İki əsrdir ki, qlobal siyasətdə dominantlığını mühafizə edən millətçilik anlayışı və onun mahiyyətinin nə olduğu tədqiqatçılar və filosofları məşğul edir. Nəzərə alanda ki, 200 ildir siyasi xəritədə baş verən dəyişikliklər məhz millətçi siyasətlə mümkün olmuşdur, o zaman bu suallar da başadüşüləndir. Millətçiliyin, millətin nə olduğunu anlamaq üçün onunla bağlı nəzəriyyələri (Miroslav Hrox, Ernest Gellner, Erik Hobsbavm, Benedikt Anderson, Entoni D.Smit) oxumaq əvəzinə, Dante, Monten, Lüter və digər modern mütəfəkkirləri oxumaq lazımdır. Çünki millətçilik nəzəriyyələrini oxumaqla sadəcə akademik, elmi məqalə yazmaq olar. Lakin onu anlamaq, qavramaq üçün millətçiliyi doğuran renessans, coğrafi kəşflər, elmi inqilablar, ardınca Fransa və Amerika inqilabları haqqında düşünmək lazımdır. Renessans dövrü əsərlərində insan formunun səssizcə doğuşunu müşahidə etmək mümkündür. Ardınca Dekart, Lokk, Kant kimi modern filosofları mütaliə edərək millətçiliklə bağlı fikirlər ortaya qoyula bilər. Bu mövzuda aparılan intellektual mühakimə hər hansı ideoloji təsirdən uzaq olacağı üçün tərəfdar və əleyhdarlarının rəğbətini qazanmayacaqdır.
Son təhlildə millətçiliyin bir ideologiya olaraq həm fiziki (coğrafi), həm də zehni (mentalitet) baxımdan Avropanın məhsulu olduğunu demək mümkündür. Çünki yeni dünyanı Avropa kralları adına avropalılar kəşf (istismar) etdiyi kimi, yeni biliyi də avropalılar (F.Bekon) yazmışdır. Yəni Karl Şmidtin anlayışları çərçivəsində ifadə etsək, modern insanın torpaq üzərindəki hakimiyyətini ifadə edən suverenlik avropalı filosofların mətnlərində təşəkkül etmişdir. Aristotelin “Nikomax etikası”nda dediyi kimi, bütün fəaliyyətlər, tədqiqatlar bir yaxşının əldə olunmağına əsaslanmışdır. Bu yaxşı anlayışı modern dövrdə dinin kilsənin sərhədlərinə həbs edilməsi ilə insan formunda və onun seçə və rədd edə bilən ağlında təcəssüm etmişdir. Bu çərçivədə modern dövrün ictimai, siyasi baxımdan yaxşı anlayışının millətçiliyə və ya millətə əsaslanan milli dövlətdə ortaya çıxdığını əsaslandırmaq mümkündür. Bu gün də millətçilər orta əsrlərdə kilsənin düşündüyü kimi, millətçiliyin dəyişməyəcəyini iddia edirlər. Əslində, bu iddianı irəli sürənlər Kantın “Aydınlanma nədir?” (1784) məqaləsindəki yetkin olmamağa and içənlərdir. Yəni dəyişməyən təslim olmaq, sədaqət kimi anlayışlardır. Halbuki millətçilik dövrün yenilikləri qarşısında müəyyən dəyişikliklər yaşayır. Postmodernizm, neoliberalizm, qlobal köç, texnoloji inkişafın gündəlik həyatın parçası olması kimi yeniliklər millətçiliyi də çevrilməyə məruz qoyur. Misal üçün, dövlətlər sadalanan çağırışlar (challenges) qarşısında millətlərdən, yəni demokratiyadan, insandan imtina edərək dövlət mərkəzli bir millətçiliyi mənimsəyirlər (Bünyamin Bezci. “Yükselen “Nation” değil, “Nomos”tur).
Millətçilik eyni zamanda Homerdən bəri insana biçilən sosial varlıq olma və bunun üçün necə davranmalı olduğu fikrinin modern təzahürüdür. Məsələn, Yusif Akçuranın türkçülüyün manifesti olaraq qəbul edilən “Üç tərzi-siyasət” (1904) adlı əsərində osmanlıçılıq, islamçılıq və türkçülük müqayisə edilərək türklər üçün yaxşının, əslində, türkçülük olduğunu irəli sürmüşdür…