Aktual Füyuzat 127 Könül Bünyadzadə

İzim var

İnsanın elə xüsusiyyətləri var ki, bəzən özü də onları anlamaqda çətinlik çəkir. Rəssam xəyalında canlandırdığı bir çaları ala bilmək üçün min bir rəngi qatıb-qarışdırır ki, içindəki gözəlliyi hər kəs görsün, zövq alsın. Bəstəkar hamının eşitdiyi səslər arasında yalnız özünün duyduğu harmoniyanı möhtəşəm əsərə çevirir – hamı duysun, feyzyab olsun deyə. Alim heç kimin fikir vermədiyi bir təbiət hadisəsinə diqqət kəsilir, onu müşahidə edir, öz düşüncələri ilə ölçüb-biçir, kainatın hansısa sirrinə cığır açır ki, qaranlıq bir az da aydınlansın. Özünə aid nəsə yaratmaq, öz yolunu salmaq, öz nişanəsini qoymaq və onu hamıya nümayiş etdirmək kimi qeyri-adi istək nə vaxt yaranır, insanı öz hökmünə nə vaxt alır, bilmək olmur. Qüdsi bir hədisdə deyilir: “Mən gizli bir xəzinə idim, tanınmaq istədim, xəlqi yaratdım”. Görünür, Allah-taala yer üzündə xəlifəsini yaradıb ona yalnız Özünün bildiyi adları öyrədəndə onun fitrətinə tanınmaq istəyini də əlavə edib. Yəqin, buna görə insan mütləq bu dünyada bir izinin, özündən sonra onu xatırladacaq bir nişanəsinin qalması üçün çalışır! Ülvi Bünyadzadə şeirlərinin birində ümman sahilində yaşayan, şahə qalxan dalğaları yara-yara iz açan və bundan daha da cəsarətlənən bir igiddən danışır. Bir gün arxasına boylananda…

O görür ki, fırtına

Suda o açan izi

Asanlıqla yox edir,

Asanlıqla gizlədir.

Bundan sonra insanın

Qol-qanadı süst olur.

Açdığı izlər kimi,

Kədərli gözlər kimi

Fırtınada boğulur.

Düşünəndə insanı bu dünyada yaşadan, həvəsləndirən ən böyük stimulun onun buraxacağı iz olduğunu anlayırsan.

Dünyaya gələn hər bir canlı, Aşıq Veysəl demiş, “iki qapılı bir xan(a)da” bu başdan-o başa iz qoya-qoya gedir. Və hər şey öz izi – ağac meyvəsi, heyvan çəhlimi, insan əməlləri ilə tanınır. Heç bir alma ağacı bir gün nar yetirmək qüdrətində deyil. Nə qədər güclü olursa-olsun, şir ömrü boyu həmişə öz ərazisini eyni şəkildə işarələyəcək. Yalnız insan zamanla öz izini dəyişməyə, bunu şüurla etməyə, ona dərin məna qatmağa qadirdir. İllər keçir, hətta bəzən özü də gəncliyindəki izinə baxıb təəccüb edir. Onun biliyi, təcrübəsi artdıqca, dünyagörüşü genişləndikcə özündən sonra buraxdığı izlər də dərinləşir.

Hər kəs öz düşüncə səviyyəsinə, mənəviyyatına uyğun iz qoyur. Eləsi var, o biri canlılar kimi izi özü ilə bərabər yox olur, elə insan da var, izi çırağa dönüb özündən sonra gələnlərə hələ uzun illər yol göstərir. Sokratın müəllimi Diotima sevgi haqqında deyirdi ki, sevgi gözəlliyə can atmaq deyil, dünyaya gözəllik gətirməkdir. Onu da əlavə edir ki, sevgini bədən istəyəndə dünyaya övlad gətirirlər, bu, mənəvi bir hamiləlik olanda isə ortaya gözəl düşüncələr, kəşflər çıxır. Eyni sözləri izə də aid etmək olar. Axı iz insanın aşıb-daşan həyəcanının, sevgisinin nişanıdır.

Bəzən neçə əsrlik çinarın gövdəsində bıçaqla qazınmış bir ad görürsən. Kimsə o ağacın kölgəsinə qısılıb illərə meydan oxumaq istəyib. Yaxud qədim bir abidənin divarında hansısa “uzaqgörən”in öz varlığını dünyaya bəyan etmək istəyinin simvolları ilə rastlaşırsan. Tarixin, kim bilir, hansı izlərini qoruya-qoruya rəngini itirmiş daşlar indi də bu vandalizmə heyrət etməli olur. Bu yolla adlarını, simvolları tarixə həkk etdiyini zənn edənlər gözəlliyə ləkə gətirdiyini, qədim bir səhifəyə qara saldığını düşünmür. Onu düşündürən və qürurlandıran yalnız öz “izi”dir. İstər-istəməz yada e.ə. 356-cı ildə Artemida məbədini yandırıb adını tarixə yazmaq istəyən Herostratın utancverici “şöhrəti” düşür.

