HƏMAS-ın İsrailə hücumu və buna cavab olaraq İsrail ordusunun Fələstində əməliyyatlara başlamasından sonra Yaxın Şərqdə onsuz da sönmək bilməyən münaqişə ocağı yenidən, bu dəfə daha sərt formada alovlandı. Hətta hazırkı addımlar daha genişmiqyaslı həyata keçirilməkdə, bu isə bütün dünya dövlətlərinin münaqişəyə bu və ya digər formada mövqe bildirməsinə səbəb olmaqdadır. Rusiya və Çin kimi böyük dövlətlərin Fələstindən yana açıqlamaları, qarşılığında isə Qərb–ABŞ blokunun İsraili dəstəkləməsi gərginliyi daha da artırır.
Adıçəkilən dairələr sülhdən yana olduqlarını bildirsələr də, atdıqları real addımlar əks-effekt verir, yəni münaqişənin hər keçən gün bütün Yaxın Şərqə yayılma ehtimalını artırır.
Bu nöqtədə Türkiyənin hadisələrə yanaşmasının necə olacağı hər kəs tərəfindən maraqla gözlənilir. Xüsusilə Türkiyənin xarici işlər naziri Hakan Fidanın “Ya böyük bir savaş, ya da böyük bir sülh” şəklində açıqlaması, Türkiyənin Yaxın Şərqdə ciddi təsirə sahib olması kimi məsələlər mövzunu daha da aktual edir.
“Füyuzat” mövzu ilə bağlı politoloq Yusif Bağırovun fikirlərini öyrənib. O bildirib ki, Türkiyə Xarici İşlər Naziri Hakan Fidanın “ya böyük bir savaş, ya da böyük sülh seçimi” ilə bağlı dedikləri mövcud situasiyanı tamamilə əhatə edir və bu bəyanatı münaqişə tərəfləri ilə yanaşı, həm də digər dövlətlərə mesaj olaraq da qəbul etmək olar:
“Həqiqətən də hal-hazırda Yaxın Şərq bir barıt çəlləyinə bənzəyir və hər hansı yalnış qərar qarşıdurmanı böyük müharibəyə çevirə və bununla da proqnozlaşdırması mümkün olmayan fəalkətə gətirib çıxara bilər.
Rəsmi Tehranın “İsrailin Qəzzada fələstinlilərə qarşı hərbi cinayətləri dayanmasa, İran hərəkətə keçəcək” bəyanatı, rəsmi Tel-Əvivin HƏMAS tam məğlub olmayana və ya təslim olmayana qədər dayanmaq niyyətində olmadığını bildirməsi, ABŞ-ın öz “F-16″larını, hava hücumundan müdafiə sistemlərini, çoxlu sayda əsgərlərini bütün Yaxın Şərq regionu boyu yerləşdirməsi, Fransa Prezidenti Makronun vaxtilə İŞİD terror təşkilatına qarşı yaradılmış beynəlxalq koalisiyanın HƏMAS-a qarşı yaradılması ilə bağlı çağırışları, eləcə də Hizbullah və Suriyada İrana bağlı qüvvələr kimi proksi qüvvələrin hərəkətləri, həqiqətən də, böyük savaşa səbəb ola bilər.
Buraya İsrailin Qəzzadakı fələstinliləri Sina yarımadasına köçürmək cəhdinə qarşı çıxan Misir, İordaniya kimi dövlətləri, eyni şəkildə, Qərbdən gələn təhlükə fonunda Yaxın Şərqdə Rusiya və Çinin də öz mövqelərini möhkəmləndirməyə cəhd edəcəyini əlavə etsək, o zaman vəziyyətin daha kəskin xarakter alacağını deyə bilərik. Hakan Fidan da öz bəyanatında məhz bu ssenarini nəzərə alaraq tərəfləri bundan çəkinməyə və qalıcı sülhə nail olmaq üçün addımlar atmağa çağırışlar edir”.
Politoloq Türkiyə xarici işlər nazirinin etdiyi çağırışların qarşılaşdığı maneələri diqqətə çatdırıb:
“Problem ondadır ki, nə qlobal güclər, nə də HƏMAS-ı və İsraili dəstəkləyən dövlətlər münaqişənin dayandırılması üçün real addımlar atır. Əksinə, onların hərərkətləri bölgədə sülhyaradıcı missiyadan çox uzaq olub, müharibə ocağının genişləndirilməsinə xidmət edir.
Türkiyə isə həm İslam dünyasının əsas dövlətlərindən biri olaraq, həm də Yaxın Şərqdə sözün əsl mənasında sülh istəyən tərəf kimi məhz sülhə nail olmaq üçün bütün imkanlarını səfərbər edib. Məsələn, elə Hakan Fidan özü münaqişə başlayan andan etibarən vəziyyətin normallaşmasına təsir göstərə biləcək dövlətlərlə – Səudiyyə Ərəbistanı, Qətər, İran, Fələstin və Misirdən olan həmkarları ilə, eləcə də ABŞ dövlət katibi Antoni Blinkenlə mütəmadi olaraq vəziyyəti müzakirə edir. Türkiyə sözügedən hadisələrin daha da kəskinləşməməsini və daha geniş bir bölgəyə yayılmadan nəzarət altına alınmasını təmin etmək üçün hər zaman mümkün olan hər cür yardımı göstərməyə hazır olduğunu davamlı olaraq təkrar edir”.
Yusif Bağırov Türkiyənin aktiv hərbi əməliyyatlara cəlb olunub-olunmayacağı ehtimallarını da dəyərləndirib:
“Təbii ki, belə bir mövqe sərgiləyən Türkiyənin aktiv döyüşlərə cəlb olunması və ya proksi müharibəyə qoşulması mümkün deyil. Nəzərə almaq lazımdır ki, fələstinliləri dəstəkləyən və münaqişənin iki dövlətin birgəyaşayışı əsasında həllinin tərəfdarı olan Türkiyə uzun illər davam edən düşmənçilikdən sonra artıq bir müddətdir ki, İsraillə münasibətlərin normallaşdırılması üzərində də işləyir. Digər bir tərəfdən isə müharibənin arealının genişlənməsində maraqlı olmayan və bütün imkanları ilə sülh yaratmaq istəyən bir dövlət olaraq Türkiyə yaxşı başa düşür ki, onun müharibəyə cəlb olunması uzun illərdir anti-Türkiyə mövqeyi sərgiləyən güclər üçün bir fürsətə çevrilə bilər. Odur ki, Hakan Fidanın “ya böyük savaş, ya da böyük sülh” bəyanatında Türkiyənin ikincini seçəcəyi və məhz bu istiqamətdə fəaliyyət göstərəcəyi şübhəsizdir”.