Xəbərlər

“İşıq” dərgisinin 112-ci sayı işıq üzü görüb

Bu yaxınlarda “İşıq” qadın dərgisinin 112-ci sayı işıq üzü görüb.

Müxtəlif rubrikalarla zəngin “İşıq” jurnalı hər zaman olduğu kimi, bu dəfə də oxucularının zövqünü oxşayır.

Sədaqət Qəhrəmanovanın “Baş redaktordan” sərlövhəli yazısı ilə açılan dərgidə böyük ədib Mirzə Ələkbər Sabirin maarifçilik yolunda xidmətləri fonunda təhsilin önəmi, həmçinin övladlarımızın  yetişməsində ədəbi irsimizin rolundan bəhs edilir.

“Tariximizdəki qadınlar” rubrikasında “Kimsəsizlər anası” kimi tanınan Gövhər ağa Cavanşirdən söz açılıb. Yazıya Mətanət Vahid müəlliflik edir.

“İşıq” hər sayında yaxın keçmişi xatırlayır.  İrəliləyən səhifələrdə “Ana dilimiz” yazısı ilə qarşılacaqsınız. Yusif Kənanın müəllifi olduğu yazı “İşıq” qəzetinin 1911-ci il, 24-cü sayından transliterasiya olunub.

“İnsanın meyarı – tərbiyə”  adlı məqaləsində Lətafət Bayramova texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə təhsildə təlim-tərbiyənin önəmindən bəhs edir.

Filologiya üzrə fəlsəfə doktoru Qərənfil Dünyaminqızı “Bir yüksəlişin səbəbi” adlı yazısında ilk azərbaycanlı hüquqşünas xanım Bilqeyis Həşimzadə haqqında arxiv materialları işığında maraqlı məqamlara toxunub.

Bundan savayı, Almaz Ələkbərovanın “Dünyanın naxışı – söz” məqaləsində sözün klassik nümunələr bələdçiliyində sehrindən söz açılıb, həmçinin Günel Natiqin “Həyatım, mən gəldim” adlı essesində şəhidimiz və xanımının sevgi hekayəti, Cavid Musanın “Övladlarımızı tənhalıq hissindən xilas edək” adlı autizm mövzusunda yazısı, həkim-stomatoloq Nurlana Babayevanın müsahibəsi və bir sıra qələm nümunələi “İşıq” dərgisinin 112-ci sayında  oxucuların ixtiyarına verilib.