Ədəbiyyat Füyuzat 125 Ülviyyə Rəhman

Kitab

Dünya nədir? – Üzərində yaşadığımız planetmi? Havasını udduğumuz Yer kürəsimi? Dünya çoxmu böyükdür? Harada başlayır, harada bitir? Bəs nə  qədərdir? – Beş yüz on milyon kvadrat kilometr? Sadəcə bu? Bəs dünya içində dünyalar, hərəsi bir dünya olan insanlar? Bu insanların yazıb-yaradıb miras qoyduqları?..

Yaradılışın ilk çağlarından bu günə kimi insanlar bir-biri ilə ünsiyyətə ehtiyac duymuşlar. İşarələr, müxtəlif səslər, söz – kəlam bəşər övladının qarşılıqlı anlaşması üçün vasitə olmuşdur. Onlar təkcə gördüyü, eşitdiyi şəxslə deyil, eyni zamanda uzaq bir diyardakı, tanımadığı insanlar, hətta özündən sonrakı nəsillərlə də ünsiyyət qurmağa, varislərinə öz bilik və təcrübələrini, fikir və düşüncələrini, bəzən təxəyyüllərinin məhsulunu çatdırmağa çalışmışlar.

İnsanlıq tarixinin bəlkə də ən önəmli kəşflərindən biri – yazının icadı ilə bilginin qeydə alınması və bu qeydlərin onilliklər, yüzilliklər, hətta minilliklər boyu qalıcılığı olmuşdur. Başqa sözlə desək, təcrübə, düşüncə və fikirlərin gələcək nəsillərə etibarlı şəkildə çatdırılması bu yolla mümkün olmuşdur. Bəlkə də elə bu üzdən də qədim dövrlərdə insanlar yaşadıqları coğrafi mühitdən, malik olduqları maddi əşyalardan, məhsuldan asılı olaraq yazı yazmaq üçün daş, gil, ağac qabığı, metal lövhələr, sümük, papirus, heyvan dərisi və s. kimi müxtəlif əşyalardan istifadə etmişlər.

Beləcə, zamanla üzərinə bilgi həkk olunmuş əşyaların sayı artmış, yəni, işarələr, məlumatlar çoxalmış, nəticədə həmin əşyaların üzərinə qeyd olunanlar toplanaraq bilgi qaynaqları kitab, kitabə adlandırılmışdır.

Kitab ərəbcədən tərcümədə vərəqləri bir araya gətirilərək cildlənmiş və ya cildlənməmiş yazı, bilgidir.

Kitab ən böyük işarələr sistemi olan yazının köməyi ilə kodlanmış yaşamdır, həyatın təzahürüdür.

Kitab elmdir, sənətdir, keçmiş və gələcək, yaşanan və hələ yaşanmayandır.

Kitab dünyadır, kainatdır, var olan və olmayandır; Yaradana inanc, yaşayana həyatdır; dünyalara açılan qapı, saysız-hesabsız yoldur. Kitab bəzilərinə həmdəm, bəzilərinə öndər, bəzilərinə macəradır.

Həqiqət yazılan kitab insana bilgi verən, elm qapısını göstərəndir. Kimisinin duyğularını tökdüyü, kimisinin oxuyarkən, kimisinin yazarkən vaxtını dəyərləndirdiyidir.

Kitab yazmağı, oxumağı, düşünməyi, sual verməyi, suala cavab tapmağı, həyatı, insana insaniyyəti öyrədəndir…