Tbilisidə ölkənin Avropa İttifaqı (Aİ) və NATO-ya inteqrasiyasına qarşı çıxan “Birləşmiş Bitərəf Gürcüstan” adlı yeni sosial-siyasi hərəkatın yaradılması barədə təqdimat keçirilib.
“Füyuzat”ın məlumatına görə, təqdimat “İmedi” və “Rustavi 2” televiziya kanalları tərəfindən canlı yayımlanıb.
“Bu gün Gürcüstanda Avropaya inteqrasiya siyasəti aparılır. Bu, gürcü xalqına qarşı cinayətdir. Bu günahın bir hissəsi hakimiyyət orqanlarına məxsusdur. Eyni zamanda, NATO-ya inteqrasiya da elan edilib. Bunu, formal olaraq ölkənin əsas qanununa daxil etmək tamamilə cəfəngiyyatdır”, – hərəkatın lideri Vato Şakaraşvili deyib.
Onun sözlərinə görə, Gürcüstan və Ukrayna NATO-nun tərəfdaş ölkələrinə çevrilib. Hər kəs bunun Ukraynanı nəyə gətirib çıxardığını aydın görə bilir: “Gürcüstan müstəqil və neytral dövlət qurmalı, eyni zamanda bütün ölkələrlə dost olmağa davam etməlidir”.
Avropa İttifaqına gəldikdə isə, Şakaraşvili statistikaya istinad edərək bildirib ki, ittifaq son illər iqtisadi durğunluq yaşayır. Onun sözlərinə görə, hazırkı geopolitik vəziyyəti nəzərə almaq lazımdır: “Avropa İttifaqının bir neçə ildən sonra ümumiyyətlə mövcud olub-olmayacağını heç kim bilmir”.