarixi torpaqlarımızdır”. 34 illik Vətən həsrətli könlümə su səpildi, nəfəsim genəldi… Elə bil kürəyimdəki ağır bir yük yoxa çıxdı; quş kimi yüngülləşdim.

Hər kəsə bəllidir ki, həqiqət gec-tez öz yerini tutur… Bildiyimiz kimi, Qərbi azərbaycanlılar dəfələrlə imperiya siyasətinin qurbanı olmuş, doğulduğu Ana Vətənindən, ata-babasının əzəl yurdundan XX əsrin 1918-20, 1948-53, 1988-91-ci illərində məcburən didərgin salınmış, tərki-vətən edilmişlər. Qərbi Azərbaycandan olan ziyalılarımızla görüşdə səslənən fikirlər o qədim türk yurduna dünyanın dörd bir tərəfindən toplanılan və nəticədə Azərbaycan dövlətinin ərazisində yaradılmış Ermənistan dövləti başçılarının və bu qondarma dövləti quranların fitnə-fəsadının nəticəsində hərəsi bir tərəfə ələn-culan olmuş, Qərbi Azərbaycan kökənlilərin könüllərinin gözün güldürdü, qəddini dikəltdi. Əlinin zəhməti, dişi-dırnağı ilə tikdiyi öz doğma evinə (dağıdılmış, uçuq olsa belə) qayıtmaq ümidini çoxaltdı, inamını artırdı.

Burada bir haşiyə çıxacam: 1948-53-cü illər deportasiyasının qurbanı olmuş bir həmvətənimiz bizimlə uşaqlıq xatirəsini bölüşürdü. O deyirdi ki, atam-babam Vedibasardan Azərbaycanın Aran zonasına məcburən köçürülmüşdü. İnanın səmimiyyətimə, dağ adamının aranda nə çəkdiyini dilə gətirməsi onu yenidən yaşamaq qədər iztirablıdır, bir özgə zülmdür. İlan mələyən çöllər, lilli su… Elə bu ikicə fakt qanana bəs edər ki, camaatın nə çəkdiyini anlasın.

Ömrünün çoxu gedib azı qalan ahıllar, südəmər körpələr, qaragünlü qadınlar… hansı məşəqqətlərlə üzləşiblər, bunları gözümüzün önünə gətirsək, düşünsək, ürək tab gətirməz… Görün yaşasaq, çəksək, nə olar…

Əzizinəm, Vətəndə,

Güllər əkdim Vətəndə.

Qərib, didərgin oldum,

Dərdim güllər Vətəndə.

Vətən dərdi ovunmazdır qürbətdə. Bu dərdin dərmanı yalnız Vətəndir, Vətəndir, Vətəndir!

Haşiyə içində haşiyə çıxdım… Həmvətənimizin xatirəsinə gəlirəm. Söyləyir ki, ara bir az səngiyən kimi, 60-cı illərdə hər yay yığışıb gəlirdik Vediyə. Evimizi uçurub-dağıtmışdılar, quruca yurd yeri qalmışdı. Xalça-palazı göy otun üstünə sərib, döşəkçələri, mütəkkələri düzüb, samovarı odlayıb on-on beş gün gözümüzün qurdunu beləcə öldürərdik. “Vətənə gəldik, Vətəndən qayıtdıq”. Bu təəssürat bizə bəs idi ki, üzümüzə gələn ili qürbətdə birtəhər başa vuraq. Vətənin havası ilə nəfəs almaq, o nəfəsi duymaq, o havanı ciyərlərinə çəkmək ayrı cür olur… necə deyim, necə yazım, heç özüm də bilmirəm.

Qaçqınlığın, didərginliyin acısını, ağrısını kürəyinə əziz balan kimi şəlləyib gəzib-dolaşmaq çox çətindir. Bu yükü yorulanda, daralanda, “Vətən” kəlməsi dilinin ucunu qabar edəndə, qəhərini, göz yaşını əlacsız qalıb sözün bələyinə bükəndə, bayatı qoşanda, ümid göyə çəkiləndə, üzünü Allahın dərgahına tutub “İlahi, məni quş et, məni küləyə döndər, gedib Vətəni dolanım gəlim”, – deyib haray çəkəndə də açıb yerə qoymaq olmaz! Bu yük çiyinlərində Vətəni qiblə seçib dünyadan köçənlərimiz son vəsiyyətlərində: “Torpağımdan bir ovuc Vətən torpağına qatarsınız, bəlkə o zaman gorumuz çatlamaz”, – deyiblər…

Davamı…