Elmin Nuri Köşə Yazıları

Məktəblərdə ekologiyanı necə sevdirməli? – faydalı metod və yanaşmalar

Giriş üçün – COP29

Artıq bir nüçə gündür ki, Azərbaycan bütün dünyanın diqqət mərkəzindədir. Bir çox dövlətlərin prezident, vitse-prezident və baş nazirlərinin, səlahiyyətli təmsilçilərinin, 196 ölkədən 80 minə yaxın insanın qatıldığı COP29 hazırda beynəlxalq medianın da əsas gündəm mövzularından biridir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyinin edilməsi, həqiqətən də, ölkəmizin ekoloji təfəkkürünün, “Yaşıl dünya” missiyasının əsas daşıyıcılarından biri kimi bütün dünyaya tanıtmaqdadır.

Ekoloji şüur və onun təhsildəki yeri

Ekoloji şüur – hələ ötən əsrin 70-ci illərindən dünya elmi ədəbiyyatında meydana gəlmiş və ətraf aləmin mühafizəsi istiqamətində qlobal ideyaların təbliğ və təşviqini əhatə etmişdir. İnsan-təbiət, cəmiyyət-təbiət əlaqələrinin sistemli öyrənilməsi, onların bir-biri ilə qarşılıqlı vəhdətdə olma prinsipi ekoloji təfəkkürün əsas komponentlərindəndir.

Ekoloji şüur və onun təbliği üçün isə əsas istiqamətverici qüvvələrdən biri məhz təhsil olmuşdur. İnsanın şəxsiyyətyönümlü inkişaf konturlarını cızan və onu cəmiyyətə məhz bu prinsiplərin daşıyıcısı rolunda təqdim edən təhsil insan və ətraf mühit münasibətlərinin qarşılıqlı inkişafı üçün də yararlı mexanizm rolunu oynaya bilmişdir.

Ekoloji şüur anlayışının uşaq yaşlarından formalaşmalı olduğunu nəzərə alsaq, bu məsələdə atılmalı olan ilkin addım kimi məktəblərdə ibtidai siniflərdən etibarən ekologiya adlı ayrıca fənnin tədrisini qeyd edə bilərik.

Uşaqlarda ekoloji şüurun formalaşmasında bu fənnin şüuraltı təlqin və təsirləri müstəsna əhəmiyyət daşısa da, təəssüf ki, tədris proqramlarımızda ayrıca fənn bloku kimi dəyərləndirilməmişdir. Doğrudur, ekologiya fənni inteqral elm olduğundan – yəni onun tərkibinə kimya, biologiya, coğrafiya, fizika kimi elmlər daxil olduğundan bu fənn dünyanın bir çox ölkələrində həm də adıçəkilən sahələrlə birlikdə hazırlanmış vahid fənn kurikulumunun tələb və standartları əsasında, inteqrativ formad tədris olunmaqdadır.

Fənnin tədrisində rastlanan bir başqa metod isə ona aid olan mövzuların adıçəkilən fənlərin tədris proqramı daxilində keçirilməsidir. Ölkəmizdə də məhz bu metoddan istifadə olunur və məktəblilərin ekoloji maarifləndirilməsi həyat bilgisi, biologiya, coğrafiya, kimya kimi fənlərin kurikulumunda nəzərdə tutulur. Amma predmetin ayrıca fənn kimi tədrisi şagirdlərlə ekoloji şüuru, yaşıl təfəkkürü artırmağın əsas modulu kimi dəyərləndirilməlidir. Hazırda ölkənin orta ümumtəhsil seqmentində ekologiya ayları, nəzəri-praktiki təlimlər keçirilsə də, ekoloji şüurun sistemli formalaşdırılması üçün ayrıca fənnin müstəsna rolu ola bilər. Amma təbii ki, təhsil sahəsində bu istiqamətin inkişaf etdirilməsi, şagirdlərdə təbiətə, ətraf mühitə sevgi və mühafizə istəyinin formalaşdırılması üçün təkcə hər hansı fənnin tədrisi kifayət etmir.