Suyun üzərində iz salmaq olmur, ancaq buzqıran gəmi buz qayalarını yara-yara başqalarını öz izi ilə aparmağı bacarır. Belə izlər qalmır, yalnız çatılan son nəticə qalır. Ürəyinin atəşi ilə millətini qaranlıq meşədən, bataqlıqdan xilas edən Dankonu xatırladım: mənzilə çatandan sonra nə iz yada düşür, nə də onun sahibi. Hə, bir də növbəti dəfə dara düşəndə və Dankolara ehtiyac yarananda onları təkrar arzulayırlar.

Maldan-mülkdən iz olmur. Yunus demiş:

Mal sahibi, mülk sahibi, hanı bunun ilk sahibi?

Mal da yalan, mülk də yalan. Al, bir az da sən oyalan.

Sual oluna bilər: bəs tikilmiş möhtəşəm saraylar, ehramlar var-dövlətin nişanəsi deyilmi? Deyil! Əksinə, onlar mal-mülkün puçluğunu anlayanların izidir.

Bu qala bizim qala,

Həmişə bizim qala,

Tikmədim özüm qalam,

Tikdim ki, izim qala.

Qurani-Kərimdə deyilir: “Bilin ki, var-dövlətiniz də, övladlarınız da ancaq bir imtahandır. Böyük mükafat isə Allah dərgahındadır” (Qurani-Kərim – 8/28). Bəli, dünyada ən məsuliyyətli və ən kövrək iz sahibləri valideynlərdir. Məhz onların izi – övladları sayəsində bir millət ya var olur, ya xar. Bunu düşünəndə anlayırsan ki, əslində, valideynin izi övlad deyil, ona verdiyi düzgün tərbiyə, dərin savad, yüksək mənəviyyatdır.

Bu dünyanın qanunudur: hər kəsin saldığı iz özü üçün deyil, arxadan gələnlər üçündür. Bu dünya doludur izlərlə və hər kəs kiminsə izi ilə irəliləməli olur, beləcə, izi izlər arasında yox olub gedir. Yalnız ilk izlər qalır. Və o iz tarixdə qalır ki, ondan sonra onunla gedən tapılsın, yavaş-yavaş iz cığıra, cığır yola çevrilsin. Onu salmaq isə nadir şəxsiyyətlərin – dahilərin nəsibidir. Bəzən bu iz o qədər dərin, o qədər müdrik olur ki, əsrlərlə onun davamçıları azalmır. Filosofların, sənətkarların izi kimi. Hələ XII əsrdə Şihabəddin Sührəvərdi deyirdi: “Mənim getdiyim yol Zərdüştdən, Pifaqordan, daha sonra Platondan, sufi müdriklərdən keçib gəlir”. On əsrə yaxındır ki, həmin yola Sührəvərdinin izləri də əlavə edilib. Qəribədir, adətən, özünə güvənən, öz sözü olan şəxslər başqa izlərə də hörmətlə yanaşırlar, onları yox etməyə, silməyə çalışmırlar. Yalnız həqiqi iz sahibləri bilirlər ki, pozulmayan iz salmaq üçün yüksək mənəviyyat, dərin təfəkkür, böyük ürək lazımdır.

İzlər var ki, daş kitabəni xatırladır. Onu silmək, dəyişdirmək mümkün deyil. Belə izin üstündən iz salmaq da olmur. Hələ bu daşa, torpağa hopmuş bir nişanədirsə, heç mümkün deyil. Bir gün mütləq ilk izin varisi gəlib üstündəkini nazik toz qatı kimi üfürüb dağıdacaq.

İkinci Qarabağ savaşındakı Zəfərdən sonra tarixi torpaqlarımıza qayıdanlar üç cür iz gördülər. Ən yenisi şanlı ordumuza aid idi: qayalara-daşlara ilişən gilizlər, torpağı suvarmış şəhid qanları, ən yüksək nöqtəyə sancılmış Azərbaycan bayrağı. Ülvi demiş:

Qarabağdı mənim dinim-imanım,

O torpağın

nişanəsi,

iziyəm.

Məni belə

aciz görmə qəbirdə,

Qəbirdə də

Qarabağın özüyəm.

