Aktual Arzu Həsənzadə Füyuzat 129

Mediada çərçivələmə metodu

Öncəki yazımızda qısaca toxunduğumuz çərçivələmə nəzəriyyəsinin praktikada hansı formada tətbiq olunduğunu Əli bəy Hüseynzadənin təcrübəsində izah etməzdən əvvəl nəzəriyyənin müəyyən faktorlarını, əslində, onu istifadə edən media mənsubunun təyin etdiyini vurğulamaq istərdik. Belə ki, media mənsubları baş verən hadisələrdə öz istədikləri hissələri ön plana çıxarar və təqdim edərlər. Bu həm də həmin media mənsublarının təmsil olunduqları media qurumunun hansı istiqamətdə ixtisaslaşdığını istifadəçilərə aydınlaşdırır. Bir növ bu metod media qurumunun yol xəritəsini öncədən aydınlaşdırdığı üçün ona olan etibarlılıq və güvən də həmin metoda görə müəyyənləşmiş olur. Bu metodun istifadəsindən asılı olaraq media qurumuna olan ətraf münasibət formalaşır. Pozitiv və neqativ çərçivələmə metodu burada meydana çıxır ki, media istifadəçisinin məlumatı hansı formada dərk prosesi, ona reaksiyası bu iki əsasdan – pozitiv və neqativ çərçivələmədən asılıdır. Məsələn, Əli bəy Hüseynzadənin təcrübəsində millətin oyanışında tənqiddən istifadə etdiyi kimi, daha çox çıxış yollarını millətimizə təqdirləri ilə təqdim etməsində, insanımıza yol göstərməsinin nümunəsində neqativ və pozitiv çərçivələmənin örnəklərini göstərə bilərik. Əslində, həm tənqidi, həm də təqdiri ilə bir qayəyə xidmət edirdi: millətin oyanışına, tərəqqisinə.

Dahi ideoloqa görə, hər şeydən əvvəl xalqı qəflət yuxusundan ayıltmaq lazım idi. Ona görə də “Siyasəti-fürusət” əsərində oxuculara belə bir mesaj ötürür: “Əzizlərim, cümləniz xabi-qəflətdəsiniz!” “Azərbaycanda düşündüklərim” yazısında isə belə deyir: “Bu gün Anadolu öz hərbi üstünlük və xüsusiyyətləri sayəsində Azərbaycanı ən mənfur bir əsarətdən xilas edir və bu müqəddəs ölkədə qanını axıdır. Lakin sabah da Azərbaycan öz iqtisadi mənbələri və tərəqqi etmiş ticarəti sayəsində Anadolunu iqtisadi səfalətdən xilas edə bilər”. Birinci nümunə neqativ çərçivələmə, ikinci nümunə isə pozitiv çərçivələmədir. Hər iki qeyd, əslində, yol göstəricisidir;  eyni amala xidmət edir. Hər iki cümlənin alt qatında birliyə çağırış var. Birində millətin vəziyyətini tənqidi nöqteyi-nəzərdən anlatmaqla, əskiklərinə vurğu etməklə, digərində üstünlüklərinə toxunmaqla oyanışa, birliyə və həmin birliyin strateji əhəmiyyətinin vacibliyinə çağırış və yanaşma metodunu ortaya qoyur.

Qeyd edək ki, xəbəri millətin mənfəəti doğrultusunda olduğu kimi çatdırmaq, insanları yanıltmamaq, onların hadisələri doğru idrak etməsi üçün xəbəri verməklə kifayətlənməyib ona müfəssəl izahlar, rəy əlavə etməyi vacib bilən Əli bəy Hüseynzadənin çərçivələmə metodu ideoloji cəhətdən forma qazanıb. Yəni o yazıları ilə sadəcə bir məlumat ötürməyib, verilən xəbərin, məlumatın həm də maarifləndirmək missiyası daşıdığını öz fəaliyyət nümunəsində bizə göstərib.

Əli bəy Hüseynzadə vətənimiz üçün önəmli və prioritet hesab etdiyi mövzuların oxucular üçün də prioritet təşkil etməsinə əhəmiyyət verirdi. Bunun üçün “gündəm maddəsi” üsulunu icra edirdi. Yəni gündəmdə olan mövzunu kateqoriyalaşdırırdı. Onun sıralamasında siyasi və mənəvi-ideoloji xətt birinci idi və həmin mözvuları seçib, bundan əvvəlki yazılarda qeyd etdiyimiz qaydalardan istifadə edərək oxucunu düşündürüb gündəm formalaşdırırdı. O özünün ideoloji çərçivəsi ilə sadəcə məlumat ötürmürdü. Həmin məlumatın müəyyən nəticələr doğurması üçün təhlil edib oxucuya təqdim edirdi. Bu təhlillər gündəmin formalaşmasında aparıcı rol oynayırdı.

Davamı…