Təhsildə maraqlı ekoloji yanaşmalar

Beynəlxalq təcrübədə ekoloji təhsilin tədqiqi ilə bağlı bir çox maraqlı yanaşmalar var. Həmin nəzəri yanaşmalar təhsil-ekologiya ikilisinin qarşılıqlı əlaqəsini özündə mükəmməl şəkildə əks etdirən nəzəri-praktiki prinsiplərdir. Onların bir neçəsini təqdim edirik:

“Reggio Emilia” yanaşması – dünyanın bir çox ölkələrindəfəaliyyət göstərənekoloji mədəniyyət məktəblərində “Reggio Emilia” yanaşması tətbiq olunur. Bu yanaşma uşaqları təlim prosesində fəal iştiraka həvəsləndirməklə yanaşı, ekoloji tədrisə aid nəzəri bilgilərin birbaşa ətraf mühitlə qarşılıqlı əlaqəsi, praktiki bacarıqların tətbiqinə də səsləyir. Burada “Reggio Emilio” yanaşması şagirdlərlə özlərini ifadə etməyə və yaradıcılıqlarını inkişaf etdirməyə də imkan verir;

“Valdorf təhsili” – ekoloji təhsildə ən faydalı və məşhur nəzəri-praktiki yanaşmalardan hesab edilir. Bu təhsil metodunda şagirdlərdə təbiətə, ətraf mühitə fərqli münasibət və dəyərləndirilmə aşılanır. Şagirdlərin ətraf mühitə, ekoloji şüura olan bağlılığı burada incəsənət, sənətkarlıq, musiqi vasitəsilə əlaqələndirilir və onların emosional zəka ilə sosial bacarıqlar paralel şəkildə gücləndirir;

“Montessori” təhsili – ekoloji təhsili inkişaf etdirmək üçün tətbiq olunan metodların ən məşhurlarından biridir. Yanaşma uşaqlara sərbəst və rahat şəkildə öyrənmə prinsiplərini təşviq edir və onların özünü tənzimləmə bacarıqlarını təkmilləşdirir. Bu metoda əsasən şagirdlər sərbəst şəkildə seçim edə, araşdıra və datalar, proseslər arasında qarşılıqlı əlaqə qura bilərlər. Özgüvən və nizamlılığı artıran bu meyarlar ekoloji mədəniyyət məktəblərində ən faydalı tətbiqlərdən hesab edilir.

“Hayskop” yanaşması – Ekologiya Məktəblərində uğurla tətbiq olunan bu metod uşaqların ətraf mühitin mühafizəsi məsələlərində fəal iştirakını bütünlüklə təcrübi əsaslarla həyata keçirir. Bu yanaşma əsasında uşaqlar Yer planeti və onun qlobal problemləri barəsində təcrübi oyun və təlimlərə cəlb olunurlar. Bu zaman şagirdlərdə planet və onun problemləri ilə bağlı planlaşdırma, icraetmə, nəticələri qiymətləndirmək və fikirlərini ifadə etmək bacarıqlarını inkişaf etdirməyə kömək edir.

Demokratik məktəblər və meşə məktəbləri – şagirdlərdə ekoloji düşüncəni inkişaf etdirən bu cür xüsusi məktəblər də mövcuddur. Ekoloji Mədəniyyət Məktəbləri ora cəlb olunan uşaqlara qərar qəbuletmə proseslərində iştirak etmək və fikirlərini sərbəst ifadə etmək imkanı verir. Burada şagidlərə həmçinin uşaqlara təbiətlə əlaqə saxlamağa və təbii mühiti kəşf etməyə imkan verən meşə məktəbi təcrübəsi təqdim edilir.

Göründüyü kimi, dünya təhsili özünün çağdaş yanaşmalar paketində ekoloji təfəkkür və onun şagirdlər arasındakı təbliğinə xüsusi önəm verir. Həm birbaşa tədris prosesində, həm də dərsdən kənar fəaliyyət proqramında ekoloji məsələlər prioritet hesab edilir. İnanırıq ki, bizim orta ümuntəhsil müəssisələrimizdə də hər iki istiqamətdə – tədris və tədrisdən kənar və hər iki formada nəzəri-praktiki ekoloji təbliğat uğurla təşkil olunacaqdır.