Azərbaycan əsgəri dədə-babasının izini yox eləməyə çalışanların vandallığını silib onların dağı-dərəni bürüyən üfunətli nəfəsini dağıtmışdı. Qədim abidəni korlayan məsuliyyətsiz bir məxluq kimi düşmən də öz simasının cizgilərini çəkmişdi buralarda: yerlə bir edilmiş kəndlər, şəhərlər, viran qoyulmuş məscidlər, eşilmiş qəbirlər, talanmış abidələr, yandırılmış bağlar, meşələr, toplu məzarlıqlar, gizlədilmiş minlərlə minalar! Hərdən düşünməli olursan, bəlkə, Luis Bunyuel və Salvador Dali “Əndəlus köpəyi” adlı süjetsiz dəhşət filmini Qarabağdakı düşmən portretinə baxıb çəkiblər?! Diqqətlə baxanda əmin olursan ki, bu vəhşiliklər yalnız bir məqsəd daşıyıb: torpağın əsl sahibinin izini itirmək. Onlar heç cür anlaya bilmədilər ki, 30 il ərzində qəsdən tapdalanan, torpaqlanan, qazınan bu tarixi iz niyə yox olmadı?! Niyə xarıbülbül qanqalların arasında sıxılsa da, yenə ümidlə açdı?! Niyə ilk baxışda adi görünən bu torpağa heç cür iz salmaq olmadı?! Heç vaxt öz izi olmayan biri haradan bilsin, necə anlasın ki, daş kitabənin üstündə hörümçək nə qədər sıx tor qursa da, iz qoya bilməz!

Bəzən bir şəxsin simasında bütöv millət cəm olur. Onun qoyduğu iz də bütün dövlətin varlığının simvoluna çevrilir: Pakistan Məhəmməd İqbalın, Türkiyə Atatürkün izi olduğu kimi. Azərbaycan hər zaman böyük qüvvələrin maraq mərkəzində olub, hər yadelli burada öz izini qoymağa cəhd edib. Ancaq həmişə öz övladının imzası ilə var olduğundan başqa izlər burada duruş gətirə bilməyib, pozulub. Kimlərin izi – imzası yoxdur Azərbaycan adlı dastanın altında?! Yalnız son iki əsrdə “atdan düşüb atlanan” millətin tarixinə baxaq: XX əsrin əvvəlində Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və daha neçə cümhuriyyətçi, 70 il Sovet imperiyasından sonra Əbülfəz Elçibəy, Heydər Əliyev, 30 illik torpaq itkisinin həsrətindən sonra isə qəhrəman oğulların və Ali Baş Komandanın imzası ilə Azərbaycan təkrar-təkrar öz izinin, öz sözünün sahibi olduğunu dünyaya bəyan elədi.

Bəzən olub-keçənləri anlamaq üçün güzgüdə üzümüzə baxırıq. Əslində isə orada qalan izləri öyrənirik. Üzümüzdə nə qədər iz var, İlahi?! İllərin izi, mənəvi dünyamızın, kədərimizin, sevincimizin, qəzəbimizin izi, ətraf aləmə reaksiyamızın, yad baxışların izi… “Üzündə göz izi var, sənə kim baxdı, yarım?!” Axı gözlər könüldəki sevginin, enerjinin ötürücüsüdür. Baxdığı yerdə iz qoyur və könüldəki niyyəti ora köçürür. İllər keçir, olanları anlamaq üçün onların könlümüzdəki izlərinə – çapıqlara, qaysaqlara, sınmış tellərə, küsmüş arzulara baxırıq…

Bəli, dörd yanımız doludur izlərlə. Bax, o tərəfdə kiminsə ruhunun, həyatının düz üstündən keçib gediblər. Sanki kimsə çirkli, kobud çəkməsi ilə zərif bir çiçəyi əzib, tapdalayıb. Lap meşə yanğınları, terror aktları kimi. O biri tərəfdə isə havada kəpənəyin, gülün ləçəyində şehin izi var. Onları görüb seçmək üçün ürəkdə Allah sevgisinin izi olmalıdır. Hələ bir çiçək, bir misra, bir zümzümə ilə xatirəyə çevrilən izlərdən danışmıram. Çünki o izlər – xatirələr yad gözdən, yad nəfəsdən qorunur.

İnsanın barmaq izləri unikal, təkrarsızdır, ancaq bu dünyada qoyub getdiyi izlər barmaqların ucundakından fərqlənir. Nə bilim, bəlkə də, fərqlənmir. Alimlər araşdırsalar, bəlkə, onların da arasında bir əlaqə tapa bilərlər. Bildiyimiz isə budur: bu dünyada hər kəs öz izini salmaq istəyir; hərə öz bacarığına, düşüncəsinə uyğun. Barmaq izi ilə insanı bir fərd kimi başqalarından fərqləndirmək mümkündürsə, düşüncəsinin izi ilə onun sahibini içdən tanımaq, mənəviyyatının portretini çəkmək mümkündür.

Bəs sənin necə, izin varmı?!