Zəngin tarixə malik Azərbaycan mətbuatını araşdırdıqda həmin dövrün tarixi reallıqları, problemləri, dəyişiklikləri, o cümlədən bu mətbu nəşrlərin ərsəyə gəlməsində qarşıya çıxan çətinliklər, onları dəf edən klassiklərimizin əziyyəti göz önündə canlanır.
XIX əsrin sonu – XX əsrin əvvəllərində dünyada mətbuatın sürətli inkişafı, onun ictimai rəyə təsir imkanlarının artması müşahidə olunurdu. Jurnalistlərin fəaliyyəti genişlənir, jurnalistikanın, mətbu sözün əhəmiyyəti artırdı. Bütün bunlar – digər ölkələrdə çap olunan mətbu orqanlar və gedən proseslər Azərbaycana, publisist, müxbir kimi fəaliyyət göstərən ziyalılarımıza ciddi təsir edirdi.
Dünyada mətbu fəaliyyətin güclənməsi, sözün qüdrətinin artması Azərbaycan ziyalılarını da ilhamlandırırdı. Lakin ХIX əsrin sonu – XX əsrin əvvəllərində yerli mətbuata, onun materiallarına nəzər saldıqda klassiklərimizin xarici təsir altında qalmadıqlarını, Azərbaycan mətbuatının özünəməxsus inkişaf yolu keçməsi üçün təqdirəlayiq çalışmalara imza atdıqlarını, milli olmaqla yanaşı, çoxşaxəli adlandıra biləcəyimiz mətbuat ənənəsi yaratdıqlarını söyləyə bilərik. O dövrdə çap olunan mətbuat nümunələrimizin şaxəli olmasını sübuta yetirmək üçün çoxsaylı misallar çəkmək olar. Həmin vaxt mövcud olmuş mətbuat nümunələrimizin tədqiqatını apardıqda jurnalistika aləmində cərəyan edən hadisələri, bu hadisələrin səbəbkarlarının yaradıcılıqlarını, onların davamçılarının fəaliyyətini diqqətlə izlədikdə çoxşaxəliliyin, mövzu əhatəliliyinin şahidi olursan. Klassiklərimizin təbliğatının kökündə millətinə, dövlətinə sevgi aşılamaq, öz dininə, əxlaqi-mənəvi dəyərlərinə rəğbət oyatmaq, siyasi prosesləri geniş kütlələrə doğru şəkildə çatdırmaq, problemlərə tənqidi-satirik yanaşma sərgiləmək, demokratiyanın, söz azadlığının tərənnümü və s. ən müxtəlif məqamlar olsa da, hər birini birləşdirən əsas amal – millətini maarifləndirmək, onun oyanışına xidmət dayanırdı. Yəni əsas mübarizə millətinin imzasını dünya millətləri sırasına çıxarmaq idi. Klassiklərimiz bunu kütlələri maarifləndirmək yoluyla, əsasən, mətbuat (həmçinin teatr, məktəb, xeyriyyə cəmiyyətləri və s.) vasitəsilə aparılan güclü təbliğatla həyata keçirməyin mümkünlüyünü anlayırdılar.
Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin min bir çətinliklə, yaranan çoxsaylı problemləri qəhrəmancasına dəf etməklə “Əkinçi” qəzetini ərsəyə gətirməsi onun bu ideyanın, qayənin təsiri altında olduğunu üzə çıxarır. Zərdabi bu etirafı vaxtilə “Xeyriyyə Cəmiyyəti” yaratması, lakin bununla insanlara təsir edə bilməməsini, sonradan kağız vasitəsilə öz fikirlərini insanların evinə çatdırmağın daha asan olmasının mümkünlüyü ilə izah edir. Hətta o, “Cüzi su şırnağı zaman keçdikcə onun altına qoyulmuş böyük daşı dəldiyi kimi, haqq söz də tədricən insanın beyninə yeriyərək, nəhayət, onun şüuruna təsir göstərir” deməklə bu yolda inadlı, davamlı fəaliyyətin tərəfdarı olduğunu göstərirdi. Ona görə də ziyalılarımız hər vasitə ilə mətbu orqan nəşr etməyə, bu üsulla insanları maarifləndirməyə, millətinin gözünü açmağa çalışırdılar. İnsanların şüurunun formalaşmasında, dünyada baş verən hadisələrdən xəbər tutmasında mətbuatın oynaya biləcəyi rolu düzgün dərk edən publisistlərimiz göstərilən istiqamətdə hərtərəfli işlər görmüşlər. Azərbaycan mətbuatın təsis edilməsində, onun daha geniş şəkildə yayılması sahəsində rus, gürcü, hətta mənfur erməni qonşularımızdan geri qalsa da, dövrün qabaqcıl azərbaycanlılarının fədakarlığı, mübarizliyi, cəsarəti sayəsində qəzet, jurnal çapı sahəsində önəmli irəliləyiş əldə etdi.
Maraqlıdır ki, XIX əsrin 60-cı illərinin əvvəllərində Qafqazda nəşr olunan mətbuat orqanlarının sayı cəmi beş idi. Azərbaycanda isə heç bir mətbu orqanı fəaliyyət göstərmirdi. Yalnız Rusiya və xaricdən müəyyən miqdarda qəzet, jurnal, kitab gətirilirdi. Əhalinin az da olsa ziyalı oxucu qismi üçün informasiya mənbəyi məhz həmin nəşriyyat məhsulları idi. Belə acınacaqlı vəziyyətin yaranmasında, əlbəttə ki, çarizmin müstəmləkə siyasəti aparıcı rol oynayırdı. Türk və müsəlman əhalinin inkişafını istəməyən Rusiyanın hakim dairələri buna rəğmən xristian həmrəyliyi göstərərək gürcülərin, ermənilərin maariflənməsində gördüyü işlərə nəinki göz yumurdular, hətta müəyyən dərəcədə şərait də yaradırdılar. Bu da, öz növbəsində, türk millətinin aparıcı şəxsləri olan ziyalıların mətbu orqan təsis etmək, teatr yaratmaq, kitabxanalar açmaq və milləti maarifləndirmək sahəsində görmək istədikləri işləri xeyli çətinləşdirirdi. Lakin bunlar millət fədailərini öz yolundan döndərə bilməzdi və döndərə bilmədi də.