Ədəbiyyat

MAYIS DUYĞULARI

İlk çağındaydı gözəl mövsimin,
Qışdan çıxılmışdı, bahar gəlmişdi.
İyirmi səkkizində idi mayısın,
Azərbaycan istiqlalə ərmişdi.

Derkən qopdu bir qasırğa quzeydən,
Baharımız, heyhat, döndü qış oldu.
Azərbaycan Moskovların əlində
Əsarətin zəhrini dadmış oldu.

Azərilər sarsıldı bu zərbədən,
İstilaya qarşı üsyanlar oldu.
İstiqlalı bir kərə dadmış millət
“Hürriyyət” fikrinə candan vuruldu.

Milli fikir toxumları səpildi,
İslatdı torpağı axan qızıl qan.
Bu əkindən yarınki bir baharda,
Əlbət, bitər bir yeni Azərbaycan.

Şiddətliysə əgər mövsimin qışı,
Yeni bahar, demək, parlaq olacaq.
Verdiyimiz qurbanların bahası
Bizə yalnız hürriyyətlə dolacaq.

Tarixin yeni bir gözəl çağında
Qaranlıq qış keçib bahar gələcək.
Hər hansı bir ilin aydın günündə
Azərbaycan istiqlala ərəcək…

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